Bu
barədə Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda 7-9 iyun 2012-ci il
tarixlərdə keçirilmiş II Beynəlxalq elmi konfransda
müzakirələr aparıldı
Konfrans başlamazdan əvvəl iştirakçılar və qonaqlar
Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin abidəsi önünə əklil qoydular. Akademik
Zərifə xanım Əliyevanın da abidəsi ziyarət edildi.
Şəhidlər xiyabanında isə vətənimizin azadlığı uğrunda
həlak olanların məzarları ziyarət olundu. Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda yeni yaradılmış Heydər Əliyev muzey-lektoriyası,
həmçinin institutun fəaliyyətilə tanışlıqdan sonra öz
işinə başlayan "İnnovasiya, təhsilin keyfiyyəti və
inkişaf" mövzusunda II Beynəlxalq elmi konfransı giriş
sözü ilə institutun rektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf Zamanov açaraq konfrans
iştirakçılarını, respublikamızda fəaliyyət göstərən
diplomatik missiyaların nümayəndələrini, elm və təhsil
sahəsində tanınmış mütəxəssisləri və digər dəvətliləri
salamladı. Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Ukrayna
Təhsil Menecmenti Universiteti, Rusiya Federasiyasının
İvanovsk Vilayət Təhsilin İnkişafı İnstitutu, Böyük
Britaniyanın Esseks Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Müəllimlər İnstitutu, Kiyev Vilayət Pedaqoji
Kadrların Diplomdansonrakı Təhsil İnstitutu, Minsk
Vilayət Təhsilin İnkişafı İnstitutu, Belarus
Diplomdansonrakı
Təhsil
Akademiyası və digər ali məktəblərin təmsil olunduğu
Təşkilat Komitəsinə göstərdikləri fəaliyyətlərinə görə
təşəkkür etdi. O, qeyd etdi ki, "İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf" mövzusunda I elmi konfrans 2010-cu
ilin noyabr ayında Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
keçirilmişdir. Asəf müəllim keçirilməsi artıq ənənəyə
çevrilmiş bu konfransların əhəmiyyətindən söz açdı.
Bildirdi ki, ixtisasartırma təhsilinin problemlərinə
həsr edilmiş elmi konfranslar həm də əməkdaşlıq
etdiyimiz Rusiya, Belarus və Ukrayna respublikalarında
mütəmadi olaraq keçirilir. Biz institut olaraq həmin
konfranslarda da əsas təşkilatçı kimi fəal iştirak
edirik. Əldə edilən təcrübə bir daha təsdiqləyir ki,
Avropa təhsil sisteminə inteqrasiya yolunda qarşılıqlı
əməkdaşlıq, təcrübə mübadiləsi və onların tədris
prosesində tətbiqi uğurlu nəticələr verir. İnformasiya
cəmiyyəti şəraitində qarşımıza yeni problemlər çıxır ki,
onları da ancaq birgə geniş əməkdaşlıq çərçivəsində həll
etmək mümkündür. Elə bugünkü konfransın məram və məqsədi
də bundan ibarətdir. Məlumdur ki, hər bir dövlətin
inkişafı təhsilin keyfiyyətindən asılıdır. Lakin bir
reallığı da nəzərdən qaçırmaq olmaz ki, təhsilin
keyfiyyətinə dövlətin iqtisadi inkişafının səviyyəsi də
həlledici təsir göstərir. Bütün bunları müstəqil
Azərbaycan Respublikasının timsalında görə bilərik.
Memarı ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycan
Respublikası bütün çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan
münaqişəsinə baxmayaraq, son illərdə sürətlə inkişaf
edir və inkişaf tempinə görə dünyada lider dövlətlərdən
biridir. Bunu təkcə biz deyil, aparıcı beynəlxalq
təşkilatlar da təsdiqləyir. Məhz bu yüksəlişin
nəticəsində son illərdə təhsilimiz keyfiyyətcə yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur. Təhsilin maddi-texniki
bazası da sürətlə inkişaf edir. Belə ki, son səkkiz ildə
2200-ə qədər orta məktəb binası yenidən tikilib, əsaslı
təmir edilmiş, kompüterləşdirilmiş, demək olar ki, bütün
ali məktəblərin, həmçinin orta ixtisas məktəblərinin
maddi-texniki bazası gücləndirilmişdir. Konfrans
iştirakçıları
və qonaqlar Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində
və 160 nömrəli Klassik Gimnaziyada olarkən bizdə fəxarət
doğuran bu uğurların bir daha şahidi oldular. Bütün bu
proqramların icrası isə birbaşa ölkədə mövcud olan kadr
potensialından asılıdır. Ölkəmizdə intellektual
potensialın inkişafı istiqamətində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları
çoxsaylı sərəncamlar imzalamışdır. Təsdiq edilmiş Dövlət
Proqramına əsasən, 2007-2015-ci illərdə 5000
azərbaycanlı gənc dünyanın aparıcı ali təhsil
ocaqlarında ölkəmizə gərəkli ixtisaslar üzrə təhsil
alaraq yüksək ixtisaslı kadr kimi fəaliyyətlərini davam
etdirəcəklər. Bu da qara qızıl kapitalını insan
kapitalına çevirmək istiqamətində atılan mühüm
addımlardandır.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvündən biri
seçilməsi, böyük 20-liklərin iclasına dəvət almış 10
ölkədən biri olması, həmçinin "Eurovision-2012" mahnı
müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etməsi və
beləliklə də beynəlxalq aləmdə ölkəmizin gündən-günə
artan nüfuzu bütün sahələrdə olduğu kimi, elmin və
təhsilin inkişafına da öz müsbət təsirini göstərir. Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda da təhsilin inkişafı istiqamətində
innovasiyalar tətbiq olunur. Əldə etdiyimiz uğurlar
ölkənin pedaqoji ictimaiyyəti, həmçinin Təhsil Nazirliyi
tərəfindən yüksək qiymətləndirilir ki, bu da bizə
fəaliyyətimizə mənəvi stimul verir. Son dörd ildə
institutun professor-müəllim heyəti tərəfindən ölkəmizdə
və xaricdə nəşr edilən elmi jurnallarda 600-dən çox elmi
əsərin çap etdirilməsi (institut yarandığı 1939-cu
ildən 2007-ci ilə qədər cəmi 110 elmi əsər çap
edilmişdir), xarici ölkələrin 30-a qədər ali məktəbi
ilə əməkdaşlığın həyata keçirilməsi, 7 beynəlxalq elmi
konfransın əsas təşkilatçılarından olması ölkəmizin
Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən
uğurla aparılan xarici və daxili siyasət nəticəsində
mümkün olmuşdur. Bu əməkdaşlıq nəticəsində həyata
keçirilən II Beynəlxalq elmi konfrans da inanırıq ki,
uğurla öz işini başa çatdıracaqdır. Bu işdə bütün
iştirakçılara müvəffəqiyyətlər arzulayıram.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini
Qulu Novruzov çıxış edərək iştirakçılara təhsil naziri,
professor Misir Mərdanovun salamlarını çatdırdı və qeyd
etdi ki, innovativ metodların tətbiqi təhsilin bütün
pillələrinə müsbət təsir göstərir. Öz işinə başlayan II
Beynəlxalq konfrans müzakirə olunan və qəbul edilən
qərarlarla bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha
da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Plenar iclasda Belarusun Azərbaycandakı səfiri Nikolay
Patskeviç, Ukraynanın Azərbaycandakı səfirliyinin I
katibi Anatoliy Maykovskiy, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov, Azərbaycan Respublikası Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev, Minsk Vilayət
Təhsilin İnkişafı İnstitutunun prorektoru Marina
Krasnova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Vüsal İsmayılov, Təhsil Problemləri İnstitutunun
direktoru, professor Abdulla Mehrabov və başqaları
iştirakçılara təbriklərini çatdırıb, uğurlar arzuladılar.
Təbrik çıxışlarından sonra professor Asəf Zamanov "İnnovasiyalar
keyfiyyətin yüksəlməsinə xidmət etməlidir", Ukrayna
Təhsil Menecmenti Universitetinin rektoru, professor
Viktor Oleynik "Ukrayna diplomdansonrakı pedaqoji
təhsilinin modernləşdirilməsi: mahiyyəti və həyata
keçirilmə şəraiti", Kiyev Vilayət Pedaqoji Kadrların
Diplomdansonrakı Təhsil İnstitutunun rektoru, professor
Nataliya Klokar "Avropaya inteqrasiya şəraitində
pedaqoji kadrların peşə səriştəliliyinin
formalaşdırılması" və Ukrayna Pedaqoji Elmlər
Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, professor Valeriy Bıkov "İnformasiya
cəmiyyəti çağırışı və təhsilin
informasiyalaşdırılmasının müasir istiqamətləri"
mövzularında məruzələr etdilər. Plenar iclas məruzələrin
müzakirəsi ilə başa çatdı. Sonra konfrans işini 5
bölmədə - innovasiyalar və ənənələr: təhsilin keyfiyyəti;
təhsilin idarə edilməsi: reallıqlar və perspektivlər;
təhsilin keyfiyyətinin qiymətləndirilməsinin
metodologiyası və texnologiyası; təhsilin keyfiyyətinin
modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi
aspektləri; müasir tədrisin problemləri - bölmələrində
iki gün davam etdirdi. İyunun 9-da keçirilən yekun
iclasda bölmə rəhbərlərinin hesabatı dinlənildi və
müvafiq qərar qəbul edildi. Qərara əsasən "İnnovasiya,
təhsilin keyfiyyəti və inkişaf" mövzusunda III
Beynəlxalq elmi konfransın 2014-cü ilin aprel ayında
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda keçirilməsi
müəyyənləşdirildi.
Konfransın işinə yekun vuran həmsədrlər - professor Asəf
Zamanov və professor Viktor Oleynik çıxış edərək görülən
işlərin nəticələri haqqında məlumat verdilər. Onlar
konfransın işində göstərdikləri yüksək fəallığa görə
iştirakçılara və təşkilatçılara minnətdarlıqlarını
bildirdilər, gələcək fəaliyyətlərində uğurlar
arzuladılar.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim
edildi.
Ədalət DAŞDƏMİRLİ |