"İnsana
uzun ömür arzulamaq - qəlb oxşayan xeyirxah ənənədir.
Həyatı dolğunluğu ilə başa vurmaq, əlbəttə, böyük
səadətdir. Saf vicdan, təmiz niyyət meyarılə yaşamaq -
ali nemətdir.
Mübarək 80 yaşına qovuşan görkəmli filosof Tofiq Rəsulov
belə nümunəvi ömür yaşayıb. Bu münasibətlə əziz dostumu
sevinclə ürəkdən təbrik edirəm. Ona dost qəlbindən gələn
ən xoş arzularımı bildirirəm".
Bu sətirləri sağlığında yazmışdım. Çox təəssüf ki, o
bizdən tez ayrıldı, əbədiyyətə qovuşdu.
Tofiqlə mənim dostluğumun 56 illik tarixi var. Moskvada
Fəlsəfə İnstitutunun aspirantı olduğumuz illərdən -
gəncliyimizdən başlanıb. Biz - Zakir Bağırov (ruhu şad
olsun), Tofiq, mən 1954-cü ildə aspiranturaya bərabər
daxil olmuşuq. Cəmil Əhmədli (ruhu şad olsun) bizdən bir
il əvvəl burda aspirantlığa başlamışdı. Aramızda əsl
mənada səmimi ünsiyyət, ülfət var idi. Bu mühüm cəhət
nəinki məsləkdaş olmağımızdan irəli gəlirdi. Azərbaycanı
təmsil etməyimiz, milli xüsusiyyətimiz münasibətlərimizə
təsirini göstərirdi.
Biz böyük arzularla elm yolunda yenicə addım atırdıq.
Moskvanın elmi inkişaf üçün əlverişli şəraitindən
sistemli faydalanırdıq. Burda fəlsəfi ictimaiyyətin
bariz təmsilçilərilə yaxından tanış olurduq. Vaxtaşırı
disputlarda, dissertasiya müzakirələrində ciddi maraqla
iştirak edirdik. Bu yolla elmi mühitə qovuşur, onun
təbiətinə alışırdıq. Bütün bunlar səmərəli araşdırmalar
etməkdə bizə yardımçı olurdu. Bu dəyərli təcrübə
sayəsində ömrümüzü fəlsəfəyə həsr etdik.
Biz seçdiyimiz sahədə alimlik dərəcələri, professor adı
qazandıq. Respublikamızın ali təhsil ocaqlarında
çalışmaqla geniş ictimaiyyətdə tanındıq. Fəaliyyətdə hər
kəsin özünə xas olan qabiliyyəti, həyata münasibəti
əyani təzahür etdi. İctimai rəydə hər birimizin
xüsusiyyəti öz əksini tapdı.
Mən bu söhbətdə xüsusən professor Tofiq Rəsulov haqqında
hafizəmdə daşıdığım fikirləri bölüşəcəm. Əvvəlcə onu
filosof olaraq təqdim etmək lazım gəlir. Onun zəngin
fəlsəfi təfəkkürə malik olduğu məlum həqiqətdir. Bu
keyfiyyətini məsləkdaşları həmişə etiraf edib, yüksək
dəyərləndiriblər. O, fəlsəfəyə sadəcə zahiri fəaliyyət
sahəsi kimi deyil, özünün mənəvi həyat tərzində meyar
kimi baxırdı. Müntəzəm fəlsəfi mütaliədən aldığı
nəticələri həyati müdrikliklə birləşdirirdi.
Professor Tofiq Rəsulov öz həyat fəlsəfəsini
həqiqətsevərlik, halalsevərlik, sadəlik fəzilətləri
əsasında yetişdirib. Belə üstün əxlaqi fəzilətlər hər
zaman olduqca ibrətamizdir. Bunu əyani təcəssüm etdirmək
- vicdan rahatlığı, zövq mənbəyidir. Əlbəttə, bu,
insanlığın mahiyyətini düşünən ruhun zənginliyindən
qaynaqlanır. Yəni məzmunlu batini mahiyyət real
gerçəklikdə təzahür edir. Mahiyyətlə təzahürün bu
uyğunluğu əslində mənəvi bütövlük nümunəsidir. Bu növ
nümunə özündə ziyalı təbiətini, missiyasını daşıyır.
Tofiq Rəsulov fəlsəfi təfəkkürü milli ruhla birləşdirən
ziyalı idi. Bu xüsusda bir qədər irəlidə ayrıca söhbət
gedəcək. Giriş üçün ziyalı anlamının mənasını araşdırmaq,
incələmək zəruridir.
Bu anlamın yerinə bir zaman "intelligensiya" kəlməsini
işlədirdik. Bunun latınca "intelligens", yaxud "intelligentis"
sözündən alındığı açıqlanır. Daşıdığı əsas məna isə
zəkalı, dərk edən deməkdir. Bunu tərcümə edəndə zəkanın
işığını rəmzləşdirmək tamamilə təbiidir. Ziyalı,
aydınlar, farsca roüşenfekran (aydınfikirlilər) - işığa
köklənmiş anlayışlardır.
Ancaq ziyalı anlamı fərqləndirici üsulla aydınlaşan bir
sahədir. Kantın həqiqi ziyalı haqqında bir fikrini
xatırladıram. Onun fikrincə, ziyalıda ağıl mədəniyyəti,
qəlb mədəniyyəti, əxlaq mədəniyyəti bir vəhdətdə
birləşməlidir. Yəni zehni fəaliyyət qəlbin nəcib
hisslərilə daxilən qovuşmalıdır. Bu batini vəhdət gözəl
əxlaqi keyfiyyətləri yetişdirən başlanğıcdır.
Bu cəhətdən şəxsiyyətin öz-özünü yetişdirmək qabiliyyəti
mühümdür. Bununla bağlı kiçik bir tarixçəni anmaq yerinə
düşər. İngilis kralı 1-ci Yakovun dayəsi ondan öz oğlunu
centlmen etməsini xahiş edir. Kralsa deyir: "Oğlunuza
yüksək vəzifə verərəm, ancaq centlmenliyi onun özü
özündə yetişdirməlidir". Həqiqətən, mədəniyyət,
mənəviyyat sahəsində mükəmməllik kənardan bəxş edilmir.
Bu ülvi keyfiyyət ruhun gərgin zəhmətilə əldə edilir.
Sağlam təfəkkürü, vicdan hissini davamlı təkmilləşdirmək
adətilə gerçəkləşir.
Bu üsulu hərəkət xətti seçən ziyalı mənən zəngin təbiəti
ilə həmişə fərqlənir. Həmin xüsusiyyətinə görə idrak
əhlinin saf ehtiramını qazanır. Onun mənəvi fəaliyyət
tərzi ibrətli olur, örnəyə çevrilir.
Haqqında danışdığımız professor Tofiq Rəsulov belə
nümunələr sırasındadır. Fəlsəfəni həyati müdrikliklə
birləşdirməsinə aid yuxarıda bəhs edildi. Həqiqi xalq
ruhundan gələn üstün əxlaqi fəzilətləri öz şəxsi
təcrübəsində gerçəkləşdirir, yaşadır. Onun bu
xüsusiyyəti, şübhəsiz, milli başlanğıcı təcəssüm edir.
Həmin baxımdan ibrətli örnəklərdən əxz etdiyi ənənəni
canlandırır. Atası Əli müəllimdən (ruhu şad olsun)
aldığı həyat dərsini uğurla davam etdirir. Bu yerdə bir
xatirəmi xüsusi olaraq diqqətə yetirməliyəm.
Mən Tofiqin vasitəsilə Əli müəllimlə Moskvada tanış
olmuşam. Moskvaya yolu düşəndə bizi bir yerə toplayıb
həqiqətən ibrətamiz süfrə məclisi qurardı. O vaxt
Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədri işləyirdi. Onun
süfrə söhbətləri bir həyat dərsi kimi səslənirdi. Məşhur
türk şairi Tofiq Fikrətin şeirlərindən əzbər söyləyirdi,
məna baxımından izah edirdi. Düşündürücü bir şeirdə
idrak əhlini kbirli iddialardan çəkindirən nöqtələri
açıqladığı hələ yadımdadır. Beləcə, Əli müəllim - Əli
Rəsulov mənim yaddaşımda müdrik xalq ziyalısı kimi qaldı.
Şeirdən söz düşmüşkən, bu sahəyə Tofiqin rəğbətini əks
etdirən epizodu bildirmək maraqlıdır. Bir gün dedi: "Şair
Hüseyn Hüseynzadə Moskvadadır, "Balçuq" mehmanxanasında
yerləşib, gedək görüşək". Şairlə görüşdük, keyfi yerində
idi, görünür, yaxşı qonorar almışdı, otaqda süfrə
açdırdı. Bir neçə şeir oxudu; Tiflisə həsr etdiyi şeirin
son misraları belə idi:
"Sevirəm Tiflisi, sevirəm, ancaq
Öləndə Bakıdan götürün məni".
Tofiq dərhal inamlı tərzdə dedi: "Şair, "öləndə Qazaxdan
götürün məni" yazsanız yaxşıdır". O, bu təklifi bəyəndi,
şeirin nəşrində nəzərə aldı. Sövqi-təbii deyilmiş
düzəliş şairin taleyinə uyğun oldu: Xalq şairi Hüseyn
Arif Ağstafada vəfat etdi, əsl xalq ehtiramilə dəfn
edildi.
Professor Tofiq Rəsulov haqqında danışanda onun sadə
həyat tərzini xüsusən dəyərləndirmək lazımdır. O,
həyatda aza qane olan, halal yaşayan filosof idi. Tamahı
ağıla tabe edən, aza qane olan, Sokratın fəlsəfəsində
Allaha yaxın insan idi. Din, fəlsəfə halallıq anlamını
doğru yaşamağın başlıca yolu kimi anladır bəşər övladına.
Vicdanın seçdiyi bu yol, bütün çətinliklərilə bərabər,
ruhun müstəqilliyini, təmizliyini qoruyub saxlayır.
Halal ömür yolu insana təmiz, şöhrətli ad qazandırır.
Professor Tofiq Rəsulov ixtiyar yaşında belə
gənclərimizin mənəviyyatını inkişaf etdirməyə xidmət
edirdi. O, Azərbaycan Respublikasının Prezidenti yanında
İdarəetmə Akademiyasının fəlsəfə kafedrasının müdiri
vəzifəsində işləyirdi. Çoxdan bəri səmərəli fəaliyyət
göstərdiyi həmin təhsil ocağında yüksək ictimai nüfuz
qazanmışdı. Əsl professor, müdrik ağsaqqal, nəcib ziyalı
kimi sevilirdi. Ona bəslənən saf rəğbət - onun tükənməz
zəngin sərvəti idi.
Bu söhbəti Aristotelin iki münasib fikri ilə tamamlayaq.
Birinci fikir fəlsəfi müdriklik sahiblərinin xoşbəxt
olduqlarını vurğulayır. Bunu hansı mənada dediyini
əvvəlcə bir qədər aydınlaşdıraq. Qədim yunan fəlsəfəsi
ağılı ilahi başlanğıc dərəcəsinə yüksəldir. Ona xidmət
edən filosofları Aristotel zamanının çoxallahlıq inancı
mövqeyindən, "allahların sevimliləri" sayır. Bu əsasda
onların xoşbəxtliyi haqqında sözü dilə gətirirdi. "Nikomaxın
etikası" əsərindən həmin yeri tam olaraq xatırladaq:
"Kim ağıl fəaliyyətində özünü göstərirsə və ağıla
ehtiram edirsə, görünür, daha yaxşı məxluqdur və
allahlar onu daha çox sevirlər... Şübhəsiz, bütün bunlar
ilk növbədə müdrikdə var. Deməli, o, hər kəsdən daha çox
allahların sevimlisidir. Görünür, o, ən xoşbəxt insandır,
belə ki, bu mənada müdrik üstün dərəcədə xoşbəxtdir".
İkinci fikirdə isə dürüst insanın təklikdə özünü təhlil
etmək meyilindən söhbət gedir. Dürüst insan doğru
hərəkətləri haqqında yaddaşında hifz etdiyi xoş
xatirələrindən məmnun olur. Bu xatirələr - batini
şahidlər onun doğru yaşamaq sınağından şərəflə çıxdığını
əks etdirir. Buna həqiqi inam əsasında gələcəyə sağlam
ümidlə baxır. Aristotelin bu ruhda müddəasını anılan
əsərdən iqtibas edək: "...Dürüst insan öz-özü ilə vaxt
keçirmək istəyir, çünki bundan məmnunluq duyur, etdiyi
hərəkətlər haqqında onun xatirələri də, gələcəyə
ümidləri də xoşdur, belə nəsnələr isə məmnun edir. Və
onun fikri üçün nəzəri mövzular bol olur, gecikmiş
peşimançılığa yaddır".
Nəticədə bir sualı cavablandıraq: professor Tofiq
Rəsulov öz nümunəsilə gənclərimizə nə deyirdi? Bu sualın
cavabında qədim fəlsəfi kəlamı xatırlatmaq uyarlıdır: "Gənclik
vaxtı ixtiyarlıq üçün müdriklik ehtiyatı topla, ondan
etibarlı var-dövlət yoxdur".
Camal MUSTAFAYEV,
fəlsəfə elmləri doktoru, professor |