30 ildən artıqdır ki, Ucar şəhər 2 nömrəli orta məktəbin
dil-ədəbiyyat müəllimiyəm. Məktəb fənn metodbirləşməsinə
rəhbərlik edirəm. İşlədiyim illərin çoxu sovet dövrünə
təsadüf edib. Sovet maarif sisteminin çox güclü şaxələrə
malik olması danılmazdır. Uzun illər sovet məktəblərində
ənənəvi metod hegemonluq etmişdir. Ənənəvi metodda
müəllim subyekt, şagird isə obyekt rolunda çıxış edirdi.
Şagirdə müstəqillik verilmirdi. Şagird potensialının bir
hissəsini üzə çıxarırdı. Uzun illər bağlı olduğumuz
metodun artıq arxa plana keçdiyinin şahidi oluruq.
Şagirdin öyrəndiyi bilikləri tətbiq edə bilməməsi
ənənəvi metodun uğursuzluqlarındandır. Mənə elə gəlirdi
ki, bu metod həmişə öndə gedəcək, flaqman rolu
oynayacaqdır. Amma belə olmadı. Fəal interaktiv metod
ənənəvi metodu üstələdi. Təhsil islahatının həyata
keçirilməsi ilə əlaqədar olaraq ənənəvi metod
sıxışdırılaraq öz yerini interaktiv metoda verdi.
İnteraktiv metodda mərkəzdə, aparıcı mövqedə şagird
durur. Müəllim istiqamət verən, bələdçi funksiyasını
yerinə yetirir.
İnteraktiv metodda müəllim bir qədər passiv, şagird isə
aktiv rol oynayır. Bu təlim prosesində şagirdlər zəruri
olan biliyi müstəqil kəşf edir və mənimsəyir. Problem
situasiyanı müəllim yaradır, şagird isə tədqiqatçı kimi
problemin həllinə çalışır. Hər iki təlim metodunun
müqayisəsindən məlum olur ki, interaktiv metod hələlik
kütləviləşməsə də, təhsilin tələbatını ödəyən, şagirdi
fəallaşdıran, məntiqini inkişaf etdirən, tədqiqata cəlb
edən metoddur. Bu metodu kütləviləşdirmək üçün güclü
maarifləndirmə işləri aparmaq lazımdır. Bu məqsədlə
müəllimləri kütləvi surətdə kurslara cəlb etmək, külli
miqdarda metodiki vəsaitlər nəşr etdirmək və müəllimlər
arasında yaymaq lazımdır. Yeni təlim metodlarına aid
vəsaitlərin çoxluğu müəllimlərin marağına, öz
üzərlərində daha çox çalışmasına, bu təlim metodlarına
daha çox bağlanmasına səbəb olar. Yeni təlim
metodlarının uğurla tətbiq olunması Azərbaycan təhsil
sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını
sürətləndirir, bizi bu təhsil sisteminə daha da
yaxınlaşdırır və təhsilimizin gələcəyinin daha işıqlı
olacağına təminat yaradır. İnanıram ki, bu metod uğurla
sınaqdan çıxacaq.
Zahidə MƏMMƏDOVA,
Ucar şəhər 2 nömrəli orta
məktəbin dil-ədəbiyyat müəllimi |