Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olub

 

İyunun 1-dən 8-dək Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olub.

Nümayəndə heyəti iyunun 4-də 140 min tələbəsi ilə Avropanın ən qədim və ən böyük ali təhsil ocaqlarından biri olan La Sapienza Universitetində olub, rektor Luici Frati ilə görüşüb. Sonra universitetdə rektor və fakültə dekanlarının iştirakı ilə görüş keçirilib.

Görüşdə ötən ilin oktyabrında Azərbaycan universitetləri ilə tanışlıq məqsədi ilə La Sapienza  Universitetindən Bakıya gəlmiş nümayəndə heyətinin üzvləri də iştirak ediblər. Onlar Azərbaycan universitetlərində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

La Sapienza Universitetinin rektoru Luici Frati rəhbərlik etdiyi universitetdə biotexnologiya, baytarlıq, kimya, nanotexnologiya, arxeologiya, iqtisadiyyat və hüquq sahələrinə geniş yer verildiyini deyib. Rektor hazırda Rusiya və Cənubi Koreyada vətəndaşlıq hüququ mövzusunda geniş elmi araşdırmaların aparıldığını bildirib. Universitetdə iqtisadiyyatın idarə olunmasının daha çox diqqət mərkəzində saxlanıldığını qeyd edib. Daha sonra Luici Frati Azərbaycan universitetləri ilə əməkdaşlıq sazişinin imzalanmasının ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağını nəzərə çatdırıb.

Cari ildən başlayaraq xarici ölkələrdən gələn tələbələrin sayını artırmaq məqsədilə La Sapienza Universitetinin tibb və iqtisadiyyat fakültələrində ingilis dilində bölmənin fəaliyyət göstərəcəyi barədə məlumat verən universitet rəhbəri hər iki fakültədə Azərbaycandan olan tələbələrin də təhsil almasından məmnun olacağını bildirib.

Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, azərbaycanlı gənclər İtaliyaya gəlmədən də İnternet vasitəsi ilə təhsil ala, eyni zamanda doktorluq dərəcəsi və ixtisasartırma üzrə italiyalı həmkarları ilə birgə elmi araşdırmalar apara bilərlər. Eyni zamanda bu universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 1919-cu ildə İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu məmnunluqla qeyd edib, ölkələrimiz arasında bütün sahələrdə geniş əməkdaşlığın mövcud olduğunu bildirib. Nazir İtaliyanın ticarət üzrə Azərbaycanla tərəfdaşlıqda birinci yerdə olması haqqında da məlumat verib.

Misir Mərdanov təhsil sahəsində mövcud olan potensialdan  tərəflərin hələ tam şəkildə istifadə edə bilmədiyini və hazırkı şəraitdə bunun üçün geniş imkanların olduğunu söyləyib. Nazir Azərbaycan Tibb Universiteti ilə İtaliyanın Genuya Universiteti arasında Avropa İttifaqının TEMPUS, Erasmus-Mundus və digər proqramları üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və müvafiq çərçivədə yeni sahələr üzrə birgə proqramların davam etdirildiyi barədə məlumat verib.  Təhsil naziri həmçinin Azərbaycanın 3 universiteti ilə əməkdaşlıq müqavilələrinin artıq imzalandığını və yaxın müddətdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə əlaqələrin rəsmiləşdirilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Azərbaycan Dillər Universitetində italyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib. Misir Mərdanov İtaliyaya səfərdən öncə bu ölkənin Azərbaycandakı səfiri ilə görüşdüyünü və yaxın vaxtlarda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir neçə Azərbaycan məktəbində bu dilin geniş tədris olunması üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.   

Sonra Misir Mərdanov 2005-ci ildən Boloniya sisteminə qoşulmuş Azərbaycanın təhsil sahəsində əldə etdiyi yeniliklərdən, bu proses çərçivəsində görüləcək işlərdən danışıb və La Sapienza Universitetinin azərbaycanlı gənclərin xaricdə təhsil aldığı prioritet universitetlər siyahısına düşməsi üçün bütün tələblərə uyğun olduğunu qeyd edib.

Nümayəndə heyəti üzvlərinin təhsil sistemində idarəçilik üzrə qısamüddətli kurslar keçirilməsi təklifi də müzakirə edilib və La Sapienza Universitetinin rektoru tərəfindən əlaqədar şəxslərə əsas ixtisasların siyahısının tezliklə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilməsi tapşırığı verilib.

Daha sonra nazir iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafının yüksək nəticəsi kimi La Sapienza Universitetində azərbaycanşünaslıq kafedrasının yaradılmasının vacibliyindən danışıb. Nazir belə bir kafedranın yaradılması, eləcə də inkişafı üçün hərtərəfli dəstək göstəriləcəyini bildirib. Təhsil naziri Misir Mərdanov La Sapienza Universitetinin rektoru Luici Fratini cari ilin sentyabr ayında Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün  Bakıya dəvət edib.

Rektor Luici Frati Bakıya bu dəvətdən məmnun olduğunu bildirib. Luici Frati Azərbaycan universitetləri ilə daha yaxından tanışlıq və əməkdaşlığın inkişafı baxımından belə bir səfərin səmərəli olacağına inamını ifadə edib.

