İyunun
6-da AMİ-nin Ağcabədi filialında Azərbaycan Müəllimlər
İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlının ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə ithaf olunmuş "Şəxsiyyətin qüdrəti" kitabının
təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru,
professor X.Məmmədov bildirdi ki, ulu öndərin anadan
olmasının 89-cu ildönümü münasibətilə həyata keçirilən
silsilə tədbirlər sırasında bu gün təqdimatına
toplaşdığımız "Şəxsiyyətin qüdrəti" kitabının
özünəməxsus yeri var. Ümummilli liderimiz Heydər
Əliyevin "Şəxsiyyətin qüdrəti" kitabı öz oxunaqlılığı,
tədqiqatının dolğunluğu, mövzusunun aktuallığı ilə
diqqəti cəlb edir.
Ulu öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra kitabın təqdimat mərasimi açıq elan
edildi.
Sonra məruzələr dinlənildi. "Heydər Əliyev sosial-iqtisadi
inkişaf strategiyasının banisidir" mövzusunda məruzə
edən filialın ümumi elmi fənlər kafedrasının müdiri
T.Kərimli kitabın ictimai-siyasi əhəmiyyətindən, ulu
öndərimiz haqqında respublikamızın adlı-sanlı elm
adamlarının və siyasi xadimlərinin fikirlərindən bəhs
etdi. Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi
inkişafında həyata keçirdiyi islahatlar, neft
strategiyası, uğurlu daxili siyasət mexanizmi
məruzəçinin nitqində geniş şəkildə öz əksini tapdı.
Məruzəsinin sonunda T.Kərimli ümummilli liderimiz Heydər
Əliyevin çoxşaxəli fəaliyyətini öyrənmək baxımından
gərəkli mənbə sayılan "Şəxsiyyətin qüdrəti" kitabının
araya-ərsəyə gəlməsində böyük rolu olan siyasi elmlər
doktoru, professor Aqiyə Naxçıvanlıya minnətdarlığını
ifadə etdi.
"Heydər Əliyev və Azərbaycançılıq ideologiyası"
mövzusunda məruzə edən humanitar fənlər və tədrisi
metodikası kafedrasının baş müəllimi M.Səlimov bildirdi
ki, "Şəxsiyyətin qüdrəti" kitabında Heydər Əliyevin
bilavasitə azərbaycançılıq ideologiyasının
formalaşmasındakı xidmətləri haqqında müfəssəl
məlumatlar verilir.
O, məruzəsinin sonunda kitab müəllifini dərin siyasi
əhəmiyyətə malik əsərlər toplusunun işıq üzü görməsi
münasibətilə təbrik etdi və ona yeni yaradıcılıq
uğurları arzuladı.
"Azərbaycan dilinin inkişafında Heydər Əliyev dühasının
rolu" mövzusunda məruzə edən filialın ana dili,
ədəbiyyat və tədrisi metodikası kafedrasının müdiri
Ə.Əliyev bildirdi ki, müzakirəsinə toplaşdığımız bu
kitab Azərbaycan xalqını dünya arenasında tanıdan,
fenomen şəxsiyyət, əvəzsiz siyasi xadim Heydər Əliyev və
onun çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında
yazılmış ən sanballı əsərlərdən biridir.
Məruzəçi, eyni zamanda Heydər Əliyevin ana dilimizin
konstitusion hüquqlarının tanınmasında, Azərbaycan
dilinin dövlət dili kimi qəbul edilməsində tarixi
xidmətlərindən danışdı.
Sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim
Bünyadov, yazıçı-publisist Ziyəddin Sultanov, filialın
dosenti Məhəmməd Hüseynov çıxış edərək kitabın böyük
maddi-mənəvi dəyərindən, siyasi əhəmiyyətindən bəhs
etdilər. Bir cəhət xüsusilə vurğulandı ki, Heydər Əliyev
haqqında yazılan "Şəxsiyyətin qüdrəti" kitabında ulu
öndərimizin çoxcəhətli fəaliyyəti ayrı-ayrılıqda təhlil
olunmuş, işıqlandırılmışdır.
ƏDALƏT |