İyunun 1-də Azərbaycanın Misirdəki səfirliyində Ayn-Şəms
Universitetində Azərbaycan dilini öyrənən, məzun olmuş,
Azərbaycan dili üzrə imtahanlarda yüksək nəticə
göstərmiş tələbələr və onların valideynləri ilə görüş
keçirilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a
bildirmişlər ki, səfir Ş.Abdullayev Azərbaycan dilinə və
mədəniyyətinə göstərdikləri marağa və böyük həvəslə
dilimizi öyrəndiklərinə görə tələbələrə təşəkkür
etmişdir. Diplomat səfirliyin bundan sonra da tələbələrə
və tədris proqramının inkişafına lazımı yardım və dəstək
göstərəcəyini bildirmişdir.
Səfir imtahanlarda ən yüksək nəticə əldə etmiş
tələbələrin Azərbaycan ilə daha yaxından tanış olmaları
üçün Gənclər və İdman Nazirliyinin xətti ilə bu ilin
avqustunda ölkəmizə səfərinin təşkil ediləcəyini diqqətə
çatdırmışdır.
Görüşdə tələbələrə şəhadətnamə və Azərbaycan dilini
tədris edən azərbaycanşünas və türkoloq alim, doktor
Əhməd Samiyə isə təşəkkürnamə verilmişdir.
Artıq iki ildən çoxdur ki, səfirliyin dəstəyi ilə
Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində
universitetin tədris proqramının tərkib hissəsi kimi
Azərbaycan dili tədris olunur.
Dərs proqramı yalnız Azərbaycan dili ilə məhdudlaşmır.
Tədris prosesində tələbələrə Azərbaycanın tarixi,
ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında da məlumat
verilir. |