Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ikinci hesabat-seçki qurultayı keçirilib

 

İyunun 2-də "Gülüstan" sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ikinci hesabat-seçki qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələrinin, səfirliklərin əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanmışdır.

Beş yüzədək nümayəndənin iştirak etdiyi qurultayın gündəliyi, katiblik və hesablayıcı komissiyanın tərkibi təsdiq edilmiş, təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurumun ikiillik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, iki il ərzində ATGTİ 250-dək layihə həyata keçirmiş və bu layihələrdə 60 mindən çox tələbə iştirak etmişdir. ATGTİ-nin əsası 2009-cu il noyabrın 20-də qoyulmuşdur. Məhz həmin gün 39 ali təhsil müəssisəsi ittifaq ətrafında birləşmiş, Azərbaycanda ən böyük tələbə təşkilatı olan ATGTİ yaranmışdır. Bu gün artıq ATGTİ ölkənin 75-dək ali və orta ixtisas təhsili müəssisəsinin tələbələrini öz ətrafında birləşdirir. Bu, qurumun fəaliyyəti dövründə gördüyü işlərin uğurlu nəticəsidir. Həmin müddətdə təşkilat Azərbaycan ali məktəblərinin tələbələri arasında sıx əməkdaşlıq əlaqəsi yarada bilmişdir.

Qeyd olunmuşdur ki, hesabat dövründə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilmiş, ATGTİ-nin üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi layiqincə təmsil etmişlər. Ş.İsmayılov demişdir ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasında gənclərin yaxından iştirakı ölkəmizdə gənclərin inkişafına göstərilən diqqət və qayğının parlaq nümunəsidir.

Sonra ATGTİ-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmişdir.

Qurultayda gənclər və idman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, iki il əvvəl ölkənin ictimai-siyasi həyatına qoşulan ATGTİ bu müddət ərzində işgüzarlığı və fəallığı ilə çoxminli tələbə ordusunun diqqətini özünə çəkə bilmişdir. İttifaqın yarandığı dövrdə ölkədə 200-dək gənclər təşkilatı fəaliyyət göstərirdi və onların üzvlərinin əksəriyyətini tələbələr təşkil edirdi. Belə bir ciddi rəqabət şəraitində təşkilatlanmaq, icra strukturlarını qurmaq, iş mexanizmini yaratmaq və cəmiyyətin sosial sifarişini dinləyərək onu reallaşdırmaq olduqca böyük enerji, təşkilatçılıq, iradə və zəhmət tələb edirdi. Bu dövr ərzində ittifaqın beynəlxalq əlaqələri də xeyli genişlənmişdir.

İndi ATGTİ qitə miqyaslı bir təşkilatın - Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvüdür və ölkəmizi bu qurumda uğurla təmsil edir. İttifaq yüzlərlə tələbə üçün liderlik, ictimai fəallıq və idarəetmə bacarıqları məktəbidir. A.Rəhimov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev cəmiyyətin gələcək tərəqqisinin bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olduğu fikrini söyləyərkən məhz gənclərlə işləyən insanların, təşkilatların məsuliyyətini onlara bir daha xatırlatmışdır. Dövlətimiz gənclərin, o cümlədən tələbələrin ictimai fəaliyyətinin təmin edilməsi, potensialının reallaşdırılması, təşəbbüslərinin dəstəklənməsi üçün geniş imkanlar yaratmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Bu gün dövlət gənclər siyasətinin hüquqi bazası, maddi-texniki təminatı yeni səviyyədə qurulur. İnanıram ki, proqramda irəli sürülmüş vəzifələrin həyata keçirilməsində ATGTİ maraqlı təşəbbüsləri və layihələri ilə yaxından iştirak edəcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vurğulamışdır ki, iki il əvvəl fəaliyyətə başlayan ATGTİ ölkənin ictimai-siyasi həyatında fəallığı ilə diqqəti cəlb etmişdir. Həyata keçirilən hər bir təşəbbüs, hər bir layihə tələbə gənclər təşkilatlarının güclənməsinə, onların daha da səmərəli fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Bu gün ATGTİ müxtəlif təşəbbüslər və layihələr irəli sürərək, Azərbaycan gəncinin inkişafı üçün əhəmiyyətli addımlar atır.

Elnur Aslanov gənclərə ölkənin ləyaqətli və sədaqətli vətəndaşı, təşəbbüskar və əzmkar olmağı, hər zaman irəliyə getməyi tövsiyə etmiş, uğurun əsasını məhz təşəbbüskarlığın şərtləndirdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ulu öndərimizin dediyi kimi, bugünkü Azərbaycan gəncliyi ölkənin gələcəyidir. Ölkə gəncləri üçün liderlik məktəbi olan ATGTİ-nin qarşısında çox önəmli bir missiya vardır. Bu təşkilat sadəcə olaraq layihə və təşəbbüslər həyata keçirmək üçün yaradılmamışdır. O, eyni zamanda tələbələrin problemləri və qayğıları ilə maraqlanan, onların həllinə yardımçı olan bir qurumdur. ATGTİ gələcək fəaliyyətində bu məsələlərə böyük diqqət yetirməlidir.

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan tələbələri, eyni zamanda ölkəmizin uğurlarının təbliğində də əhəmiyyətli və mühüm işlər görməlidirlər. Bu gün ölkəmiz geosiyasi və geoiqtisadi baxımdan güclü və regional liderə çevrilmişdir. Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, ələlxüsus, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin daha geniş coğrafiyada tələbələrə çatdırılması hər bir azərbaycanlı gəncin vəzifə borcudur. Azərbaycan gənci bilməlidir ki, o, böyük və azad bir xalqın təmsilçisidir.

Təhsil nazirinin müavini Qulu Novruzov demişdir ki, ATGTİ dövlətimizin gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın qloballaşan dünyanın fəal aktorlarından birinə çevrilməsi işində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Azərbaycan gəncləri daha artıq səylə çalışmalı, daha çox bilik və bacarıqlara yiyələnməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Q.Novruzov Təhsil Nazirliyinin bundan sonra da ATGTİ-nin fəaliyyətinə hər cür kömək etməyə hazır olduğunu bildirmiş, tələbə gənclərə uğurlar arzulamışdır.

Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) adından həmin qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qurultaya təbrik məktubu oxunmuşdur. Məktubda deyilir ki, demokratik, unitar, dünyəvi meyarlara əsaslanan müstəqil ölkəmizdə gənclərimiz öz layiqli yerlərini tutaraq hərtərəfli inkişaf yolu keçməklə, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında yaxından iştirak edirlər. Ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətinə verdiyi böyük önəm biz gənclərin dövlət quruculuğunda fəal iştirakına münbit şərait yaratmışdır. Bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təhsildə, idmanda, sosial məsələlərdə onlara göstərilən qayğı və diqqəti əməli işləri ilə doğruldurlar. Bildiyiniz kimi, Azərbaycanın siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahələrində qazandığı uğurların dünya ictimaiyyətinə çatdırılmasında RAGT bir çox möhtəşəm tədbirlər həyata keçirir. Nəzərə almaq lazımdır ki, Rusiyada 170 min azərbaycanlı gənc yaşayır. Onlar Vətəndən uzaqda olsalar da, amalımız birdir: ümumi vətənimiz Azərbaycanın tərəqqisinə xidmət etmək. Bu amalı ATGTİ-nin timsalında görürük. İttifaqın həyata keçirdiyi yeni layihələr, beynəlxalq tədbirlər, aktual problemləri gündəmə gətirən aksiyalar minlərlə tələbənin cəmiyyətdə vətəndaş mövqeyini, özünütəsdiq kimi yüksək mənəvi keyfiyyətlərini formalaşdırır.

Müraciət bu sözlərlə bitir: "Əziz gənclər, inanıram ki, siz Azərbaycan Prezidentinin gənclərə göstərdiyi etimadı, dərin inamı doğruldacaq, Gənclər Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsində öz fəallığınızı daha da artıracaqsınız. ATGTİ-nin ikinci qurultayının səmərəli keçməsində sizə yeni-yeni uğurlar arzulayıram".

Daha sonra bir sıra beynəlxalq təşkilatlar tərəfindən qurultaya ünvanlanmış videotəbriklər nümayiş olunmuşdur.

ATGTİ-nin yeni nizamnaməsi qəbul edilmiş, qurumun əlaqələndirmə şurasının və nəzarət-təftiş komissiyasının tərkibi təsdiq olunmuşdur. İttifaqın sıralarına daha 35 tələbə təşkilatı üzv qəbul edilmişdir.

ATGTİ-nin sədri vəzifəsinə alternativ namizədlərin çıxışından sonra elektron səsvermə keçirilmiş, Şahin İsmayılov yenidən qurumun sədri seçilmişdir.

Bununla da qurultay öz işini başa çatdırmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov