İyunun
1-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Azərbaycanı
sev və öyrən" turist-diyarşünaslıq ekspedisiyasının
respublika baxış-müsabiqəsinin sərgisi və qaliblərin
mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri Ağababa İbrahimov, şöbənin aparıcı
məsləhətçisi Təranə Aslanova, Respublika Gənc turistlər
və diyarşünaslıq mərkəzinin direktoru Alik Məmmədov və
digər şəxslər iştirak edirdilər. Qeyd edək ki,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2006-cı il
tarixli, 744 nömrəli əmrinə əsasən "Azərbaycanı sev və
öyrən" turist-diyarşünaslıq ekspedisiyasının respublika
baxış-müsabiqəsi hər iki ildən bir keçirilir. "Azərbaycanı
sev və öyrən" turist-diyarşünaslıq ekspedisiyası "Bizim
irs", "Azərbaycanın müstəqilliyinin qorunması", "Azərbaycan
beynəlxalq aləmdə", "Azərbaycanın tikintiləri üzrə
yürüşlərdə", "Təbiətin sirlərinə doğru", "İncəsənət
aləmində" və "Kütləvilikdən turizm ustalığına"
nominasiyaları üzrə keçirilib. Respublika baxış-müsabiqəsi
rayon (şəhər) və respublika mərhələlərində təşkil olunub.
Final mərhələsində 43 rayonun məktəbliləri, təhsil
sistemində fəaliyyət göstərən 5 gənc turist və
diyarşünaslıq mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Qeyd olunan nominasiyalar üzrə final mərhələsinə albom,
referat, maket, herbari, stend, qədim əşyalar, dekorativ
tikmələr, inşa yazı, foto və rəsm olmaqla 450-dən çox iş
təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa
İbrahimov iştirakçıları salamlayaraq müsabiqənin
əhəmiyyətindən söz açıb. Qeyd edib ki, müsabiqəni
keçirməkdə məqsəd gənc nəslə doğma diyarı sevdirmək,
onlara vətənpərvərlik hissləri aşılamaq, məktəblilər
arasında turizm-diyarşünaslıq işini təbliğ etməkdir.
Azərbaycanın qədim tarixə malik və füsunkar təbiəti
olduğunu bildirən A.İbrahimov son illər respublikamızın
turizm sektoruna göstərilən dövlət qayğısından danışıb.
Hər bir şagirdin doğma yurdumuz haqqında məlumatlı
olmasının vacibliyini qeyd edən A.İbrahimov bu yöndə
aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər də müsabiqənin əhəmiyyəti haqqında
fikirlərini bildiriblər.
Hər nominasiya üzrə I, II və III yerləri tutan qaliblər
Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə
mükafatlandırılıb. Xatirə şəkli çəkilib.
Niyazi RƏHİMOV |