Tanınmış
şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru,
professor Rafiq Yusifoğlunun yaradıcılığının ən aparıcı
qollarından biri uşaq ədəbiyyatıdır. Onun uşaqlar üçün
yazdığı əsərlər həmişə sevilə-sevilə oxunur. Rafiq
müəllim bir sıra dərs vəsaitlərinin, o cümlədən birinci
siniflər üçün "Ana dili" dərsliyinin müəllifidir. Onun
şeirləri, hekayələri, nağılları orta məktəb
dərsliklərinin, müntəxəbat, əlavə oxu kitablarının
bəzəyidir desək, yanılmarıq. Ona görə ki, uşaq
psixologiyasını gözəl bilən R.Yusifoğlu onların maraq
dairəsini çox gözəl bilir. Onun "Göyərçin"in kitabxanası
seriyasından ayrı-ayrı vaxtlarda nəşr olunan "Söz
çəməni", "Zamanın qatarı", "Yollar", "Günlərimiz,
aylarımız", "Ana dilim" və s. şeir kitabları həm balaca
oxucular, həm də mütəxəssislər, müəllimlər və
tərbiyəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Müəllimlər etiraf edirlər ki, məktəbdə tədbirlərin
hazırlanmasında bu kitablar həmişə onların köməyinə
gəlir.
Bu günlərdə Rafiq Yusifoğlunun həmin silsiləni
tamamlayan yeni bir kitabı işıq üzü görüb. Həmin kitab
"Quşlar dünyası" (Bakı, 2012) adlanır. Kitabın
annotasiyasında oxuyuruq: "Əziz balalar, müəllimlərin,
tərbiyəçilərin xahişi ilə jurnalımızın ayrı-ayrı
saylarında verdiyimiz şeirləri bir yerə topladıq.
İstədik ki, həm quşlar haqqında yazılan şeirləri
oxumaqla, həm də onların şəkillərinə baxmaqla qanadlı
dostlarımızı yaxından tanıya, onları bir-birindən
fərqləndirə biləsiniz".
Doğrudan da, qanadlı dostlarımızı balalarımıza tanıtmaq
olduqca vacib məsələlərdən biridir. Rafiq Yusifoğlunun
şeirlərində hər quşun istər zahiri görünüşü, istərsə də
onların "xasiyyəti" haqqında verdiyi poetik cizgilər çox
maraqlı və düşündürücüdür. Məsələn, "Qaranquş" şeirində
oxuyuruq:
Yenə aydın səmada
Qaranquşum süzəcək.
Elə bil ki, qayçıdır
Onun haça quyruğu,
Buludları kəsəcək...
Bu tipli bənzətmələr şairi quşlar haqqında ümumi söz
söyləməkdən uzaqlaşdırır. "Bülbül" şeirində şair bülbülü
müğənniyə, qızılgülü isə mikrofona bənzədir. "Kəklik
çıxıb daşlığa, qayalar çiçəkləyib" ifadəsi də
maraqlıdır, balaca oxucuda kəkliyin gözəlliyi haqqında
müəyyən təsəvvür yaradır. "Zığ-zığ" haqqındakı bu
misralar da həmin quş haqqında müəyyən təsəvvür
yaradır:
Niyə hay-küy salırsan,
Elə bil ki, dardasan.
Gizlənsən də, çığırtın
Xəbər verir hardasan.
Kitabda yetmişə yaxın quş haqqında poetik məlumat
verilir. Hər quşun özünəməxsus cizgilərinin tapılıb ön
plana gətirilməsi şeirlərin bədii dəyərini, onların
təsir gücünü xeyli dərəcədə artırır. Hər şeirin yanında
quşların rəngli şəkillərinin verilməsi bədii mətnlə
fotonun müqayisəsi imkanı yaradır ki, bu da pedaqoji
baxımdan çox əhəmiyyətlidir. Kitabın tərtibatında
rəssamlardan İlqar Mehdiyev və Fidan Axundovanın
rəsmlərindən də istifadə olunub. Ümid edirik ki, Rafiq
Yusifoğlunun digər kitabları kimi "Quşlar dünyası" adlı
kitabı da balaca oxucularımızın xoşuna gələcək, müəllim
və tərbiyəçilərin yaxın köməkçisinə çevriləcək.
Günel
ALMAZ,
"Göyərçin" jurnalının baş
ədəbi işçisi,
"Xan qızı Natəvan"
mükafatının laureatı |