Azərbaycan Dillər Universitetində
mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət
Musayevanın təşkilatçılığı ilə 31 may Ümumdünya Tütünlə
Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev
çıxış edərək gənclərin sağlam həyat tərzinin
formalaşmasında rol oynayan bu kimi tədbirlərin
universitetdə artıq ənənə halını aldığını vurğulayıb.
Maarifləndirmə işinin bu sahədə önəmli rol oynadığı da
diqqətə çatdırılıb.
Sonra 1 saylı ingilis dili və regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin
ifasında mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət
Musayevanın ssenarisi əsasında səhnələşdirilmiş "Uçurumun
kənarında" adlı tamaşa nümayiş etdirilib. Tamaşada
gənclərin zərərli və pis vərdişlərə qurşanması, bəzi
valideynlərin övladlarına göstərdiyi biganə münasibətdən,
iki gəncin narkotika aludəçisi olmasından və xəstəliyə
tutulmasından bəhs edilib.
Gənclərin üzləşdiyi problemlərin obrazlı şəkildə
canlandırılmasını yüksək qiymətləndirən Səhiyyə
Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin
şöbə müdiri Aynur Rəşidova bu kimi tədbirlərin
maarifləndirmə sahəsində önəmli olduğunu bildirib.
Ombudsman aparatının şöbə müdiri Yeganə Cəfərova,
Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev,
QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova da
çıxış edərək tələbələri pis vərdişlərə qurşanmamağa və
onlardan uzaq olmağa çağırıblar.
Şakir CƏFƏROV
***
Bakının Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta
məktəbdə 31 may Ümumdünya Tütünlə Mübarizə Gününə
həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülüstan
Ağazadə açaraq bildirib ki, 31 may tarixi 1988-ci ildə
Ümumdünya Tütünlə Mübarizə Günü kimi qəbul edilib. O,
vaxtdan həmin gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
tərəfindən müxtəlif ölkələrdə insanları tütün
məhsullarından istifadədən çəkindirmək məqsədi ilə hər
il qeyd olunur. İlk dəfə bu gün beynəlxalq ictimaiyyətin
diqqətini tütün epidemiyası və onun ölümcül təsirlərinə
cəlb etmək məqsədi ilə dünya ölkələri arasında tədbirlər
keçirilib. Hazırda tütündən istifadə etmə dünyada geniş
yayılmış pis vərdişlərdən birinə çevrilmişdir.
Tədbirdə bildirilib ki, siqaret çəkən insanların
əksəriyyəti ağ ciyər xərçəngi, xroniki bronxit, ürək-damar
xəstəliklərinə düçar olur. Tütün həm çəkənin özünün, həm
də ətrafda olan insanların sağlamlığına güclü zərbə
vurur.
Məktəbin şagirdləri 31 may Ümumdünya Tütünlə Mübarizə
Gününə həsr olunmuş tamaşa göstəriblər. Tədbirin sonunda
film nümayiş olunub.
Rəşad ZİYADOV |