Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Türk dili 135 ölkənin 1500 məktəblisini İstanbulda bir araya gətirdi

 

Məktəblilərimiz X Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycanı layiqincə təmsil edirlər 

Son illər şagirdlərimizin istər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda müxtəlif mövzularda keçirilən beynəlxalq olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə əldə etdikləri nailiyyətlər, qazandıqları uğurlar Azərbaycan təhsilinin inkişafından, istedadlı  yeniyetmə və gənclərin sayının artmasından soraq verir. Azərbaycan məktəbliləri olduqları ölkələrdə respublikamızı layiqincə təmsil edir, yüksək intellekt, bilik və bacarıq nümayiş etdirirlər. Elə bu günlərdə bizə qardaş ölkə olan Türkiyənin İstanbul şəhərində "İnsanlıq əl-ələ" devizi altında keçirilən X Beynəlxalq Türk  Dili  Olimpiadasında  iştirak  edən  məktəblilərimizin  fəallığı, uğurlu iştirakı dünyanın 135 ölkəsindən gələn dini, irqi ayrı-ayrı insanların bir daha ölkəmizi yaxından tanımasına imkan verdi.

Olimpiadanın məqsədi türk dilini tanıtmaq, sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, təhsili, adət-ənənələri və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir.

2003-cü ildə 17 ölkədən 62 məktəblinin iştirakı ilə keçirilən ilk Beynəlxalq Türk Dili Olimpiadasına ildən-ilə maraq artmışdır. Olimpiadada iştirak edən ölkələrin sayı bunu bir daha sübut edir. Bu il təşkil edilən yarışmaya isə 135 ölkədən 1500 məktəbli qatılmışdır. Məlumat üçün bildirək ki, olimpiadanın keçirildiyi 10 il ərzində Azərbaycan məktəbliləri çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanıblar.

Açılışı mayın 30-da olan X Beynəlxalq Türk Dili Olimpiadasında şagirdlər yazı, danışıq, qrammatika, xalq rəqsləri, şeir, rəsm, tamaşa, mahnı, tanıtım stendləri daxil olmaqla 14 nominasiya üzrə çıxış edirlər. Azərbaycanı olimpiadada təmsil edən 65 məktəblimiz də xüsusi fəallığı ilə seçilir.

Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın Azərbaycandakı tərəfdaşı "Çağ" Öyrətim İşlətmələri Şirkətidir. Olimpiadanın təşkilində adıçəkilən qurumun ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Respublikamızdan beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Azərbaycan-Türkiyə Özəl Liseylərinin və respublikamızın digər ümumtəhsil müəssisələrinin şagirdləri arasında seçim üçün 3 mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, eləcə də bu ilin fevralında keçirilən "Ana dilini sevək, sevdirək" yarışmasında yüksək göstəriciləri ilə fərqlənənlər iştirak edirlər. 

İyunun 1-3 tarixlərində İstanbulun Fuar Mərkəzində olimpiada çərçivəsində iştirakçı 135 ölkənin tanıtım stendləri nümayiş olundu. Burada yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyətlərini, tarixi abidələrini, milli mətbəxini, turizm obyektlərini əks etdirən eksponatlar nümayiş olunurdu. 3 gün müddətində 100 mindən çox ziyarətçi tanıtım stendləri ilə tanış olub, onların vasitəsilə iştirakçı ölkələrin tarixi və mədəniyyəti barədə müəyyən bilgilər əldə etdilər.

İstanbulun Fuar Mərkəzində Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycanın təmsil olunması hər bir azərbaycanlının qəlbində qürur hissi oyadırdı. Pavilyonun qarşısında dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin, ölkə başçısı cənab İlham Əliyevin şəkillərindən ibarət böyük stend öz möhtəşəmliyi ilə diqqət çəkirdi. Ölkəmizin tarixi abidələri olan Qız qalasının, Nizami Gəncəvinin məqbərəsinin, Möminə Xatun türbəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan Sarayının maketlərinin, həmçinin xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyalarının, milli geyim nümunələrinin, musiqi alətlərinin nümayişi tamaşaçılar tərəfindən  böyük maraqla qarşılanırdı. Azərbaycan pavilyonu ilə tanış olanlara milli şirniyyatlarımız paylanılırdı. Milli şirniyyatlarımız və müxtəlif növ təamlarımızdan tamaşaçıların o qədər xoşu gəlmişdi ki, getdikcə həmin stendlərin qarşısında uzun bir növbə yaranmağa başlanmışdı. Tarixi-memarlıq abidələrimizin maketləri, müxtəlif eksponatlarımızın yanında duran azərbaycanlı məktəblilərimiz isə stendə tamaşa edənlərin suallarına ətraflı cavab verməyə çalışır, onlara üçrəngli bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən bukletlər və disklər təqdim edirdilər.

X Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu. İyunun 2-də respublikamızdan gəlmiş  Milli Məclisin deputatları, iş adamları, KİV nümayəndələrindən ibarət qrup, təhsil işçiləri və incəsənət xadimləri də Azərbaycan pavilyonu ilə tanış oldular. Azərbaycan nümayəndə heyətinin üzvləri  İstanbulun Fuar Mərkəzinin ən görkəmli yerində ölkəmizin tanıtım stendinin qurulmasını, bütövlükdə tədbirin yüksək səviyyədə təşkil olunmasını müsbət dəyərləndirərək Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini söylədilər.

Bir mətbuat işçisi olaraq diqqətimizi çəkən məqamlardan biri də bizim stendlə tanış olan xarici ölkə vətəndaşlarının tarixi-memarlıq abidələrimizə, milli geyim və musiqi alətlərimizə böyük maraq göstərmələri, öz zənginliyi ilə fərqlənən eksponatlarımızın qarşısında, ən əsası isə bayrağımızla şəkil çəkdirmələri oldu. Azərbaycan pavilyonunu ziyarət edən Türkiyə, İngiltərə, Almaniya, Fransa, İtaliya və digər ölkələrin vətəndaşlarından ölkəmizin tanıtım stendi barədə təəssüratlarını soruşduq. Cavablar demək olar kı, bir-birini tamamlayırdı:

"Sizin stendlə tanışlıq bizdə xoş hisslər oyatdı. Eksponatlarınız olduqca maraqlıdır. Milli şirniyyatlarınıza söz ola bilməz. Ölkənizin tarixi-memarlıq abidələri ilə tanışlıqdan məmnun qaldıq. Pavilyonda nümayiş olunan eksponatlar, fotolar vasitəsilə ölkəniz haqqında müəyyən bilgilərə malik olduq, bizdə respublikanız barədə müəyyən təsəvvür yarandı. Ölkənizdə adət-ənənələrin qorunub saxlanması və yaşadılması, milli dəyərlərə hörmət və ehtiram, insanlarınızın qonaqpərvərliyi, səmimiyyəti çox xoşumuza gəldi. Siz xoşbəxtsiniz ki, belə bir ölkədə - odlar yurdu Azərbaycanda yaşayırsınız". 

Müsahiblərimizin səmimi etirafları, ölkəmiz haqqında söylədikləri xoş sözlər təbii ki, bir azərbaycanlı olaraq hər birimizdə iftixar hissi oyadırdı.

Ölkəmizin tanıtım stendi ilə tanışlıqdan sonra İstanbulun Fuar Mərkəzinin açıq havada qurulmuş böyük səhnəsində Azərbaycana həsr olunan konsert proqramı keçirildi. Minlərlə tamaşaçının qatıldığı tədbir uğurla keçdi. Şagirdlərimizin Azərbaycan və Türkiyənin milli folklorundan ifa etdikləri xalq mahnıları, şeirlər və rəqslər tamaşaçıların böyük marağına səbəb oldu və onlar məktəblilərimizin çıxışlarını ayağa qalxaraq alqışladılar. Hər bir kəsin əlində təbii ki, Azərbaycan bayrağı var idi.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova çıxış edərək  belə bir yüksək səviyyədə tədbir keçirdiklərinə görə təşkilatçılara öz minnətdarlığını bildirdi. Tədbirin əhəmiyyətinə toxunan N.Nəsibova qeyd etdi ki, bu olimpiada türk dili və mədəniyyətlərinin  sürətlə inkişaf etdiyini, sevildiyini bir daha təsdiqləyir.

"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən X Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin  təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda bütün insanlar arasında sevginin, dostluğun  artırılmasına, sülhün qorunmasına, xalqların bir-birinə yaxınlaşmasına,  daha yaxından tanımasına xidmət etdiyini xüsusi vurğuladı.

Respublikamızda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Azərbaycan -Türk Özəl Liseylərinin yarandığı vaxtdan bu günə qədər qazandığı uğurlardan söz açan Ə.Özərən burada təhsil alan şagirdlərin dünya bilik yarışlarında, nüfuzlu müsabiqələrdə Azərbaycanı layiqincə təmsil etdiklərini söylədi. Ənvər Özərən çıxışının sonunda təşkil olunan X Beynəlxalq Türk Dili Olimpiadasından da şagirdlərimizin üzüağ, alnıaçıq çıxacağına, doğma vətənə medallarla dönəcəyinə ümidvar olduğunu bildirdi.

Onu da qeyd edək ki, azərbaycanlı şagirdlər olimpiada çərçivəsində Türkiyənin digər şəhərlərində təşkil edilən yarışma və şənliklərdə də fəallıq göstərirlər. İyunun 9-da olimpiadanın müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrinin qalibləri mükafatlandırılacaq, iyunun 14-də isə X Beynəlxalq Türk Dili Olimpiadasının rəsmi bağlanış mərasimi keçiriləcəkdir. 

Samirə KƏRİMOVA
Bakı-İstanbul-Bakı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov