İyunun
14-də Bakı Avrasiya Universitetində 15 İyun - Milli
Qurtuluş Günü və bu təhsil ocağının 20 illik yubileyinə
həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin
səslənməsi ilə başladı. Bakı Avrasiya Universitetinin
rektoru, professor Nazim Hüseynli mərasimi açaraq
qonaqları salamladı və onları burada görməsindən məmnun
olduğunu bildirdi.
Rektorun rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında
verdiyi məlumata görə, bu universitet 1992-ci ildə Ali
Diplomatiya Kolleci adı ilə yaradılmış, fəaliyyətinə isə
1993-cü ildən başlamışdır. Ali Diplomatiya Kolleci
2005-ci ildə Bakı Diplomatiya Kolleci, 2006-cı ildən isə
Bakı Avrasiya Universiteti adlandırılmışdır. Yarandığı
vaxtdan indiyədək universitetin bakalavr pilləsini 3109
nəfər, magistr pilləsini isə 200 nəfər bitirmişdir.
Hazırda universitetdə 2 - filologiya və jurnalistika,
tətbiqi elmlər və iqtisadiyyat fakültələri fəaliyyət
göstərir.
Sonra "Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində
dönüş nöqtəsidir" mövzusunda məruzə etmək üçün söz Bakı
Avrasiya Universitetinin prorektoru, hüquq elmləri
doktoru, professor Nazim Cəfərliyə verildi.
Məruzədə qeyd olundu ki, çox təcrübəli siyasətçi olan
Heydər Əliyev hakimiyyətə gələndən sonra azərbaycançılıq
ideyalarının əsası qoyuldu. Ulu öndər hara gedəcəyimizi
dəqiq göstərdi və bunun nəticəsində xalq onun ətrafında
sıx birləşərək milli şüur, milli ruh nümayiş etdirdi.
İnsanlar dərk etdilər ki, hansı böyük faciədən
qurtarıblar və ölkəni hansı istiqamətdə idarə edəcəklər.
Dərhal xalqın maddi rifah halının yaxşılaşdırılması,
iş yerlərinin yaradılması, beynəlxalq əlaqələrin qaydaya
salınması və s. ilə bağlı normativ-hüquqi sənədlər qəbul
olundu. Bunların hamısı o dahi insanın fədakar əməyinin
nəticəsində mümkün oldu. Ümummilli liderimiz Heydər
Əliyevin ən böyük xidmətlərindən biri də layiqli
davamçısını yetişdirməsidir. Bu gün Azərbaycan
Respublikasında ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında ulu öndərin siyasəti uğurla davam
etdirilir.
Sonra monitorda Azərbaycan xalqının dahi oğlu Heydər
Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında videoçarx
nümayiş etdirildi.
Tədbirdə daha sonra universitetin regionşünaslıq və
tətbiqi elmlər kafedrasının müəllimi, professor Hikmət
Rzayevin "Bakı Avrasiya Universitetinin 20 illik
tarixində xarici əlaqələr", Azərbaycan Dövlət Pedaqoji
Universitetinin fəlsəfə kafedrasının dosenti, əməkdar
jurnalist Yasin Qaraməmmədlinin "Azərbaycan və müasir
dünya", Xəzər TV-nin Xəbərlər Departamentinin rəhbəri
İbrahim Bostançının "Milli Qurtuluş Günü türk xalqının
milli sərvətidir" mövzusunda məruzələri təqdim olundu.
Mərasimdə çıxış edən hüquqşünas, tanınmış iş adamı İlham
Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
rəisi Raqif Abbasov, Bakı Asiya Universitetinin rektoru
Cəlil Nağılı, şair İlyas Tapdıq, Nərimanov Rayon İcra
Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Milli
Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Rauf
Zeyni universitetin professor-müəllim və tələbə heyətini
yubiley münasibətilə təbrik etdilər, onlara gələcək
fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar
arzuladılar.
Hicran ƏKBƏROVA |