BSU-nun məktəb-lisey kompleksində XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli simalarından biri olan satirik
şair M.Ə.Sabirin 150 illik yubileyi keçirilib. Şagirdlər
ədəbi-bədii kompozisiya hazırlamışdılar. "Çatlayır
Xanbacı qəmdən ürəyim", "Kişi", "Uşaqdır uşağım"
əsərləri şagirdlərin ifasında maraqla qarşılanıb. Şairin
yaratdığı orijinal bədii vasitələr və surətlər, satirik
dialoq və monoloqlar ustalıqla qələmə alındığı kimi
ustalıqla da səhnələşdirilmişdi. Məktəblilər "Millət
necə tarac olur olsun","Fəhlə, özünü sən də bir insanmı
sanırsan?", "Bir cibimdə əskinazım, bir cibimdə ağ
manat" deyən zülmkar mülkədarların iç üzünü obrazlı
şəkildə nümayiş etdirə bildilər. V sinif şagirdlərinin
Sabirin uşaq şeirləri və satiraları əsasında
hazırladıqları kompozisiya şairin yaradıcılığının nə
qədər geniş və məzmunlu olduğunu bir daha sübut etdi.
Tədbirdə xalq artisti, mərhum sənətkarımız Mirzə
Babayevin ifasında M.Ə.Sabirin "Tək səbir", "Oxutmuram,
əl çəkin!" satiralarına bəstələnmiş mahnılarının lent
yazıları da səsləndirildi.
Sifai SƏFƏROVA |