Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

60 yaş kamillik çağıdır

 

Aqillər əllidən sonrakı yaş dövrünü insanın ağıl, kamal dövrü adlandırırlar. Bu təsadüfi deyil. Çünki insan kamilləşməyə gedən yolun bütün pillələrini ustalıqla addımlamalıdır ki, nəticədə istədiyinə nail ola bilsin. Hər yaş dövrünün öz tələbi, öz meyarı vardır. Bu balans pozularsa insan həyatı da orbitindən çıxmış gəmi kimi yolunu çaşar və bunu düzəltmək sonra çox çətin olar. Ən əsası odur ki, həyatın enişli-yoxuşlu yollarında büdrəməyəsən. Əhatəmizdə olanların çoxu həyat yolunu düzgün seçən və bu seçimi ilə nəinki özünə, eyni zamanda yaxınlarına, onu əhatə edənlərə yardımı olan insanlardır. Belə insanlardan biri də  ömrünün 41 ilini zəhmətdə keçirən Vidadi  İskəndər oğlu Quliyevdir. O, bu şərəfli yolun ilk 5 ilini  neft  və qazçıxarma müəssisələrində,  36 ilini  isə texniki peşə təhsili sistemində çalışmışdır. Vidadi müəllim peşə təhsilinə həsr etdiyi ömür yolundan hər zaman razılıqla danışır, heç vaxt yorulub usanmadığını deyir. Bu, insan üçün  çox yüksək keyfiyyətdir. Hər kəs gərək öz işindən zövq alsın, həvəslə işləsin. Onun nəticəsidir ki, Vidadi müəllim  respublikamızda peşə təhsilində ən çox iş təcrübəsi olan rəhbər kimi bu gün də 14 nömrəli Bakı Peşə Liseyində direktor vəzifəsində işləyir.  

O, ömür yollarını xatırlayarkən böyük bir ailədə dünyaya göz açdığını, həyatındakı bütün uğurlarına zəhməti və bacarığı sayəsində nail olduğunu deyir. Atası İskəndər Nəsib oğlu Quliyev 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etdikdən sonra Vətənə dönərək Gəncə şəhərində   təhsil almış, sonra  Gədəbəy rayonunun Şınıx kəndindəki kolxozda  baş mühasib vəzifəsində işləyərək el-oba içində böyük hörmət və nüfuz sahibi   olmuşdur. O, bədii yaradıcılıqla da məşğul  olmuş, şeirlər yazmış və aşıqlıq sənətinin bilicisi olmaqla yaxşı saz çalmağı da bacarmışdır. İskəndər kişi Nabat xanım ilə birlikdə 9 övlad böyüdərək hər birini ailə sahibi etmişdir. Rayonda sayılıb-seçilən, zəhmətkeş bir kişinin ocağında böyüyən  gənc Vidadi həmişə ailəsinin şərəf və ləyaqətini uca tutmağa çalışmış və buna  nail olmuşdur.

...1952-ci il may ayının 15-də Gədəbəy rayonunun Şınıx kəndində Kollu məhəlləsində ziyalı ailəsində dünyaya göz açan Vidadi Quliyev 1959-cu ildə  rayonun Çayrəsullu kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuş və 1969-cu ildə tam orta təhsilini başa vurmuşdur. O, həmin il  Bakı şəhərinə gələrək təhsilini Səbail rayonunda yerləşən 23 nömrəli orta texniki peşə məktəbində davam etdirmişdir. 2 ildən sonra məktəbi bitirərək çilingər peşəsinə yiyələnmişdir. 1971-ci ildə 26 Bakı Komissarları adına Neft-Qazçıxarma İdarəsinin neftin nəql edilməsi sexində çilingər kimi əmək fəaliyyətinə başlamışdır.

1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra "Xəzər Dəniz Neft Tikinti" Trestinin  mexanizasiya idarəsində qaldırıcı nəqliyyat maşınları üzrə maşinist vəzifəsində işləmişdir.

Vidadi müəllimin təhsilə həvəsi onu tədris sahəsində işləməyə  sövq etmiş və o, 1976-cı ildən həyatını texniki peşə təhsili ilə bağlamışdır. O vaxtdan fasiləsiz olaraq ilk peşə-ixtisas təhsili müəssisələrində çalışır. Rəhbərlik onu bacarıqlı mütəxəssis kimi gənc fəhlə kadrlarının hazırlığında iştirak etmək üçün Nərimanov rayonunda yerləşən 81 nömrəli Texniki Peşə Məktəbinə göndərmişdir. O, qülləli kran maşinisti peşəsi üzrə istehsalat təlimi ustası və ixtisas fənn müəllimi vəzifələrində çalışmışdır. 1979-cu ildə Respublika Texniki Peşə Təhsili Komitəsinin rəhbərliyi onu 61 nömrəli Orta Texniki Peşə Məktəbinə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin etmişdir. 1985-ci ildə isə o, 14 nömrəli Orta Texniki Peşə Məktəbinə baş usta vəzifəsinə keçirilmişdir.1987-ci ildə 25 nömrəli Orta Texniki Peşə Məktəbinə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 1988-ci ilin may ayında 60 nömrəli Orta Texniki Peşə Məktəbinə  müvəqqəti direktor vəzifəsinə   təyin olunmuş və rəhbərliyin təşəbbüsü ilə 1988-ci il iyulun 1-dən 80 nömrəli Orta Texniki Peşə Məktəbinə direktor vəzifəsinə göndərilmişdir. 1996-cı ildə Nazirlər Kabinetinin qərarı ilə 80 nömrəli Orta Texniki Peşə Məktəbinin bazasında  14 nömrəli Bakı Peşə Liseyi  yaradılmışdır. Beləliklə, Vidadi müəllim  ötən 36 illik pedaqoji fəaliyyəti ərzində istehsalat təlimi ustası, ixtisas fənn müəllimi, baş usta, tədris- istehsalat işləri üzrə direktor müavini işləmiş və 1988-ci ildən isə direktor vəzifəsində çalışır.

Vidadi müəllim həmişə özünütəhsilə xüsusi fikir vermiş və təhsilini artırmaqda davam etmişdir. 1971-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutuna qəbul olunmuş və mühəndis-mexanik ixtisasına yiyələnmişdir. İqtisadiyyat sahəsinə olan marağı onu Moskva Kooperasiya İnstitutuna gətirmiş  və 5 illik təhsildən sonra iqtisadçı-mühasib ixtisasını  almış, sonralar Zaqafqaziya Komsomol Məktəbini   və  Marksizm-Leninizm  Universitetini də  bitirmişdir.

Vidadi müəllim eyni zamanda yaradıcılıq işləri ilə də məşğul olur. Özünün dediyi kimi, bu da ona mərhum atasından qalmış mirasdır. O, təhsilimizin problemləri ilə bağlı  onlarla elmi məqalənin müəllifidir. Onun məqalələri "Gənc fəhlə", "Azərbaycan  məktəbi", "Pedaqoji tədqiqatlar", "Sənətkar" və digər jurnallarda nəşr edilmiş, müxtəlif qəzetlərdə isə siyasi və ictimai mövzularda  məqalələri çap olunmuşdur. "Sənətkar" jurnalının 40 illik yubileyinə həsr olunmuş müəlliflik müsabiqəsində I yeri tutaraq Təhsil Nazirliyinin diplomuna layiq görülmüşdür. O, eyni zamanda bir neçə tədris proqramının və metodiki tövsiyələrin müəllifidir.

Vidadi müəllim bədii yaradıcılıqla da məşğul olur. Onun şeirlər kitabı artıq nəşr edilmək üçün hazırdır.

İşgüzar və səmərəli fəaliyyətinə görə Vidadi müəllim bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının və bir sıra təşkilatların fəxri fərmanları ilə təltif olunmuşdur. Təhsil sahəsindəki uğurlarına görə 2011-ci ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil  işçisi" döş nişanı ilə təltif edilmişdir.

Vidadi müəllim ictimai işlərdə də fəal olmuş, həmişə dövlət və xalq mənafeyini hər şeydən üstün tutmuşdur. Bu keyfiyyətlərinə görə 1990-1995-ci illərdə Bakı şəhəri Nizami rayon sovetinin deputatı və 1999-2004-cü illərdə Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin üzvü seçilmişdir. Həmin illərdə  Bakıxanov bələdiyyəsinin "Hüquq məsələləri" daimi komissiyasının sədri olmuşdur.  

Vidadi müəllim  təhsil nazirinin əmri ilə peşə məktəblərinin (liseylərinin) akkreditasiyası komissiyalarında sədr və komissiya  üzvü kimi fəal iştirak edir. Mən bunu birlikdə fəaliyyət göstərdiyimiz komissiyaların işi zamanı müşahidə etmişəm. O, işgüzar, prinsipial, intizamlı və bilikli olduğu qədər də sadə, yoldaşlıqda mehriban və şən əhvali-ruhiyyəyə  malik bir insandır. Onunla Mingəçevirdə, Xaçmazda, Balakəndə, Ağdamda,   Cəlilabadda və Zaqatalada  birgə ezamiyyədə olduğum günlərdə onu daha da yaxından tanıdım. Peşə təhsili sahəsini dərindən bilən, siyasi savadlı, vətənə və millətə bağlı bir ziyalı olduğu qədər dostluğa da sədaqətli olduğuna  bir daha əmin oldum.

Vidadi müəllimin rəhbərlik etdiyi 14 nömrəli Bakı Peşə Liseyinin  mühəndis-pedaqoji işçiləri onun haqqında ancaq xoş sözlər söyləyirlər. Çünki o, hamını diqqətlə dinləyir, onların qayğısına qalır və imkan daxilində problemlərinin həlli üçün köməklik göstərir. Şagirdlər və valideynlər arasında xüsusi hörmətə malikdir.

Vidadi müəllim gözəl ailə başçısıdır: 4 övladı və 4 nəvəsi vardır. Oğlu İlqar ali təhsillidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr və magistr pillələrini bitirmişdir. Karate idman növü üzrə 2-ci dan qara kəmər almışdır. İdman ustasıdır. Bakı Sənaye Pedaqoji Texnikumunda müəllim işləyir.

Qızı İradə ali pedaqoji təhsillidir. Bakı Qızlar Universitetinin bakalavr pilləsini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda müəllim işləyir.

Qızı Nailə Azərbaycan Dillər Universitetinin bakalavr və magistr pillələrini bitirmişdir. Bakı Sosial İqtisad Kollecində müəllim işləyir.

Qızı Sevinc Azərbaycan Müəllimlər İnstitutunun bakalavr pilləsini bitirmişdir. Bakıdakı 90 nömrəli orta məktəbdə informatika müəllimi işləyir. Bunları sadalamaqla Vidadi müəllimin rəhbərlik etdiyi ailənin ziyalı, nümunəvi bir ailə olduğunu oxucuların nəzərinə  çatdırmaq istəyirəm.

Bu gün Vidadi Quliyev ömrünün 60-cı baharını yaşayır. Bu yaş Vidadi müəllimə çox yaraşır. Çünki bu gün o, sözün əsl mənasında, kamillik dövrünü yaşayır. Onun çöhrəsində altımışın müəyyən cizgiləri görünsə də o, hələ enerjili, odlu-alovlu bir gənc təsiri bağışlayır insana. Çünki dağ vüqarlı ellərin izi var onda. Mən ümidvaram ki, Vidadi Quliyev  bundan sonra da  dövlətimiz və qədirbilən xalqımız üçün yorulmadan çalışacaq, neçə belə yubiley illərinin səadətini onu istəyənlərə bəxş edəcəkdir.

Çoxsaylı peşə təhsili işçiləri adından Vidadi müəllimi yubiley münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram.

 

Şahbaz BALAKİŞİYEV,
"Sənətkar" jurnalının baş redaktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov