Görüşdə
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Vladimir Doroxin və Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin rəhbəri Ənvər Şeyxov iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Rusiya
arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə,
xüsusi ilə təhsil sahəsində sürətlə inkişaf etdiyini
bildirib. Son zamanlar ölkəmizin orta ümumi təhsil
məktəblərində rus dilinə marağın artdığını qeyd edən
nazir ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli
olaraq hazırda rus dilinin öyrənilməsinə diqqətin
gücləndiyini vurğulayıb. Ali məktəblərdə rus dili ilə
bağlı problem olmadığını, eləcə də Bakı şəhərindəki
məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə
aparılmasını diqqətə çatdıran Misir Mərdanov rayonlarda
fəaliyyət göstərən rusdilli məktəblərdə tədris
səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görməyin
zəruriliyini vurğulayıb. Təhsil naziri gələn tədris ili
üçün rus dilinin tədrisi proqramının hazırlanmasını,
eyni zamanda Bakıda rus liseyinin yaradılmasını təklif
edib və bu məsələyə dair qonaqların fikri ilə maraqlanıb.
MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri
Konstantin Kosaçev səmimi qəbula görə Misir Mərdanova
təşəkkürünü bildirib. Azərbaycanda rus dilinin tədrisi
vəziyyətindən razı olduğunu deyən qonaq hər hansı bir
ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar
mütəxəssislərin tələb olunduğunu qeyd edib. Qonaq rus
dilinin inkişafı üçün Rusiyanın maliyyə dəstəyi
göstərməsi və müvafiq əməkdaşlığın hüquqi cəhətdən
əsaslandırılması məsələlərinə də toxunub. K.Kosaçev
Azərbaycanda rus dilinin tədrisi üçün əlverişli şəraitin
yaradılması istiqamətində görülən işləri yüksək
dəyərləndirib. Misir Mərdanovun müvafiq təkliflərini
qəbul etdiyini söyləyən qonaq yaxın vaxtlarda qeyd
olunan məsələlərlə əlaqədar işə başlanacağını nəzərə
çatdırıb.
Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı
müzakirələr aparılıb. |