Respublikamızın
məktəbli şahmatçılarının hər il Avropa və dünya
çempionatlarında, eləcə də müxtəlif səviyyəli
beynəlxalq turnirlərdə qələbə qazanmaları artıq ənənə
halını almışdır.
Ümumiyyətlə, Azərbaycanda şahmatın və xüsusən də uşaq
şahmatının inkişaf dövrü ötən əsrin 70-80-ci illərində
ümummilli lider Heydər Əliyev respublikaya rəhbər təyin
olunduqdan sonra başladı. Beləliklə, şahmatın inkişafı
üçün hər cür şərait yaradıldı. Elə həmin dövrdən də
Azərbaycanda məktəblilər arasında şahmatın inkişafı üçün
məqsədyönlü işlər görülməyə başlandı.
Şahmatın daha da sürətlə inkişaf etməsi,
şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi
beynəlxalq səviyyədə uğurlarının artması isə ümummilli
lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi
ilə başlandı.
Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycanın
uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova
dövlət qayğısının artırılması haqqında" 22 fevral
1998-ci il tarixli sərəncamı bu iki uşaq şahmatçısı üçün
hazırlanmış xüsusi proqramın tam şəkildə həyata
keçirilməsini təmin etmişdir.
Bunun nəticəsində Teymur Rəcəbov və Vüqar Həşimov Avropa
və Dünya çempionatlarında mühüm qələbələr qazanmışlar.
Həmin ilin yekunlarına görə Beynəlxalq Şahmat
Federasiyasının reytinq-siyahısında Teymur Rəcəbov və
Vüqar Həşimovla yanaşı gənc şahmatçılarımız Qədir
Hüseynov və Rauf Məmmədov da öz yaş qruplarında lider
mövqelərinə yüksəlmişlər. Bu yüksək nəticələri
respublikada ümumən şahmatın inkişafı yolunda mühüm
mərhələ kimi nəzərə alaraq Azərbaycan Respublikası
Prezidenti 18 dekabr 1998-ci il tarixdə "Azərbaycanın
uşaq şahmatçılarına dövlət qayğısının artırılması
haqqında" sərəncam imzalamışdır
Bu
dövrdən başlayaraq ölkəmizdə şahmatın, xüsusən də uşaq
və yeniyetmələr arasında şahmatın inkişafında yeni
mərhələ başladı. Şahmatçılarımızın uğurları və mövcud
potensial şahmat idman növünün gələcək inkişafının təmin
edilməsi istiqamətində görüləcək tədbirlərin həyata
keçirilməsini zəruri etmişdir. Şahmat sahəsində dövlət
siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun
infrastrukturunun daha da inkişaf etdirilməsini,
beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin,
hakimlərin və digər mütəxəssislərin hazırlanmasını
təmin etməklə ölkənin bu sahədə rolunun artırılması
məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu
il mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"
imzalamışdır.
Dövlət Proqramının həyata keçirilməsinə dair Azərbaycan
Respublikası təhsil nazirinin əmrilə Tədbirlər planı
təsdiq edilmiş və uğurla yerinə yetirilməyə başlanmışdır.
Bu istiqamətdə görülən işlər çərçivəsində təcrübə
mübadiləsi aparmaq, seminarlarda iştirak etmək və
hakimlik etmək məqsədilə şahmat məktəblərinin
mütəxəssisləri mütəmadi olaraq Avropa və dünya
çempionatlarına, hakimlik və məşqçilik seminarlarına və
digər tədbirlərə ezam olunmuşlar. Bununla yanaşı, 2009-cu
ildən başlayaraq şahmat məktəbləri direktorları və digər
mütəxəssislərin seminar-müşavirələri keçirilir, onlara
müvafiq təlimatlar verilir və yeniliklərlə tanış
edilirlər. Respublika Şahmat Məktəbi və bir çox şəhər və
rayon şahmat məktəbləri əsaslı surətdə təmir olunub.
Sevindirici haldır ki, Naxçıvan, Neftçala, Xızı, Samux,
Yevlax, Şamaxı, Cəlilabad, Mingəçevir, Ağcabədi, Ucar,
Goranboy və Qazax şahmat məktəblərinin yeni binalarının
açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev
də iştirak etmişdir.
Hazırda
Azərbaycanda 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət
göstərir. Bu məktəblərdə 35 minə yaxın məktəbli məşğul
olur. Məktəblilərimiz hər il müxtəlif respublika və
beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış edirlər.
1992-ci ildən bu günədək uşaq və yeniyetmə
şahmatçılarımız təkcə dünya və Avropa birincilik və
çempionatlarında 203 medal qazanmışlar ki, onlardan 43-ü
qızıl, 31-i gümüş, 29-u isə bürünc medallardır.
Artıq səkkizinci ildir ki, Beynəlxaq Şahmat
Federasiyasının (FİDE) qərarı ilə məktəblilər arasında 6
yaş qrupları üzrə, oğlanlar və qızlar ayrı-ayrı olmaqla
dünya və Avropa çempionatları keçirilir və bu yarış uşaq
və yeniyetmələr arasında ən kütləvi və əhəmiyyətli
yarışlardan biridir.
Qeyd etmək lazımdır ki, respublikamızın şahmatçıları
2007-ci ildən bu yarışlarda iştirak edir və demək olar
ki, müvəffəqiyyətlə çıxış ediblər. Belə ki, 2007-ci ildə
Lənkəran şahmatçısı Cavidan Babazadə, 2008-ci ildə isə
Masallı şahmatçısı Şücaət Orucov gümüş medal, 2009-cu
ildə Yunanıstanın Saloniki şəhərində keçirilən
məktəblilərin dünya birinciliyində Bakı şahmatçıları
Zaur Məmmədov qızıl, Bakı şəhər 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbinin yetirməsi Elxan Bayramov isə
gümüş medal qazanmışlar. 2010-cu il məktəblilərimiz üçün
daha uğurlu olmuşdur. Məktəblilərin dünya birinciliyində
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri Aqil Pirverdiyev, Vüqar
Əsədli və Nərmin Xələfova qızıl medal, Ucar rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Bakı şəhər
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama
Məktəbinin yetirməsi Nərmin Kazımova gümüş medal,
Lənkaran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi
Cavidan Babazadə və Gəncə şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva isə bürünc medal
qazanmışlar. Komanda hesabında isə komandamız çempion
olmuşdur. Həmin il Türkiyənin Kayseri şəhərində
keçirilən məktəblilərin dünya çempionatında Qax rayon
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xanım
Balacayeva qızıl medal qazanmışdır. 2011-ci ildə
Polşanın Krakov şəhərində keçirilən məktəblilərin dünya
çempionatında Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Fərid Aslanov və Ucar rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova qızıl,
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri İzzət Kənan, Oğuz Abışlı
gümüş medal, Aqil Pirverdiyev isə bürünc medal
qazanmışlar. Komandamız yenə də çempion olmuşdur. Həmin
il Türkiyənin Antalya şəhərində keçirilən məktəblilərin
Avropa çempionatında Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirmələri Rəvan Əliyev, İsmayıl Mələk və
Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin
yetirməsi Mətin Mürsəlli qızıl medal, Lənkaran şəhər
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Cavidan
Babazadə gümüş, Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat
Məktəbinin yetirməsi Rauf Murtuzov isə bürünc medal
qazanmışlar. Komandamız isə komanda hesabında 2-ci yerə
layiq görülmüşdür.
2012-ci il də uğurla başlamışdır. Ötən ay Rumıniyanın
Yası şəhərində keçirilən məktəblilərin 8-ci dünya
çempionatında Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin
yetirmələri, 6 nömrəli məktəbin şagirdi Günay Məmmədzadə
qızıl, Nərmin Söyünlü bürünc, Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri 212 nömrəli məktəbin
şagirdi Nərmin Məmmədova gümüş, 136 nömrəli məktəbin
şagirdi Aytən Əmrayeva isə bürünc və Bakı şəhər 2
nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, 7
nömrəli məktəbin şagirdi İsmayıl Şahəliyev və Ucar rayon
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova
gümüş medal qazanmışlar.
Qeyd etmək yerinə düşər ki, yuxarıda adları çəkilən
şahmatçılar təhsil aldıqları məktəblərdə də
müvəffəqiyyətlə oxuyurlar və çoxları dərs əlaçısıdır.
İyunun 12-də Yunanıstanın Halkidiki şəhərində
məktəblilərin Avropa çempionatı başlayır. Bu yarışa
respublikamızdan 13 şahmatçı qatılacaqdır. Ümidvarıq ki,
bu dəfə də məktəbli şahmatçılarımız bizi öz qələbələri
ilə sevindirəcəklər.
Əmin olmaq istəyirik ki, Azərbaycan şahmat
məktəblərinin yetirmələri ümummilli lider Heydər
Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin
şahmatçılar qarşısında qoyduğu məqsədə - dünya şahmat
tacının Azərbaycana gətirilməsinə nail olacaqlar.
İbrahim MƏMMƏDOV,
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini,
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və
idman xadimi,
əməkdar məşqçi |