Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Məktəbdə şahmat bayramı

 

Mayın 24-də Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-liseydə "Şahmat idmanın şahıdır" mövzusuna həsr  olunmuş əyləncəli  şahmat bayramı keçirildi. Məktəbin riyaziyyat müəllimi Muradxan Səfərəliyevin hazırladığı tədbirdə şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət himninin oxunması ilə başladı.  Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı G.Rzayeva  şahmat bayramının təşkil olunmasında xidməti və  əməyi olanlara təşəkkürünü  bildirərək tədbiri açıq elan etdi. O, şahmatın tarixindən danışaraq onun dünyanın ən qədim və maraqlı oyunlarından biri olduğunu, Azərbaycanda da bu oyuna geniş yer verildiyini vurğuladı. Bildirdi ki, gənclərdən S.Xəlilbəyli, A.Zeynallı, V.Bağırov, Ç.Sultanov  və başqaları respublika və beynəlxalq səviyyəli müxtəlif yarışlarda iştirak edərək yüksək nəticələr əldə etmişlər.1980-2000-ci illərdə respublikamızda şahmat getdikcə daha böyük vüsət almış və beynəlxalq ustalar yetişmişdir.

Sonra məktəbin direktoru Rafiq Hüseynov  çıxış edərək idmanın, xüsusən şahmatın əhəmiyyətindən danışdı. Qeyd etdi  ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman və gənclər siyasəti bu gün  möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən   yüksək səviyyədə uğurla davam etdirilir. Respublikanın paytaxtı ilə yanaşı regionlarda da inşa edilən idman-sağlamlıq komplekslərinin sayı durmadan artır. Şabranda da idman sahəsinə böyük diqqət və qayğı var. İdmançılarımız beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. Bu uğurlar şahmat sahəsində də özünü göstərir.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  5 may 2009-cu il tarixli  sərəncamı ilə təsdiq olunmuş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə əlaqədar   Təhsil  Nazirliyi tərəfindən müvafiq işlər görülür. Proqrama uyğun olaraq respublikamızın 75 ümumtəhsil orta məktəbində cari ildə II siniflərin tədris proqramlarına bir saat  şahmat  dərsi salınmışdır.

Dövlət Proqramına uyğun olaraq silsilə   tədbirlərin həyata keçirilməsi, respublikamızda şahmat idman növünün daha da inkişaf etdirilməsi, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şahmatın kütləviliyinə nail olunması məqsədilə 2012-ci ildən başlayaraq rayonumuzda seçilmiş bir ümumtəhsil məktəbində - R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə şahmat dərsləri tədris olunur.

Bununla əlaqədar Respublika Təhsil Nazirliyinin xüsusi  kursundan keçən  ali dərəcəli riyaziyyat müəllimi, şahmat üzrə dəfələrlə rayon  birincisi olmuş, 1-ci dərəcəli şahmatçı Muradxan Səfərəliyev yanvar  ayında xüsusi treninqlərdə iştirak etmişdir.

Həmin vaxtdan məktəb-liseyin ikinci siniflərində şahmat dərsləri müvəffəqiyyətlə keçilir. Bu dərslər valideynlərin və şagirdlərin böyük marağına səbəb olmuşdur. Bugünkü şahmat bayramında uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Məktəb-liseyin  riyaziyyat müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Muradxan Səfərəliyev  şahmatın həm bir oyun, həm elm, həm də idmanın bir növü olduğunu bildirdi. Bu oyun insanı həm mənəvi, həm də zehni cəhətdən  kamilləşdirir. O, son illərdə rayonumuzda şahmat  üzrə xeyli işlərin görülməsinin nəticəsi kimi respublika yarışlarında uğurla iştirak edən Vüsalə, Şölə kimi dərəcəli şahmatçıların yetişməsini bu sahədə uğurlarımızın bariz nümunəsi olduğunu  qeyd etdi.   Şagirdlərin, xüsusən kiçikyaşlıların bu oyuna olan maraq və həvəsindən danışan M.Səfərəliyev bildirdi ki, bugünkü körpə fidanlar gələcəkdə gözəl şahmatçılar kimi yetişəcək,  Azərbaycanı beynəlxalq  şahmat yarışlarında  təmsil edəcəklər.

Sonra II siniflərin komandaları arasında "Şahmat viktorinası" və şahmat üzrə sadə məsələ həlli yarışması keçirildi. Şahmat üzrə viktorinada II "b" və II "ç" siniflərinin komandaları, şahmat üzrə məsələ həlli yarışmasında isə II "a" və II "c" siniflərinin komandaları fərqləndilər. Muradxan Səfərəliyev  rayon şahmat məktəbinin müəllimləri Ramil Səfərəliyev və Çingiz Bağırovdan ibarət münsiflər heyətinin yekdil rəyi ilə hər dörd komanda qalib hesab edildi. Komandaların kapitanları II "a" sinif şagirdi  Fərman Əliyev, II "b"  sinif şagirdi Elmira Şəfiyeva, II "c" sinif şagirdi Elnurə Qəniyeva və II "ç" sinif şagirdi Bahar Mehdiyevaya hədiyyələr verildi.

Sonra bədii əyləncəli hissə başlandı. Bu hissədə VI sinif şagirdi Mələk  Babayeva " Mənim balaca dostum", VI  sinif şagirdi Səbinə Mehdiyeva  "Müəllim" şeirlərini söylədilər.  Balaca şahmatçılar  arasında  milli rəqs müsabiqəsi keçirildi. Kiçikyaşlı fidanlar  milli rəqslərlə qonaqları və tədbir iştirakçılarını salamladılar. IX "c" sinif şagirdi Seymur İsaqovun  ifasında "Azərbaycan" mahnısı dinlənildi, məktəbin şagirdləri vətənpərvərlik ruhunda və şahmata həsr olunmuş şeirlər söylədilər. Sonda şahmata aid məsələləri tez və düzgün həll edənlərə xüsusi həvəsləndirici mükafat və hədiyyə verildi.

Tədbirin sonunda   qonaqlar təəssüratlarını bildirdilər. Rayon şahmat məktəbinin direktoru Ağarəhim Beydullayev Muradxan müəllimə rayonda şahmatın inkişafında göstərdiyi  əməyinə görə Fəxri fərman təqdim etdi. 

Kəmalə  ŞEYDAYEVA,
Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin
dil-ədəbiyyat müəllimi
 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov