2012-ci ildə Azərbaycan milli mətbuatının banisi,
görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış
publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim
bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi tamam olur.
Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin
ikinci yarısından etibarən sürətli canlanmasında və
ictimai fikrin maarifçi-demokratik ideyalarla
zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna
xidmətləri vardır. Zərdabi yaradıcısı, təşkilatçısı və
redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində
nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş,
dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək
taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində
misilsiz rol oynamışdır.
Xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli
töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2012-ci il |