Məktəb
uşaqlara bilik, savad verməklə yanaşı, onların asudə
vaxtlarının mənalı təşkilində, eləcə də bacarıq və
istedadlarının üzə cıxarılmasında, yaradıcılıq
qabiliyyətlərinin inkişafında da mühüm rol oynayır.
Məktəbdənkənar tədbirlərin keçirilməsi, məktəbdə
viktorina və breyn-rinq bilik yarışmalarının təşkili
şagirdləri yeni biliklər, məlumatlar almağa,
dünyagörüşlərini artırmağa həvəsləndirir.
Müstəqil Azərbaycana bilikli, savadlı gənclərlə yanaşı,
həm də xüsusi qabiliyyətli, istedadlı şagirdlər lazımdır.
İstedadlı şagirdlərin üzə çıxmasında, heç şübhəsiz
məktəbin, müəllimlərin rolu danılmazdır. Belə
müəllimlərdən biri də 30 ildən artıq məktəbimizdə
çalışan, təsviri sənətin incəliklərini sevə-sevə
uşaqlara öyrədən Şirin Quliyevadır. O, şagirdlərə tikiş
tikməyi, toxumağı, təbii boyalarda şəkillər çəkməyi
həvəslə öyrədir. Öz sevimli müəlliminin yolunu şərəflə
davam etdirən ADPU-nun məzunu Aybəniz Pənahova hazırda
məktəbimizdə təsviri incəsənət və rəsmxət müəllimi kimi
çalışır. O, şagirdlərə öz peşəsinin sirlərini öyrətməklə
yanaşı, fərdi yaradıcılığını da inkişaf etdirir.
A.Pənahovanın hələ tələbəlik illərində universitetdə
rəsm əsərləri - qrafika, boyakarlıq, dekorativ tətbiqi
sənət növlərinə aid nümunələrdən ibarət sərgisi təşkil
olunmuşdur.
Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinin elm,
maarif və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi,
memarlıq üzrə fəlsəfə
doktoru Nardanə Yusifovanın rəhbərliyi ilə bir qrup
muzey əməkdaşının məktəbimizə gəlişi də təsadüfi deyildi.
Onlar Aybəniz müəllimin hazırladığı ölkə Prezidenti
İlham Əliyevin və digər şəxslərin portretlərinə,
natürmort, kətan üzərində yağlı boya ilə mənzərə rəsminə,
dekorativ tətbiqi sənətə aid muncuqlarla əl işlərinə,
xalça, kilim, bədii tikmələrə və s. nümunələrə maraqla
baxdılar, təqdim olunan əl işlərini yüksək
qiymətləndirdilər. Qonaqlar həmçinin şagird və
müəllimlərin əl işlərindən ibarət sərgiyə də tamaşa
etdilər. Canlı diskussiya şəraitində keçən tədbirdə
qonaqlar tarix, mədəniyyət və etnoqrafiya ilə bağlı
suallara şagirdlərin verdiyi dolğun cavablardan razı
qaldılar. Muzey əməkdaşları A.Pənahovanın qum şousuna da
maraqla baxdılar. Əvvəlcə iştirakçılara proyektor
vasitəsilə Azərbaycanın xeyriyyəçisi H.Z.Tağıyevlə bağlı
slaydlarla şəkillər göstərildi, məlumatlar verildi.
Məktəbin X sinif şagirdləri Həbib Atakişiyevin vətən
mövzusunda şeiri, Tərlan Qəhrəmanov və Məhəmməd
Bədəlovun peşəkar rəqsləri də tədbirə xoş ovqat qatdı.
Qonaqlar istedadlı şagirdlərin üzə çıxarılmasında onlara
əllərindən gələn kömək göstərəcəklərinə söz verdilər.
Həmçinin məktəbimizin şagirdlərinin istənilən vaxt qrup
şəklində muzeyə ekskursiyalarının təşkili məsələsinə
toxunuldu. Bu barədə məktəbin rəhbərliyi ilə müqavilə
imzalandı. Sonda qonaqlar yaradılan şəraitə, bu gözəl
tədbirin təşkilinə görə məktəbin kollektivinə xüsusi
minnətdarlıqlarını bildirdilər.
Samirə DADAŞOVA,
Bakıdakı Cavid Nurməmmədov adına 108 nömrəli tam orta
məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |