Təhsil sistemi
Bolqarıstan Respublikası ənənəvi olaraq yüksək
təhsil standartlarına malik ölkə kimi tanınır.
Ölkədə təhsilə göstərilən qayğı bütün pillələr
üzrə tədrisin keyfiyyətli təşkilinə imkan verir.
Bolqarıstanda ilk təhsil müəssisələri VIII əsrdə
fəaliyyətə başlayıb. İlk ali məktəblər də məhz
bu dövrdə yaradılıb.
XIX əsrin əvvəllərində oğlanlar, daha sonralar
isə qızlar üçün ilk müasir tipli məktəblər
yaranmağa başlayıb. Bu məktəblərdə yazı, oxu və
riyaziyyat üzrə yalnız ümumi biliklər verilib.
1878-ci ildə "Milli Məktəblər haqqında"
müvəqqəti qanun qəbul edilib. Bu qanunun qəbulu
ilə kəndlərdə məktəblərin yaranması və təhsilin
inkişaf etdirilməsi stimullaşdırılıb.
1998-ci ildən orta təhsil 12 illik, təhsil
sistemi 4 pillədən ibarətdir: məktəbəqədər, əsas
(ibtidai və orta təhsilin aşağı pilləsi), orta
və ali təhsil pilləsi. Məktəbəqədər və ümumi
təhsil müəssisələrində tədris bolqar dilində
aparılır.
Məktəbəqədər təhsilə 3-7 yaşlı uşaqlar cəlb
olunur. Uşaqlar 7 yaşdan etibarən I sinfə qəbul
edilir. Bəzən valideynlərinin istəyi əsasında 6
yaşlı uşaqlar da məktəbə gedə bilərlər. I-IV
siniflər ibtidai, V-VIII (bəzən V-VII) siniflər
orta təhsilin aşağı, IX-XII (bəzən VIII-XII və
ya XIII) siniflər isə orta təhsil pilləsini
əhatə edir.
Qeyd etdiyimiz kimi, əsas təhsil pilləsi ibtidai
və orta təhsilin aşağı mərhələsindən ibarətdir.
Əsas təhsil pilləsi icbaridir. Dövlət
məktəblərində təhsil pulsuzdur.
Sosializm quruluşu dağıldıqdan sonra
Bolqarıstanda əhalinin artım tempinin aşağı
düşməsi ibtidai və orta təhsil pilləsində
şagirdlərin və tədris heyətinin sayının
azalmasına səbəb olub. Son 20 ildə ölkə üzrə
özəl məktəblərin sayı 10 dəfə artıb, ali təhsil
sistemi yenidən təşkil edilib. Ali təhsil
sahəsində aparılan islahatlar sayəsində
universitetlərə axın güclənib. Həm dövlət, həm
də özəl ali təhsil müəssisələrində təhsil
ödənişlidir.
XX əsrdə təhsilin forma və məzmunu əsaslı
şəkildə yenidən qurulub. Xüsusilə texniki peşə
təhsilinin yüksək inkişafı təmin olunub. Məhz bu
dövrdən etibarən təhsil sisteminin siyasi
təsirdən çıxarılması məsələsinə diqqət ayrılıb.
1979-cu ildə Vahid Orta Politexnik Məktəbi
fəaliyyətə başlayıb. Bu məktəbin 12 illik təhsil
proqramında əsasən texniki fənlərə diqqət
yetirilir.
Xüsusi ehtiyaclı uşaqlara müvafiq təmayüllü
məktəbəqədər təhsil müəssisələrində təhsil almaq
imkanı yaradılır. Belə təhsil müəssisələrində
çalışan işçilər uşaqlara daim nəzarət edir,
onların sosial-psixoloji inkişafına yardımçı
olurlar.
Fiziki və əqli qüsuru olan uşaqlara dəstək və
təhsil vermək məqsədilə ölkədə dövlət tərəfindən
maliyyələşən internat-məktəblər şəbəkəsi
mövcuddur.
Xüsusi ehtiyaclı uşaqlar ilə işləyən müəllimlər
müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsinə
malik olmalıdırlar. Onlar həmçinin Təhsil,
Gənclər və Elm Nazirliyinin təsis etdiyi
ixtisasartırma kurslarından keçməlidirlər.
Təhsil sisteminin əks-mərkəzləşdirilməsi
prinsipinin tətbiqi sayəsində əsas, orta və ali
təhsil pillələrində adambaşına maliyyələşdirmə
modeli tətbiq olunub. Adambaşına maliyyələşmə
modeli təhsilalanların sayına görə təhsil
müəssisəsinə vəsaitlərin ayrılmasını nəzərdə
tutur.
Ölkədə təhsil və elm strategiyasının
hazırlanması, tətbiqi, inkişafı məsələlərinə
Təhsil, Gənclər və Elm Nazirliyi cavabdehdir.
Məktəbəqədər təhsil
Bolqarıstanda
məktəbəqədər təhsil dövlət, bələdiyyə və ya özəl
təhsil müəssisələrində həyata keçirilir.
Məktəbəqədər təhsilə 3-7 yaşlı uşaqlar cəlb
olunur.
Əvvəllər bu təhsil pilləsi icbari olmasa da,
2003-2004-cü tədris ilindən uşaqların
məktəbəqədər təhsil müəssisələrinin və ya
ibtidai məktəblərin nəzdindəki 1 illik
məktəbəqədər hazırlıq qruplarında təhsil alması
icbaridir. Məktəbəqədər hazırlıq qruplarında
uşaqlara hərtərəfli qayğı göstərilir və müvafiq
proqramlar əsasında təhsil verilir.
Statistik məlumatlara görə, 2009-2010-cu tədris
ilində Bolqarıstanda 2262 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrdə
217,8 min nəfər uşağın təlim-tərbiyəsi ilə 19
mindən artıq pedaqoji işçi məşğul olub.
Məktəbəqədər təhsil dövlət, bələdiyyə və ya özəl
təhsil müəssisələrində həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinin 95 faizi
dövlətə məxsusdur. Ancaq son illər özəl
məktəbəqədər təhsil müəssisələrinin sayı
artmaqda davam edir.
Məktəbəqədər təhsil müəssisələrində təhsil tam
günlük, yarımgünlük və ya həftəlik ola bilər.
Yarımgünlük bağçalar uşaqların sayı az olan
ucqar bölgələrdə fəaliyyət göstərir. Belə
bağçalar yalnız uşaqların ibtidai təhsilə
hazırlanması üçün cari tələblərinin ödənilməsinə
xidmət edir. Tam günlük və ya həftəlik olan
məktəbəqədər təhsil müəssisələrinin nəzdində
körpələr evi də fəaliyyət göstərir. Bu
müəssisələr 10 aylıq - 3 yaş arası uşaqlar üçün
nəzərdə tutulur.
Məktəbəqədər təhsil müəssisələrində uşaqlar 3-4,
4-5, 5-6 yaş qrupları üzrə qruplaşdırılır. Lakin
bu qruplaşdırma məcburi deyil. Uşaqlar qarışıq
qruplarda da oxuya bilərlər. Bir qrupda 12-22
nəfər uşaq təhsil alır.
Məktəbəqədər təhsil müəssisələrində çalışan
müəllimlər müvafiq sahə üzrə ən azı bakalavr
dərəcəsinə malik olmalıdırlar. Bundan başqa,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar ilə işləyən
müəllimlər Təhsil, Gənclər və Elm Nazirliyinin
təsis etdiyi ixtisasartırma kurslarından
keçməlidirlər.
Əsas təhsil
Qeyd
etdiyimiz kimi, əsas təhsil I-VIII sinifləri
əhatə edir və icbaridir. Əsas təhsil dövlət
məktəblərində, bələdiyyə məktəblərində və ya
özəl məktəblərdə həyata keçirilir. Bu təhsil
pilləsinə daxil olan ibtidai (I-IV siniflər) və
orta təhsilin aşağı pilləsinin (V-VIII siniflər)
hər biri 4 il davam edir. Tədris ili sentyabrdan
başlayır və may ayının sonlarında başa çatır.
İbtidai siniflərdə şagirdlərin sayı 16-22 nəfər
arasında dəyişir. 5 günlük tədris həftəsi tətbiq
olunur. Həftədə 4 saat seçmə fənlər keçirilir.
İbtidai təhsil pilləsində proqram üzrə nəzərdə
tutulan bütün fənlər bir müəllim tərəfindən
tədris olunur. Bu pilləni uğurla başa vuran
şagirdlərə müvafiq sertifikat verilir.
Orta təhsilin aşağı pilləsində şagirdlərin sayı
bir sinifdə 18-26 nəfər arasında dəyişir. Bu
təhsil pilləsində hər bir fənn ixtisas müəllimi
tərəfindən tədris edilir. Müəllimlərin həftəlik
iş saatının miqdarı 18-30 saat civarındadır.
Dərslər həftədə 5 gün və adətən 2 növbədə -
səhər və günorta növbəsində tədris edilir.
Tədris ili 2 rübdən ibarətdir. Qiymətləndirmə
sistemi 6 ballıq şkala üzrə müəyyən olunur. Ən
yüksək qiymət 6, ən aşağı qiymət isə 2-dir.
Əsas təhsil pilləsini uğurla tamamlayan
şagirdlər müvafiq sertifikata layiq görülürlər.
Orta təhsil
Orta
təhsil pilləsi IX-XII sinifləri (bəzi
ixtisaslaşmış orta məktəblərdə VIII-XII və ya
XIII siniflər) əhatə edir. 4 və ya 5 illik
(bəzən 6 illik) orta təhsilə ümumi təhsil orta,
ixtisaslaşmış və texniki peşə məktəblərində
yiyələnmək mümkündür.
Orta məktəblər dövlət, bələdiyyə və özəl
qurumların nəzdində fəaliyyət göstərir. Bu
məktəblərə qəbul bolqar dili və riyaziyyat
imtahanının və əsas təhsil pilləsinin qiymətləri
əsasında həyata keçirilir.
Orta məktəbləri bitirən şagirdlər bolqar
dilindən və sonuncu tədris ilində tədris olunmuş
hər hansı bir fəndən buraxılış imtahanı
verirlər. Tədrisin səviyyəsini qorumaq üçün bir
sinifdə 22 şagird qruplaşdırılır.
Özəl orta təhsil müəssisələri istisna olmaqla,
Bolqarıstanda orta təhsil pulsuzdur. Lakin
şagirdlər pulsuz dərsliklərlə təmin olunmurlar.
Özəl təhsil müəssisələrində təhsil haqqının
həcmi məktəb rəhbərliyi tərəfindən
müəyyənləşdirilir.
İxtisaslaşmış orta məktəblərə qəbul,
təmayülündən asılı olaraq VII və ya VIII sinfi
başa vurduqdan sonra aparılır. Məktəbin
təmayülündən (bolqar dili və ədəbiyyatı, xarici
dil, riyaziyyat, informatika, təbiət elmləri,
humanitar elmlər və s.) asılı olaraq imtahanlar
keçirilir. Belə məktəblərdə müvafiq istiqamətlər
üzrə daha dərin biliklər əldə etmək istəyən
şagirdlər təhsil alır.
Xarici dil təmayüllü məktəblərə qəbul VII sinfi
tamamladıqdan sonra həyata keçirilir. Bu
məktəblərdə tədris VIII-XII və ya XIII sinifləri
əhatə edir.
Bolqar dili və ədəbiyyatı, təbiət elmləri,
riyaziyyat, humanitar elmlər, idman, incəsənət
təmayüllü məktəblərə qəbul VIII sinfi
tamamladıqdan sonra həyata keçirilir. Bu
məktəblərdə tədris IX-XII və ya XIII sinifləri
əhatə edir.
İxtisaslaşmış məktəbləri bitirən şagirdlər
bolqar dilindən və əsas ixtisas fənnindən
buraxılış imtahanı verirlər. Yalnız bolqar dili
və ədəbiyyatı üzrə ixtisaslaşmış orta
məktəblərdə şagirdlər bolqar dili və ədəbiyyatı
ilə yanaşı ikinci əsas fəndən də imtahana cəlb
olunurlar. Sonuncu tədris ilində hər hansı əsas
fəndən orta və illik qiyməti ən azı 5 (çox
yaxşı) olan şagirdlər buraxılış imtahanlarından
azad edilirlər.
Bolqarıstanda ümumi təhsil kurikulumu fənlər
üzrə 8 istiqamətə bölünür: bolqar dili və
ədəbiyyatı, xarici dil, riyaziyyat, informasiya
texnologiyası, humanitar elmlər və ictimaiyyat,
təbiət elmləri və ekologiya, musiqi və
incəsənət, fiziki təhsil və idman.
Texniki peşə təhsili
Bolqarıstanda
peşə təhsili və təliminə iki dövlət qurumu -
Təhsil, Gənclər və Elm Nazirliyi, eləcə də Əmək
və Sosial Siyasət Nazirliyi cavabdehlik daşıyır.
Təhsil, Gənclər və Elm Nazirliyi ümumilikdə
təhsil, büdcə məsələlərinə, ilkin peşə təhsili
və təlimi sisteminin fəaliyyətinin
tənzimlənməsinə məsuldur. Əmək və Sosial Siyasət
Nazirliyi isə peşə təhsili sisteminin işinin
əmək bazarının tələbləri ilə əlaqələndirilməsinə
nəzarət edir.
Texniki peşə təhsili müəssisələri sırasına
texniki, peşə məktəbləri və peşə kollecləri
daxildir. Texniki və peşə məktəbləri statusuna
görə dövlət və özəl ola bilər. Lakin statusundan
asılı olmayaraq bütün peşə məktəblərinin
fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Texniki məktəblərə qəbul VIII və ya IX sinifdən
həyata keçirilir. VIII sinifdən qəbul olan
şagirdlər üçün təhsil müddəti 5 il, IX sinifdən
qəbul olanlar üçün təhsil müddəti 4 il davam
edir.
Peşə məktəblərinə qəbul IX sinifdən başlayır. Bu
təhsil müəssisələrində tədris 3 illik kurikuluma
uyğun olaraq həyata keçirilir.
Texniki və texniki peşə məktəblərində digər
tədris formaları, o cümlədən axşam dərsləri və
sənaye müəssisələrində təcrübələr təşkil edilir.
Axşam dərslərində davamiyyət məcburidir.
Texniki və ya peşə məktəblərini tamamlayanlar
müvafiq peşə və ixtisaslara yiyələnirlər.
Bununla da onlar birbaşa əmək bazarına daxil
olmaq imkanı qazanırlar.
Peşə kolleclərinə qəbul orta təhsil pilləsini
tamamladıqdan sonra həyata keçirilir. Peşə
kolleclərində təhsil müddəti 2 il davam edir.
Texniki peşə təhsili müəssisələrində, həmçinin
yaşlılar üçün idarəetmə, mexanika, tikinti, kənd
təsərrüfatı, nəqliyyat, mehmanxana idarəçiliyi
sahəsində axşam və qiyabi kurslar təklif
olunur.
Ali təhsil
Bolqarıstanda
51 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Onlardan 37-si dövlət, 14-ü isə özəl ali
məktəbdir. Ali təhsil müəssisələri sisteminə
universitetlər, xüsusi ali təhsil məktəbləri və
kolleclər daxildir.
Ali təhsil bakalavriatura, magistratura və
doktorantura səviyyələrinə bölünür.
Bakalavriatura səviyyəsi 4 il, magistratura
səviyyəsi isə 1 il davam edir. Doktorantura
səviyyəsinin tamamlanması fəlsəfə doktoru elmi
dərəcəsinin əldə edilməsi ilə nəticələnir.
Universitetlərdə 4 əsas elm sahəsinin (humanitar
elmlər, təbiət elmləri, ictimai elmlər və
texniki elmlər) müxtəlif istiqamətləri üzrə
ixtisaslı kadrlar hazırlanır. Ali məktəblər
elmin inkişafına töhfə vermək üçün geniş
tədqiqat potensialına və zəngin maddi-texniki
bazaya malikdir. Tələbələr universitetləri
istədikləri səviyyədə tərk etmək hüququna
sahibdirlər.
Xüsusi ali təhsil müəssisələrində müxtəlif
sahələr üzrə ixtisaslı kadrlar hazırlanır.
Adətən xüsusi ali təhsil müəssisələrinin adları
onların təklif etdiyi ixtisaslaşma sahələrini
əks etdirir. Bu ali məktəblər də bütün elmi
dərəcələr üzrə kadrlar hazırlamaq hüququna
malikdir.
Kolleclərdə nisbətən qısa və peşəyönümlü
proqramlar təklif edilir. Kolleclər əvvəllər
orta ixtisas təhsili statuslu müəssisələr
olsalar da, hazırda bu tədris ocaqları
universitetlərin tərkib hissəsi kimi onların
maddi-texniki və kadr bazasından istifadə edir.
Bundan başqa, öz akademik və maddi-texniki
bazası olan müstəqil kolleclər də fəaliyyət
göstərir. Həmin kolleclərdə təhsil müddəti 3
ildir.
Dövlət ali təhsil müəssisələrində təhsil haqları
Nazirlər Şurası tərəfindən müəyyən olunur.
Tələbələr təhsil haqlarını ildə iki dəfə olmaqla
hər semestrin başlanğıcında ödəyirlər. Maddi
imkanı zəif olan tələbələr təhsil haqqından
qanuna uyğun olaraq azad edilirlər. Özəl ali
təhsil müəssisələrində təhsil haqları tədris
ocaqlarının özləri tərəfindən müəyyən olunur.
Ali təhsil pilləsində tədris ili iki semestrdən
ibarətdir. Dərslər oktyabrda başlayıb iyunda
qurtarmaqla 9 ay davam edir.
Avropa İttifaqı ölkələrindən olan tələbələr
Bolqarıstanda təqaüd proqramları vasitəsilə
təhsil ala bilərlər. Təqaüdlər dövlət, ali
məktəblər və digər qurumlar tərəfindən verilə
bilər.
Təqaüdlər akademik nailiyyətlərə və maddi
imkanın zəifliyinə görə də müəyyənləşdirilir.
Akademik nailiyyətlərə görə verilən təqaüdlər
əvvəlki iki semestrdə alınmış orta qiymətlərə
əsasən təyin olunur.
Əlavə təhsil
Bolqarıstanda
əlavə təhsil imkanlarının artırılmasına xüsusi
diqqət yetirilir. Fasiləsiz peşə təhsili və
təlimi, o cümlədən yaşlıların təhsili sisteminə
müvafiq olaraq həm Təhsil, Gənclər və Elm
Nazirliyi, həm də Əmək və Sosial Siyasət
Nazirliyi cavabdehlik daşıyır.
Son onillik ərzində yaşlıların təhsili sahəsində
də nəzərəçarpan inkişaf müşahidə edilməkdədir.
Avropa İttifaqına qoşulduqdan sonra bir çox
sahələrdə olduğu kimi, fasiləsiz təlim və
yaşlıların təhsilinin inkişaf etdirilməsi
məsələsi də aktuallaşıb. Lakin Avropa
İttifaqının statistikasına görə, yaşlıların
(25-64 yaş arası) fasiləsiz təlimə cəlb
olunmasının səviyyəsinə görə Bolqarıstan aşağı
yerlərdən birini tutur.
2008-ci ildə Milli Fasiləsiz Təlim
Strategiyasının qəbul edilməsi məhz bu sahədə
mövcud olan problemlərin aradan qaldırılmasına
yönəlib. Bu sənəddə həm Avropa kontekstində, həm
də milli kontekstdə fasiləsiz təlimin inkişaf
etdirilməsi məsələləri əksini tapıb.
İnsan Resurslarının İnkişafı üzrə Fəaliyyət
Proqramının (2007-2013) da məqsədi insan
kapitalının gücləndirilməsi, yüksək məşğulluq
səviyyəsinə nail olunması, məhsuldarlığın
artırılması, fasiləsiz təlimin genişləndirilməsi
və keyfiyyətinin yüksəldilməsi vasitəsilə
əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasından ibarətdir. Proqram əsas və
peşə kompetensiyalarını nəzərə almaqla
yaşlıların təhsili üçün geniş imkanlar yaradır
və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə
xidmət edir.
Bundan əlavə, Peşə Təhsili və Təlimi Aktında
ilkin və fasiləsiz peşə təhsilinin keyfiyyətinin
yüksəldilməsi, əmək bazarının tələblərinin
nəzərə alınması məsələləri əks olunub.
Bolqarıstanda dövlət və bələdiyyə mərkəzləri,
axşam məktəbləri, peşə məktəbləri və kollecləri,
təlim mərkəzləri, məlumat və yardım mərkəzləri,
eləcə də ali təhsil müəssisələrində yaşlıların
təhsili proqramları tədris olunur. Təqdirəlayiq
haldır ki, bir çox şirkətlər və qeyri-hökumət
təşkilatları, müxtəlif özəl qurumlar tərəfindən
də distant təhsil kursları təklif edilir.
Təhsilin idarə olunması
Bolqarıstanda 28 regional təhsil idarəsi
fəaliyyət göstərir. Regional təhsil idarələri
Təhsil, Gənclər və Elm Nazirliyinin regional
idarəetmə qurumu olmaqla bölgələrdə dövlət
təhsil müəssisələrinin idarə edilməsinə
cavabdehlik daşıyırlar.
Bələdiyyə təhsil idarələri isə yerli struktur
kimi özünüidarəetmə qurumlarının təhsil
siyasətinin həyata keçirilməsində iştirak
edirlər.
Məktəblər hüquqi müəssisə hesab edilir. Onların
pedaqoji, təşkilati, metodoloji və idarəetmə
baxımından müstəqilliyi son zamanlar daha da
artıb.
Məktəbin idarəetmə işinə rəhbərliyi məktəb
direktoru və pedaqoji şura həyata keçirir.
Pedaqoji şura pedaqoji məsələləri müzakirə və
həll edən qurumdur. Məktəbin direktoru pedaqoji
şuranın verdiyi qərarların icrasını təmin edir.
Məktəbin himayədarlar şurası isə valideynlər və
ictimaiyyətlə əlaqələrin yaradılmasına
cavabdehdir. Himayədarlar şurasında məktəb
direktoru, müəllimlər, valideynlər, iş adamları,
ictimai xadimlər təmsil oluna bilərlər. Bundan
başqa, məktəblərdə valideyn şurası, sinif şurası
və şagird şurası fəaliyyət göstərir.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin, əsas
və orta məktəblərin direktorları Təhsil, Gənclər
və Elm Nazirliyi tərəfindən təyin olunur.
Bələdiyyə məktəbəqədər təhsil müəssisələrinin və
məktəblərinin direktorları isə regional təhsil
idarələri tərəfindən təyin edilir.
Qeyd etdiyimiz kimi, peşə təhsili və təliminə
iki dövlət qurumu - Təhsil, Gənclər və Elm
Nazirliyi, həmçinin Əmək və Sosial Siyasət
Nazirliyi cavabdehlik daşıyır.
Ali təhsil müəssisələrinin təsis olunması
qanunvericiliyə əsasən, parlament tərəfindən
həyata keçirilir. Nazirlər Şurasının təklifi
əsasında parlamentin ali təhsil müəssisələrini
təsis etmək, birləşdirmək və bağlamaq hüququ var.
Ali məktəblərdə təhsil və elm siyasəti Elmi Şura
tərəfindən həyata keçirilir. Ali təhsil
müəssisələrinə və Elmi Şuraya rektor rəhbərlik
edir. Elmi Şura 25-45 nəfər üzvdən, o cümlədən
əmək müqaviləsi əsasında işə götürülən akademik
heyətdən, tələbələrdən və digər işçilərdən
ibarətdir.
Beynəlxalq
əlaqələr
Avropa İttifaqının yeni üzvü olan Bolqarıstan
Avropa vahid təhsil məkanının
formalaşdırılmasında fəal iştirak edir. Ölkə
Avropa İttifaqının təhsil, elm, təlim sahəsində
bir sıra layihələrinə qoşulub. Bu layihələr
Bolqarıstan hökumətinin digər ölkələrlə
bağladığı ikitərəfli və çoxtərəfli müqavilələr
çərçivəsində həyata keçilir.
Bolqarıstan Avropa Şurasının, YUNESKO-nun,
Cənub-Şərqi Avropada Təhsil İslahatı Təşəbbüsü
Təşkilatının maliyyələşdirdiyi layihələrdə də
uğurla iştirak edir. 1997-ci ildə Bolqarıstan
hökuməti diplomların qarşılıqlı tanınmasına dair
Lissabonda Avropa Şurasının və YUNESKO-nun
konvensiyasını imzalayıb. 1999-cu ilin 19 iyun
tarixində Avropa Təhsil Nazirlərinin Müştərək
Bəyannaməsini imzalayan 29 ölkədən biri də
Bolqarıstandır.
Bolqarıstan Mərkəzi Avropa Mübadilə Proqramı
çərçivəsində Albaniya, Xorvatiya, Çexiya,
Macarıstan, Makedoniya, Polşa, Rumıniya,
Slovakiya, Sloveniya, Serbiya və Monteneqro kimi
ölkələrlə əməkdaşlıq edir. Gücləndirilmiş Qrats
Prosesi çərçivəsində Cənub-Şərqi Avropa ölkələri
ilə ali təhsil, peşə təhsili və təlimi, ümumi
təhsil sahəsində uğurlu əlaqələrə malikdir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Bolqarıstanın Təhsil,
Gənclər və Elm Nazirliyinin rəsmi
məlumatlarından istifadə olunub. |