Yazardan bir-iki söz
Tarixi
bir kitab üzərində son həftələr gərgin işlədiyimə görə
"Azərbaycan müəllimi" qəzetində çar dönəmində
Sankt-Peterburqda ali təhsil almış yurddaşlarımız
haqqındakı silsilə yazılarıma ara verməli oldum. Həmin
yazılarla bağlı Azərbaycanın, demək olar ki, hər
guşəsindən müəllimlərdən və sıravi oxuculardan mənə
gələn çoxsaylı telefon zənglərindən birinin yiyəsi
soruşdu: "Dünənki ziyalılarımızı bizə
tanıtmağınızı alqışlayırıq, ancaq bizdə qürur hissi
oyandıracaq bugünkü aydınlarımızdan niyə yazmırsınız?".
Düşündüm, düşündüm və qərara gəldim ki, dünyanın hər
yerində yurdlaşmış, qanı Azərbaycandan olan, canı bu
Vətənə bağlı görkəmli alimlərdən də yazım. Bu alimlərin
bəzilərinin babası, bəzilərinin atası, bəzilərinin də
özü haçansa Azərbaycandan uzaq-uzaq ölkələrə köçüb gedib,
orada məskən salaraq işləyib. Buna baxmayaraq onlar
Azərbaycana müqəddəs sevgi bəsləyir, övladlarına da bu
sevgini aşılayır, Azərbaycan üçün nəsə faydalı bir iş
görməyə çalışırlar. Onlar haqqındakı yazılar üçün
"Azərbaycan qanlı, Azərbaycan canlı aydınlarımız"
rubrikasını açmağı gərəkli saydım. Bundan sonra,
inşallah, oxucularımıza həm dünənin, həm də bugünün
milli ziyalılarını tanıdacağıq.
Yeni rubrikadan ilk yazımız Azərbaycanın böyük dostu,
dünya şöhrətli cərrah, professor İbrahim Yıldırım’a
həsr edilib. Onunla "Azərbaycan müəllimi"nin oxucuları
artıq ötəri tanışdır. Qəzetimizin builki 30 mart tarixli
sayındakı "Professor İbrahim Yıldırımdan ərməğan"
yazımızda onun haqqında qısa bilgi vermişdik.
Azərbaycandan Amasyaya...
Çar dönəmində siyasi təqiblər və başqa amillər üzündən
Azərbaycandan qardaş Türkiyəyə - o zamankı Osmanlı
imperatorluğuna köçənlərin çoxu Amasya’da
yerləşib. Bu gün Türkiyənin ən məşhur estetik
cərrahlarından olan Prof. Dr. İbrahim Yıldırımın ulu
babası Sarı Qulu da eyni taleyi yaşayıb. O,
1898-ci ildə Qazax elindən gedərək bu torpağı
özünə məskən seçib. Burada onun oğlu İbrahim,
nəvəsi İsmayıl və nəticəsi - yazımızın qəhrəmanı
İbrahim dünyaya gəliblər. Babasının adını daşıyan
İbrahim 20 noyabr 1938-də Merzifon’da
doğulub. Merzifon bu gün Amasya ilinin (qəzasının) 7
ilçəsindən (rayonundan) biridir.
İbrahim
bəy Qırıqqala və Merzifon ibtidai məktəbində, Merzifon
orta məktəbində, Trabzon liseyində oxuyub.
Tələbəlikdən professorluğa
Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində
çox düşünməyib - babasının yoluyla gedərək həkim olmağı
qərara alıb və İstanbul Universitetinin tibb fakültəsinə
girib. Azərbaycanda da çox gözəl bilirlər ki, Türkiyədə
həkim olmaq hər oğulun işi deyil. Burada öncə altı il
tibb təhsili alır, sonra 6 il də ixtisas üzrə oxuyub
mütəxəssis olurlar. Bunlar da imtahanlar, araşdırma
çalışmaları və dissertasiya hazırlamaqla olur.
