| 
						
						Mayın 18-də Azərbaycan Dillər Universitetində   
						Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair 
						Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami 
						Gəncəvinin ictimai-fəlsəfi lirikası" mövzusunda 
						elmi-praktik konfrans keçirildi. Universitetin 
						tələbə-müəllim heyətinin iştirak etdiyi konfransda 
						ADU-nun rektoru, Milli Məclisin deputatı, professor 
						Səməd Seyidov çıxış edərək rəhbərlik etdiyi 
						universitetdə ədəbi tədbirlərin keçirilməsinin bir ənənə 
						halını aldığını bildirdi.  N.Gəncəvinin Azərbaycan 
						ədəbiyyatının incilərindən biri olduğunu deyən S.Seyidov 
						bu yaxınlarda İtaliyada Heydər Əliyev Fondunun dəstəyi 
						ilə dahi şairə abidə ucaldıldığını qeyd etdi. 
						
						Rektor Azərbaycan Prezidenti cənab İlham Əliyevin  "Dahi 
						Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 
						illik yubileyinin keçirilməsi haqqında" sərəncam 
						imzaladığını diqqətə çatdırdı. Ölkədə ədəbi mühitin 
						inkişafına və öyrənilməsinə dövlət qayğısından danışan 
						S.Seyidov  N.Gəncəvinin yaradıcılığı ilə bağlı aparılan 
						tədqiqatların bu günədək davam etdiyini, onun zəngin 
						irsinin hələ də elmi tədqiqatlarda öz əksini tapdığını 
						və bundan sonra da onun yaradıcılığı ilə bağlı 
						araşdırmalara ehtiyac olduğunu vurğuladı. O, 
						N.Gəncəvinin Azərbaycan şairi olmaqla yanaşı, 
						bəşəriyyətin də ədəbi incilərindən biri olduğunu qeyd 
						etdi. Rektor "Nizami Gəncəvi böyük mütəfəkkir, filoloq 
						və öz dövrünün dahi filosofudur", - dedi.  
						
						Bakı Dövlət Universitetinin  Azərbaycan dili və 
						ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti 
						Mətanət Abdullayeva "Nizami yaradıcılığında sufi eşq 
						yolunun təqdimi" mövzusunda məruzə ilə çıxış etdi.  
						Sufizm barəsində məlumat verən M.Abdullayeva N.Gəncəvi 
						yaradıcılığında sufizmlə bağlı olan məqamlara toxundu.  
						Dosent  şairin "Yeddi gözəl" poemasında sufi 
						ədəbiyyatının xüsusiyyətlərinin geniş yer aldığını 
						bildirdi.  
						
						Sonra "Nizaminin eşq fəlsəfəsi"ndən  ADU-nun Azərbaycan 
						ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyeva danışdı. 
						A.Hacıyeva bəşər və cəmiyyətin kamilləşməsi 
						istiqamətində Nizami əsərlərinin əhəmiyyətinə toxundu. O, 
						şairin əsərlərində insan mənəviyyatını zənginləşdirən 
						məqamlardan bəhs etdi.  
						
						Azərbaycan Milli Elmlər Akademiyasının  Nəsimi adına 
						Dilçilik İnstitutunun baş elmi işçisi, professor İsmayıl 
						Kazımov "Nizami Gəncəvidə sözün estetik meyarları" 
						mövzusunda çıxış etdi. İ.Kazımov şairin yaradıcılığında 
						sözə verilən dəyərdən, onun əsərlərindəki bədii 
						emosional zənginlikdən söhbət açdı.  Azərbaycan Dövlət 
						Pedaqoji Universitetinin  Azərbaycan ədəbiyyatı tarixi 
						kafedrasının professoru Mahmud Allahmanlı isə çıxışında 
						"Nizami Gəncəvi poeziyasının folklor qaynaqları"ndan 
						bəhs etdi. 
						
						Şakir CƏFƏROV |