Sonda rektor Luici Frati azərbaycanlıların İtaliya universitetlərinə  və italyan dilinə marağının artmasına göstərdiyi dəstək və yardıma görə təhsil naziri Misir Mərdanova dərin təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, La Sapienza Universiteti ilə Azərbaycanın bir neçə ali məktəbi arasında əməkdaşlıq sazişi imzalanıb. Bu işdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və səfirliyin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir. Hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə rəsmi əməkdaşlıq sazişinin imzalanması üzrə hazırlıq işləri aparılır.

İyunun 5-də İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüş keçirilib. Misir Mərdanov İtaliya ilə bütün sahələrdə mövcud olan geniş əməkdaşlıqdan danışıb, xalqımızın bu ölkəyə və onun vətəndaşlarına olan hörmətinin təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaratdığını qeyd edib.

Universitetlər arasında mövcud olan əlaqələrdən və əməkdaşlığın inkişafı üçün görüləcək işlərdən bəhs edən Misir Mərdanov La Sapienza Universitetində yaradılacaq azərbaycanşünaslıq kafedrasının gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə biləcəyini söyləyib. La Sapienza Universitetində keçirilən görüşdən razı qaldığını bildirən nazir xaricdə təhsil üzrə Dövlət Proqramı barədə italiyalı həmkarına məlumat verib. Misir Mərdanov İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasının vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib.

Təhsil naziri iki ölkənin alimləri arasında birbaşa əlaqələrin genişləndirilməsinin və yay tətili müddətində hər iki ölkə tələbələrinin səfərlərinin təşkil olunmasının mühüm əhəmiyyətini vurğulayıb. Misir Mərdanov yaxın gələcəkdə Azərbaycan orta məktəblərində italyan dilinin tədris olunması ilə bağlı İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə müzakirələr aparıldığını söyləyib.

İtaliyanın təhsil naziri Françesko Profumo italyan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib və Azərbaycan barədə İtaliya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini nəzərə çatdırıb. Eyni zamanda La Sapienza Universitetində Azərbaycan dili və tarixinin yüksək səviyyədə öyrənilməsinin təşkili məsələsinə toxunan nazir təhsilin digər istiqamətləri üzrə əlaqələrin yaradılması işinə hərtərəfli dəstək veriləcəyini bildirib.

Daha sonra iki ölkənin təhsil nazirləri arasında elm, təhsil, mədəniyyət və texnologiya üzrə 2005-ci ildəki sazişdə nəzərdə tutulan məsələlər (tələbə mübadiləsi, birgə elmi araşdırmalar, elmi konfrans və simpoziumların keçirilməsi və s.) ətrafında müzakirələr aparılıb. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə Florensiya Arxiv İnstitutu arasında qurulmuş əlaqələrin tənzimlənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İtaliya universitetlərinin arasında əlaqələrin yaradılması məsələləri müzakirə edilib.

Misir Mərdanov Azərbaycanla İtaliya arasında təhsil sahəsi üzrə işçi qrupunun yaradılması təklifi ilə çıxış edib.

Görüşdə Azərbaycanla İtaliya arasında təhsil sənədlərinin tanınması məsələsi müzakirə edilib.

Sonda Misir Mərdanov italiyalı həmkarı Françesko Profumonu cari ilin sentyabrında keçiriləcək Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya dəvət edib.

İtaliyalı nazir dəvəti məmnuniyyətlə qəbul edərək təşəkkürünü bildirib.

İyunun 5-də İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Nazir tələbələrlə söhbət edərək onların təhsili ilə maraqlanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində onların üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Həmin gün İtaliyanın Dante Aligyeri İnstitutunun prezidenti Bruno Bottai və baş direktoru Alessandro Mazi ilə görüş keçirilib.

İyunun 6-da İtaliya Senatının təhsil, elm və mədəniyyət komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini nəzərə çatdırıb. Nazir gəlişinin əsas məqsədinin İtaliyanın təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin tədrisi məsələlərinə, bu işin daha ciddi və geniş şəkildə aparılması üçün görüləcək işlərə toxunan təhsil naziri eyni zamanda Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən söz açıb.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.

Senator Quido Possa iki ölkə arasında mövcud olan əlaqələrin yüksək səviyyədə davam etdirilməsi üçün göstərilən səylərə görə təşəkkürünü bildirib. Senator 7-ci təhsil, mədəniyyət, incəsənət və idman daimi komitəsinin sədri olaraq Azərbaycanı bütün sahələrdə dəstəkləyəcəyini nəzərə çatdırıb və təhsil üzrə əməkdaşlığın inkişafında universitetlərarası əlaqələrin inkişafı üçün səy göstərəcəyini və bunun üçün bütün imkanların mövcud olduğunu qeyd edib.

Şərq tərəfdaşlığı iştirakçı ölkələri arasında iqtisadi və siyasi baxımdan Azərbaycanın regionda ən güclü dövlət olduğunu qeyd edən senator İtaliya - Azərbaycan dostluq qrupunun yaranmasına ehtiyac olduğunu vurğulayıb. Azərbaycanın gənclər ölkəsi olduğunu və gələcəyə doğru inamla addımladığını söyləyən senator Quido Possa Azərbaycan dilinin tədrisi üçün layihələr həyata keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb.

Sonda təhsil naziri Misir Mərdanov görüşün yüksək səviyyədə təşkilinə görə senator Quido Possaya və Senat üzvlərinə təşəkkürünü bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov