İyunun
1-də Azərbaycan Dillər Universitetində "Germanistikanın
aktual problemləri"nə həsr olunmuş elmi-praktik konfrans
keçirildi.
Konfransda Türkiyə, Avstriya, Almaniya, Rusiya
universitetlərinin germanistika üzrə tanınmış
professorları, Almaniyanın, Avstriyanın Azərbaycandakı
səfirliklərinin nümayəndələri, ADU-nun professor-müəllim
heyəti və tələbələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan ADU-nun alman dili
fakültəsinin dekanı, dosent Sevinc Rzayeva
germanistikanın elm sahəsi kimi daim öndə getdiyini və
indi də aparıcı mövqe tutduğunu qeyd etdi. O, bu cür
tədbirlərin keçirilməsində universitet rəhbərliyinin,
xüsusi ilə də ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidovun dəstəyinin olduğunu konfrans
iştirakçılarının diqqətinə çatdırdı.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov tədbir iştirakçılarını universitet rəhbərliyi
adından salamladı. Belə tədbirlərin keçirilməsində
fakültə və kafedraların təşəbbüs göstərməsinin
sevindirici hal olduğunu deyən D.Yunusov bildirdi ki,
tədqiqat işi ilə məşğul olan daim inkişaf etməli,
araşdırmalar aparmalıdır. Natiq universitet
əməkdaşlarının monoqrafiya və dərs vəsaitləri nəşr
etdirmələrini də yüksək qiymətləndirdi.
Türkiyənin Mərmərə Universitetinin xarici dillərin
tədrisi bölümünün rəhbəri, professor Cemal Yıldız
konfransda iştirak etdiyindən məmnun olduğunu bildirdi.
Türkiyə və Azərbaycan universitetləri arasında
əməkdaşlığın olduğunu və bu əməkdaşlığın inkişaf
etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırdı. O,
germanistikanın Almaniya ilə bağlı olmasına baxmayaraq
İsveçrədə, Avstriyada və digər ölkələrin dilçilik
universitetlərində də tədqiq olunduğunu qeyd etdi.
Bonn Universitetinin professoru Heinrich Kelz həm
Almaniyanın daxilində, həm də bütün dünyada alman
dilinin xarici dil kimi tədrisini təmin etmək qarşıda
duran əsas vəzifələrdən biri olduğunu vurğuladı və
konfransın işinə uğurlar arzuladı.
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Herbert Kvelle ADU-da təhsil alan tələbələrin
alman dilinə böyük maraq göstərdiklərinin sevindirici
hal olduğunu bildirdi.
Avstriyanın ölkəmizdəki səfirliyinin mədəni işlər üzrə
attaşesi Ziqlinde Şpanlanq Avstriya nümayəndələrinin də
konfransda iştirak etmələrindən məmnun olduğunu qeyd
etdi.
Alman dilinin leksikologiyası və üslubiyyatı
kafedrasının professoru Sərxan Abdullayev bilik qazanmaq
üçün daim elmə maraq göstərməyi, elmi inkişaf etdirmək
üçün səy göstərməyin vacib olduğunu vurğuladı. O, alman
dili fakültəsinin buna daim təşəbbüs göstərdiyini
bildirdi.
Konfransda əlavə çıxış edənlər də oldu.
Şakir CƏFƏROV |