Çətin təhsil illərini geridə buraxan İbrahim 1963-də
universiteti başa vurub. Sonrakı 6 ildə o, iki ixtisasa
yiyələnib: 1) ümumi cərrahlıq, 2) plastik, rekonstruktiv
və estetik cərrahlıq. İxtisasları üzrə Türkiyə və
İngiltərədə bu ixtisas və akademik imtahanlarını verib:
1970-də Cərrahpaşa tibb fakültəsində ümumi cərrahlıq;
1976-da plastik, rekonstruktiv və estetik cərrahlıq
(İngiltərə); 1979-da plastik, rekonstruktiv və estetik
cərrahlıqdan yüksək ixtisas imtahanı; 1979-1980-də
plastik cərrahiyyə dosenti; 1988-də plastik cərrahiyyə
professoru. Cəmi bircə cümləyə sığan bu hesabat cərrah
ömrünün 18 ilini əhatə edir və hər ilin özünün nə qədər
çətinlikləri, problemləri olub...
Dünyanın ən məşhur tibb mərkəzlərində
İbrahim bəyin həkimlik fəaliyyəti də doğma İstanbul
Universitetinin Cərrahpaşa tibb fakültəsindən başlanır.
O, burada assistent (1965-1970) və uzman (1970-1972)
kimi işlədikdən sonra Əlazığ hərbi xəstəxanası və Sosial
Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib
(1972-1974). Ancaq o, öz sahəsinin ən yetkin bir uzmanı
olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin
təcrübəsini öyrənməyə can atırdı. Bu məqsədlə də sonrakı
illərdə St. Andrews Plastik Cərrahiyyə Mərkəzində (Billericay-Essex,
İngiltərə; 1975-1977), Edinburq Plastik Cərrahiyyə və
Yanıq Mərkəzində (W. Lothian, Şotlandiya; 1977-1979),
Glasgow Canniesburn Plastik Cərrahiyyə Mərkəzində (Şotlandiya;
1979), St. Thomas xəstəxanasının Plastik Cərrahiyyə
Mərkəzində (London, İngiltərə; 1980) cərrah olub.
Bilgi-görgü
artırma (!) üçün 1980-1981-ci illərdə o, Vyana, İnsbruk
(Avstriya), Münxen, Boxum (Almaniya) plastik cərrahiyyə
mərkəzlərində, Nansi, O’Tool
(Fransa) Əl Cərrahiyyəsi Mərkəzində cərrah olaraq
çalışıb. 1980-2003-cü illərdə İstanbul Universiteti
Cərrahpaşa tibb fakültəsində plastik, rekonstruktiv və
estetik cərrahlıq sahəsində akademik olaraq vəzifə tutub,
minlərcə həkim yetişdirib.
Ən nüfuzlu beynəlxalq və milli qurumların üzvü
Prof. Dr. İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında
bir sıra mühüm vəzifələr daşıyıb və indi də
daşımaqdadır: Avropa Birliyi Tibb Təşkilatı Plastik
Cərrahiyyə Masası EBOPRAS və UEMS-də Türkiyə
təmsilçisi (1987-1993); "Interplast Türkiyə" Dərnəyi
Başqanı (1988-1990); İstanbul Universiteti "Uluslararası
Akademik İlişgilər Kurulu" Başqanı (1993-2003); "Black
Sea Universities Network"da Türkiyə təmsilçisi
(1998-2003); Türk Plastik, Rekonstruktiv və Estetik
Cərrahiyyə Dərnəyi Başqanı (2000-2002); YÖK (Yüksek
Öğretim Kurulu) Universitetlərarası Kurul üzvü
(2000-2003).
Dünya şöhrətli cərrah bu beynəlxalq elmi qurumların
həqiqi üzvüdür: International Plastic,
Reconstructive & Aesthetic Surgery, International
Society of Aesthetic Surgery, American Society of
Plastic Surgery, American Society of Aesthetic Surgery,
British Association of Plastic & Reconstructive
Surgery, Association of Hand Surgery, British
Association of Burn, Interplast International.
Bunlardan başqa o, Türkiyə və Kiprin də bir çox ən
nüfuzlu tibb qurumlarının qurucu üzvü, yaxud həqiqi
üzvüdür. Hörmətli alim Azərbaycan Cərrahlar
Cəmiyyətinin fəxri üzvü (1992), Azərbaycan Tibb
Universitetinin fəxri doktorudur (2001).

Prof. Dr. İbrahim Yıldırım bir sıra qurumlarınsa toplum
yararına görə üzvüdür: Türk Folklor Kurumu (qurucu
üzv, 1964); Merzifon Eyitim, Tanıtım və Yardım Vakfı;
Türk Dil Kurumu "Tibb Terminləri Sözlüyü Çalışma Qrupu";
Trabzon Liseyindən Yetişənlər Dərnəyi və b.
