İyunun 14-də Azərbaycan Müəllimlər İnstitutunda 15 İyun
- Milli Qurtuluş Günü münasibətilə "dəyirmi masa"
keçirilmişdir. İnstitutun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü
ilə açaraq, "dəyirmi masa"da iştirak edən
professor-müəllim heyətini və tələbələri bayram
münasibətilə təbrik etdi. Bildirildi ki, 1991-ci ildə,
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili
vəziyyət dözülməz həddə çatmış və hakimiyyət böhranı
yaranmışdı. İctimai həyatın bütün sahələrində xaos,
hərc-mərclik baş alıb gedirdi. Azərbaycan vətəndaş
qarşıdurması ilə üz-üzə qalmışdı. O acınacaqlı vaxtda
xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi böyük
təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin
1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil
dövlət quruculuğu prosesi başlandı. Ümummilli lider
Heydər Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını ala bildi.
Tədbirdə institutun tədris işləri üzrə prorektoru,
professor Şamil Qasımlı, tərbiyə işləri üzrə prorektor,
siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, dekan,
dosent Telman Haqverdiyev, kafedra müdiri, professor
Ramiz Məmmədzadə bu tarixi hadisə ilə bağlı öz
fikirlərini bölüşdülər. Çıxış edənlər 1990-cı illərin
əvvəllərində gənc respublikamızda rəhbərliyə yiyələnmək
üçün ayrı-ayrı şəxslər və qruplar arasında gedən
mübarizə və 1993-cü il iyunun 15-də ümummilli lider
Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin
sədri seçilməsini şərtləndirən amillər haqqında ətraflı
danışdılar. Onlar tələbələri maraqlandıran çoxsaylı
sualları cavablandırdılar.
Tələbələrdən Nərmin Ərəbli "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin həyat və
fəaliyyəti haqqında", Türkan Abdullayeva "Ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur",
İlkin Əsgərov "Heydər Əliyev və Azərbaycan gəncliyi"
mövzularında məruzə ilə çıxış etdilər. Tədbirin sonunda
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən film nümayiş olundu. |