Müasir dövrdə mədəniyyətin inkişafının hərəkətverici
qüvvələri içərisində muzeylər mühüm əhəmiyyət kəsb edir.
Muzey fəaliyyətinin daha interaktiv olması cəmiyyətimiz
üçün olduqca vacibdir. Xalqın tarixi, elmi və mədəni
abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması,
saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə
ötürülməsində muzeylər müstəsna rol oynayaraq tədqiqat
və tədris-tərbiyə funksiyalarının vəhdətini yaradırlar.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi,
milli ənənələrimizi, tariximizi bilməyən gənc
vətənpərvər ola bilməz". Ulu öndərin bu tövsiyəsinin
həyata keçirilməsində müasir dövrdə bəşəri inkişafın
hərəkətverici vasitələri içərisində mühüm əhəmiyyət kəsb
edən muzeylərin üzərinə böyük vəzifələr düşür.
Muzeylər qədim yunan mifologiyasında insanların mənəvi
fəaliyyətinin - poeziya, elm və incəsənətin himayədar
ilahələri hesab edilən muzalar məbədi mənasının
daşıyıcıları olaraq yalnız estetik zövq verməklə
kifayətlənmir, həmçinin tarixi, maddi və mənəvi
abidələri komplektləşdirən, mühafizə edən, öyrənən,
nümayiş etdirərək təbliğ edən mədəni-maarif müəssisələri
kimi öz elmi - ictimai fəaliyyətini, muzey işinin əsas
prinsiplərini elmi-tarixi əsaslar üzərində qurur, müasir
avadanlıqlarla və eksponatlarla təchiz olunmasını təmin
edir, elmi biliklərin yayılmasına xidmət edir.
Muzeylərə təşkil olunan ekskursiyalar yüksək
effektivliyə malik olub bir neçə funksiya (dərketmə,
ünsiyyət və s.) yerinə yetirir. Ekskursiya aparıcısı
elmilik, forma və məzmun vəhdətini gözləməklə muzeyə
gələnlərin zəruri məlumatlara yiyələnməsi üçün muzey
mühitinin imkanlarından maksimum istifadə etmələrinə
şərait yaradır.
Muzeyə
ekskursiya zamanı həmin mövzulara dair materialları və
eksponatları əyani şəkildə görmək və onlara dair daha
geniş məlumat almaq təbliğatla yanaşı, böyüməkdə
olan nəslin bilik səviyyəsinin yüksəlməsinə və
onlarda vətənpərvərlik hissinin aşılanmasına xidmət
edir. Ekspozisiya üzrə mühazirələr sanki eksponatları
canlandırır, muzeyə gələnləri tarixi hadisələrin
səyahətçisinə çevirir.
Azərbaycan xalqı çox zəngin tarixi, ədəbi, elmi və
mədəni irsə malikdir. Bunu hamı təsdiq edər ki, keçmişi
bilmədən irəliləmək, bu günümüzə və gələcəyimizə xeyir
vermək mümkün deyil.
Azərbaycanın tarixi inkişaf yolunun ən mühüm
istiqamətlərindən birini təhsil təşkil edir.
Respublikamızın muzeyləri arasında Azərbaycan təhsilinin
tarixini yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin
həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili
Muzeyinin özünəməxsus yeri vardır.
Xalq Təhsili Muzeyi XKS-nin 27 aprel 1932-ci il tarixli,
651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş
pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında
yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi
Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim
zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda
pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks
etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə
fasiləsiz təhsil sisteminin bütün pillələrində
qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli
şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin
təbliğat fəaliyyətinin spesifik forması olan
ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və
bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına
çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin,
pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində
təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil
müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını,
bu sahədə aparılan islahatları və təhsilə dövlət
qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs
vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair
dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil
müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin
fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində
istifadə edilən texniki-tədris vasitələri, müəllim,
şagird və tələbələrin əl işləri, əyani vəsaitlər,
albomlar, maketlər, hədiyyələr və s. nümayiş
etdirilməsinin təhsil tarixinin öyrənilməsi və
təbliğində müstəsna əhəmiyyətə malikdir.
Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji
ardıcıllığa riayət edən ekspozisiyası altı salonda
yerləşdirilmişdir.
I salon qədim zamanlardan başlayaraq Azərbaycanda
pedaqoji fikir və təhsil tarixini, II salon XIX əsrin
sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918-40-cı
illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin
inkişafı, V salon 1941-45, 1946-80-ci illərdə uşaq
evləri, internat-məktəblərin yaranması və inkişafı,
ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair
sənəd və materialları əhatə edir.
Muzeyin VI salonu (böyük salon) müstəqillik illərində
Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç
bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin
təhsilə göstərdiyi diqqət və qayğı VI salonun
ekspozisiyasının əsas istiqamətidir.
Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin
Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks
etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təhsil
sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev
Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən
materiallar nümayiş etdirilir. Salonun ikinci bölməsində
müstəqillik illərində, bütövlükdə Azərbaycan təhsil
sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar,
statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər,
maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin
bölmədə Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən
sənəd və materiallara, hədiyyələrə xüsusi yer
ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara
göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI-XIII
qurultaylarına dair materiallar da nümayiş olunur .
Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd
və materiallar məktəbdənkənar müəssisələrə, uşaq,
yeniyetmə və gənclərin mənəvi və estetik tərbiyəsinə
həsr edilmlşdir. Vitrinlərdə uşaq, yeniyetmə və
gənclərin hazırladıqları tətbiqi sənət nümunələri,
müxtəlif əl işlərinə yer verilmişdir.
Azərbaycan təhsilinin təbliğində muzeyin fond
materiallarından ekspozisiyada maksimum istifadə
edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar
aparılmasının, müxtəlif mövzularda səyyar və stasionar
sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri,
elmi konfrans və seminarların keçirilməsinin mühüm rolu
vardır.
Fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin
səyi nəticəsində xalq maarifinin inkişafına dair çox
zəngin materiallar muzey fondunda toplanıb sistemə
salınmışdır.
Toplanmış hər bir sənəd, material və eksponat haqqında
məlumatlar muzey fondunun xüsusi qeydiyyat kitabına
salınıb, muzey texnikasına müvafiq şəraitdə qorunub
saxlanılır.
Muzeyin zəngin fondu və kitabxanasında əsas və
elmi-köməkçi fond daxil olmaqla minlərlə sənəd, neqativ,
fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanmışdır.
Onların arasında nadir biblioqrafik ədəbiyyatlar da
vardır.
Fond və kitabxana materiallarından pedaqoji fikir və
maarifçilik tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil
və mədəniyyət işçiləri, kütləvi informasiya
vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri,
eləcə də digər mütəxəssislər istifadə edirlər. Bir çox
elmi əsərlərin işıq üzü görməsində və pedaqogika
sahəsində çalışan alimlərin yetişməsində Xalq Təhsili
Muzeyinin də xidmətləri vardır.
1962-1997-ci illərdə muzeydə valideynlər üçün "Ailə və
məktəb" və yuxarı sinif şagirdləri üçün "Hər şeyi bilmək
istəyirəm" pedaqoji bilikləri yayan Xalq Universiteti
fəaliyyət göstərmiş və apardığı işə görə keçmiş İttifaq
miqyasında təşkil edilən baxışlarda I və II dərəcəli
diplomlarla təltif edilmişdir.
Muzeyin iş təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın
Qabrova şəhərində Milli Təhsil Muzeyi yaradılmışdır.
Muzeyin ekspozisiyası ilə tanış olmaq məqsədilə ABŞ,
Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna,
Gürcüstan, Türkiyə və başqa xarici ölkələrin elm və
mədəniyyət xadimləri, İSESKO-nun Baş katibi, xarici
ölkələrin Azərbaycandakı səfirləri, Litva
Respublikasının təhsil və elm naziri, Avropa Şurasının
nümayəndələri və digər xarici qonaqlar gəlmişlər. Eləcə
də respublikamızın görkəmli elm və mədəniyyət xadimləri,
ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali
təhsil müəssisələrinin tələbə və müəllimləri müntəzəm
olaraq muzeyə ekskursiyaya gəlirlər. Ekspozisiya ilə
tanış olmaq məqsədilə muzeyə gələn qonaqlar öz
təəssüratlarını rəy kitabında qeydlərində açıqlamış,
Azərbaycan təhsil tarixinin təbliğində Xalq Təhsili
Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar.
Müstəqil Azərbaycan Respublikasında elm, təhsil,
mədəniyyət və digər sahələrdə həyata keçirilən
islahatlar muzeylərin də işində dəyişikliklərin
aparılmasını tələb edir.
Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyi, hüquqi,
demokratik dövlət quruculuğu ilə irəlilədiyi bir
dövrdə XXI əsrin "təhsil əsri" elan edilməsi muzeyin
qarşısında daha geniş vəzifələr qoyur, muzey mühitinin
ətraf mühitlə qarşılıqlı əlaqələrinin qanunauyğun
vəhdətini yaradır.
Bu gün respublikamızın muzeyləri dövlət qayğısı ilə
əhatə olunmuş və daim diqqət mərkəzindədirlər.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda
muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci
il tarixli və "Azərbaycanın regionlarında fəaliyyət
göstərən muzeylərin müasir standartlara uyğun təmirinə,
yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair
xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında" 22
may 2009-cu il tarixli sərəncamlarının icrası muzeylərin
fəaliyyətinin gələcəkdə daha da təkmilləşdirilməsinə,
müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni
irsin, maddi mədəniyyət nümunələrinin mühafizəsi və
təbliği işinin daha da yüksək səviyyəyə qaldırılmasına
təkan verir, maddi-mənəvi irsimizin, tarixi həqiqətlərin
təbliği üçün geniş imkanlar yaradır.
Respublikamızda muzey fəaliyyətinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər sırasında Xalq
Təhsili Muzeyi üçün yeni binanın inşa edilməsi muzey
işinə dövlət qayğısının təzahürüdür.
Xalq Təhsili Muzeyi zəngin mütərəqqi ənənələrə,
milli mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə
əsaslanaraq inkişaf edən müasir Azərbaycan
təhsilinin nailiyyətlərini qoruyub saxlayan və
muzeyə gələnlərə layiqincə təbliğ edən mədəni-maarif
müəssisəsidir.
2006-2007-ci illərdə Xalq Təhsili Muzeyinin iki nəfər
əməkdaşının Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə "Tərəqqi" medalı, muzeyin 80 illik
yubileyi ərəfəsində Azərbaycan Respublikası Təhsil
Nazirliyi Kollegiyasının qərarı ilə muzeyin iki nəfər
əməkdaşının "Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı, on iki nəfər əməkdaşının isə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri
fərmanı ilə təltif edilməsi muzey işçilərinə
göstərilən diqqət və qayğının parlaq təcəssümüdür.
Zülfiyyə ŞİRİYEVA,
Xalq Təhsili Muzeyinin direktor müavini |