Oxucumuz soruşa bilər ki, cərrah hara, folklor hara?
Bakıda İbrahim bəydən Amasya Türklərinin folklorunu
saatlarca dinləmiş bir adam kimi deyə bilərəm ki, o,
nəinki Türkiyənin, Azərbaycanın da ağız ədəbiyyatını
peşəkar folklorçu səviyyəsində gözəl bilir. Buna onun
heyrətamiz yaddaşı özəl imkan yaradıb.
İngiltərə yarışmasının qalibi
İbrahim bəy bir cərrah olaraq öz gücünü beynəlxalq
miqyasda da sınayıb. Bu baxımdan 1988-ci il onun üçün
daha əlamətdardır. Həmin il o, British Association
of Plastic & Reconstructive Surgery kimi çox nüfuzlu
bir cəmiyyətin keçirdiyi "Yeni Cərrahiyyə Yöntəmləri"
yarışmasında dünyanın bir çox ünlü cərrahlarını geridə
buraxaraq qalib olub! Təbii ki, bu hadisə onun cərrah
nüfuzunu daha da artırıb. O, bir-birinin ardınca
dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa
dəvət edilib. Beləliklə, 1990-1995-ci illərdə ABŞ-ın
Şimali Virciniya, Pittsburq, Pensilvaniya, Stanford,
Almaniyanın Frankfurt, Tailandın Banqkok
universitetlərində mühazirələr oxuyub. Avropa dillərinin
ən önəmlilərini ana dili səviyyəsində bilməsi sayəsində
onun qarşısına heç vaxt dil problemi çıxmır.
O, ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya,
Avstriya, Polşa, Suriya, İraq, Hindistan, Çin, Güney
Koreya, Tailand, Azərbaycan, Gürcüstan, Rumıniya, Kipr,
Kosovo, Honduras, Sinqapur... kimi ölkələrdə dəvətlə və
ya İnterplast çalışmaları çərçivəsində çox sayda
konfrans verib və "workshop"da müəllimlik edib.
İbrahim Yıldırım Azərbaycanda
Öncə Azərbaycan sevgisi İbrahim Yıldırımda yerləşdi,
sonra İbrahim Yıldırım sevgisi Azərbaycanı bürüdü. O,
adını eşidib həsrətini çəkdiyi, üzünü görmədiyi
Azərbaycana ilk dəfə yad torpaqlardan ayaq basmışdı...
Sovetlər Birliyi zamanıydı. SSRİ ilə Türkiyə arasında
mədəniyyət anlaşmalarına əsasən Moskvaya getmişdi.
Oradan 1990-ın oktyabrında Bakıya gələrək noyabrı da
burada qaldı və 20-yə yaxın konfrans verdi.
27-30 oktyabr 1990-da Bakıda keçirilən I Türkiyə -
Azərbaycan Cərrahiyyə Simpoziumu SSRİ-də keçirilən ilk
bu səviyyəli elmi məclis oldu. İbrahim bəy onun işində
yaxından iştirak edib - proqram hazırlayıcısından biri
olub və simpoziumda üç məruzə oxuyub.
Sonra Azərbaycana iki dəfə özünün İnterplast qrupuyla
gəlib. Birinci dəfə 24 may- 5 iyun 1991-də o zamankı
Semaşko (indiki Ağa Musa Nağıyev) adına xəstəxanada
anadangəlmə bədən pozuntuları, yanıq və zədə
çapıqlıqları olan 227 xəstə üzərində cərrahiyyə
əməliyyatı aparıb. Bu əməliyyatların o ağır dönəmdə
təşkili bir nağıla bənzəyir. İnşallah, yəqin ki, İbrahim
bəy bu fədakarlığın şərəfli və olduqca maraqlı, macəralı
tarixçəsini haçansa yazaraq gələcək nəsillərimizin malı
edəcək. Mənsə hələlik bunu bildirim ki, bildiyimə görə,
İbrahim Yıldırım SSRİ dövlətində cərrahiyyə əməliyyatı
aparan ilk türkiyəli həkimdi.
Azərbaycanda ikinci İnterplast fəaliyyəti artıq
müstəqillik dönəminə düşüb. 1994-də Novruz bayramı
öncəsi - 19 martda Bakıya ayaq basan qrup 3 aprelədək
Hərbi Hospitalda olub. Zaman olduqca ağırdı - cəbhədə
qanlı savaşlar gedir, xəstəxana və hospitallar yaralı
əsgərlərimizlə dolurdu. Qarabağ savaşında kimi çənəsini,
kimi burnunu, kimi qulağını, kimi əlini, kimi ayağını...
itirmişdi. Yaralanmış, yanmış, Murovda donmuş
əsgərlərimizin üzərində onlarca əməliyyat və
mikrocərrahi əməliyyat aparılaraq mərd oğullarımızın
ilkin sağlam bədənləri onlara yenidən qaytarılıb.
Bununla kifayətlənməyən İbrahim bəy Türkiyədən və
beynəlxalq qurumlardan Azərbaycana pulsuz dava-dərman
gətirilməsini təşkil edib, Qarabağ müharibəsində
Azərbaycana yardım üçün əlindən gələn hər şeyə əl atıb...
Azərbaycan-Türkiyə Cərrahiyyə Qurultayında da İbrahim
bəy yaxından iştirak edib - proqram hazırlayıcısından
biri olub, bu qurultayda üç məruzə oxuyub.
Ancaq bu misilsiz cərrahın yalnız Azərbaycanda
çalışdığını düşünənlər bərk yanılır - o, İnterplast
çalışmaları və ya "workshop" təcrübələri çərçivəsində
Çin (1 dəfə), Hindistan (5 dəfə), Honduras (1 dəfə),
İraq (1 dəfə), Suriya (1 dəfə) və Rumıniyada (1 dəfə) da
saysız-hesabsız cərrahiyyə əməliyyatları apararaq
minlərcə insana şəfa verib.
Azərbaycanla bağlı araşdırmalar müəllifi
İbrahim bəy fenomenal bir cərrah olmaqla yanaşı, həm də
hərtərəfli inkişaf etmiş çox dərin bilikli alimdir. Saya
gəlməyəcək beynəlxalq və milli elmi qurultay və
konfranslarda məruzələr, çıxışlar etmiş professorun öz
ixtisası üzrə xeyli monoqrafiya və elmi məqaləsi var.
Tibbə aid bir çox elmi monoqrafiyaların ən mühüm
bölümlərini o yazıb. Çalışmaları və yazdıqları
içərisində 450 səhifəlik monumental "Türk plastik
cərrahlığı tarixi" kitabı xüsusi yer tutur.
Azərbaycan oxucuları üçün onun uzun illər boyu
araşdıraraq ortaya qoyduğu "Azərbaycandan Amasyaya
daşınan Türk kültürü və Şirvanlılar" əsəri,
əlbəttə, daha maraqlıdır. Azərbaycanda da nəşr etdirməyi
düşündüyü bu qiymətli əsərdə müəllif orta yüzillərdən
üzübəri qardaş Türkiyəyə köç etmiş yurddaşlarımızın
mədəni irsini ortaya qoymaqla yanaşı, qismən öz soyunun,
Qaçaq Kərəmi müalicə etdiyinə görə sürgünə
göndərilmiş cərrah babasının tarixçəsini də
anlatmaqdadır. Elektron variantını mənə də göndərdiyi bu
yazını oxuyandan sonra müəllifin Azərbaycanı sonsuz
məhəbbətlə sevdiyinə bir daha inandım.
"Şirvanlılar"la kifayətlənməyən alim 13-cü yüzildən
başlayaraq Azərbaycandan Anadoluya getmiş, İstanbulda
yaşamış və oxumuş, Türkiyə mədəniyyətinə böyük töhfələr
vermiş, Türk dünyasında öndər olmuş azərbaycanlılar
haqqında bəlgələrə dayanan sanballı bir kitab üzərində
də çalışmaqdadır. Bu kitabın ortaya çıxması Türkiyə
- Azərbaycan qardaşlığının tarixinin araşdırılmasına ən
dəyərli bir töhfə olacaqdır.
Azərbaycan həkimlərinin gələcək nəslinin atası
Bu ifadəmdə qətiyyən şişirtməyə yol vermirəm. O,
gerçəkdən, Azərbaycandan Türkiyəyə apararaq
gələcəyimizin həkimi kimi yetişdirdiyi tələbələrə doğma
ata qədər qayğı göstərir.
İbrahim bəyin Azərbaycanda çoxlu məşhur qohum-əqrəbası
var və onlarla qırılmaz təmasdadır. O, demək olar ki,
hər yay Bakıya gəlir, ölkəmizi gəzərək onun
gözəlliklərindən zövq alır. Ancaq onu Azərbaycana
bağlayan təkcə qohumluq əlaqələri yox, daha çox tarixi
ana yurduna fayda vermək istəyidir. Dediyimin
gəlişigözəl sözlər olmadığını faktlarla ortaya qoyacağam.
1992-nin noyabr ayında Azərbaycandan 10 tibb tələbəsini
İstanbula aparan İbrahim bəy onlardan 5-ini İstanbul
Universiteti Cərrahpaşa tibb fakültəsində və 5-ini də
İstanbul Çapa tibb fakültəsində yerləşdirib. Həmin
tələbələr ayrı-ayrı ixtisaslar üzrə təhsillərini
bitirdikdən sonra onları Azərbaycana hazır mütəxəssis
kimi göndərib. Bu həkimlər indi xalqımıza xidmət
etməkdədir.
Prof. Dr. İbrahim Yıldırım 2002-də Azərbaycandan 24 tibb
tələbəsi, 3 diş həkimliyi və 2 əczaçılıq fakültəsi
tələbəsi apararaq fakültələrə yerləşdirib, onları
təqaüdlə təmin edib. İndi həmin tələbələrin bir qismi
təhsilini bitirərək uzmanlıq mərhələsindədir, bir qismi
isə tələbəliyini davam etdirməkdədir. Bunlardan 2
tibb tələbəsi uzmanlıq imtahanlarında bütün Türkiyə üzrə
1-ci və 2-ci olub!
Azərbaycanın xoş gələcəyinə öz töhfəsini verməyə ürəkdən
can atan Prof. Dr. İbrahim Yıldırım tək bir şəxs olaraq
öz təşəbbüsüylə Azərbaycandan 2004-cü ildə 20, 2009-cu
ildə 23, 2010-cu ildə 15 tibb tələbəsini (toplam:
92 tibb tələbəsi, 3 diş həkimliyi, 2 əczaçılıq tələbəsi)
Türkiyəyə apararaq həmin 97 tələbəni
İstanbul Universitetində yerləşdirib, onların təqaüd
almasını, yataqxanalara yerləşməsini təmin edib.
Əlbəttə, Azərbaycan tərəfinin də bu işlərə xeyirxah
yanaşması mühüm amildir. Görkəmli alim ölkəmizdəki uyğun
dövlət qurumlarıyla, ilk növbədə, Səhiyyə Nazirliyi və
Azərbaycan Tibb Universitetiylə sıx qarşılıqlı faydalı
əməkdaşlıq qurmağı bacarıb. O, universitetin rektorluğu
ilə tibb təhsili proqramlarının beynəlxalq normalara
uyğunluğu sahəsində də birgə iş aparır.
Sevimli yurddaşımız 11-13 may 2008-də Bakıda "I
Azərbaycan - Türkiyə Plastik Cərrahiyyə Günləri" adlı
qurultayı gerçəkləşdirərək ona fəxri sədrlik edib. Bu
qurultaya Türkiyədən 100-dən artıq plastik cərrah
qatılıb, Azərbaycandan bundan da xeyli çox həkim iştirak
edib.
Son söz
Prof. Dr. İbrahim Yıldırım indi İstanbul Universiteti
Sağlıq Bilimləri İnstitutu ilə Yedditəpə Universitetində
müəllimlik edərək doktorantlara dərs verir, Cərrahpaşa
tibb fakültəsində yaratdığı elmi qurumlarda çalışır. O,
Plastik Cərrahiyyə Dərnəyi Namizədseçmə Kurulunun
başqanı olmaqla həm də özəl müayinəxanasında və özəl
xəstəxanalarda çalışmalarına davam etməkdədir.
Mən onunla İnternetlə tez-tez məktublaşır, ara-sıra
SKYPE-da üzbəüz söhbətləşirəm. Söhbətlərimiz bəzən çox
uzun çəkir. Ancaq hədsiz ünsiyyətcil, zarafatcıl və şən
olduğuna, söhbət üçün hər dəfə ən maraqlı mövzular
tapdığına görə vaxtın haradan gəlib haraya getdiyini
hiss etmirsən. Ancaq söhbətimiz istər iki dəqiqə çəksin,
istər iki saat - qarşımda daim bir AZƏRBAYCAN MƏCNUNU
görürəm!
Görürəm və düşünürəm: o, bizim üçün bacardığı hər şeyi
edir, bəs biz onun üçün nəsə edirikmi?!.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13 |