Azərbaycandan
uzaqlarda təhsil alan və ölkəmizi layiqincə təmsil edən
gənclər çoxdur. Onlardan biri də Orxan Nadirovdur.
Orxan 2006-cı ildə Bakı Türk Anadolu Liseyini bitirmiş,
elə həmin il qardaş Türkiyə Respublikasının Ankara
şəhərində yerləşən Hacettəpə Universitetinə qəbul
olunmuşdur. İqtisadiyyatın idarə olunması və menecmenti
ixtisası üzrə ingilis dilində təhsil alan bu gənc hər
zaman yüksək bilik səviyyəsi və bacarığı ilə seçilməyə
çalışıb və buna nail olub.
2011-ci ildə bakalavr təhsil pilləsini müvəffəqiyyətlə
başa vuran Orxan elə həmin il "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində Türkiyənin Qazi
Universitetinə mühasibatlıq ixtisası üzrə magistraturaya
qəbul olunub. O, təhsil aldığı illər ərzində seçdiyi
ixtisasa mükəmməl yiyələnmək üçün var qüvvəsini səfərbər
edib və bunun nəticəsində həmişə qazandığı böyük
uğurlarla fərqlənib.
Dərslərini yaxşı oxumaqla bərabər, Orxan ictimai işlərdə
də daim yaxından iştirak edir. O, yüksək səviyyəli
müxtəlif tədbirlərdə, beynəlxalq forum və konfranslarda
dünyanın ayrı-ayrı ölkələrini təmsil edən gənclərlə
ünsiyyətdə olmaqdan, xüsusilə onlara canı qədər sevdiyi
doğma Azərbaycan haqqında məlumat verməkdən və onu
təbliğ etməkdən böyük zövq alır.
Orxan təhsil aldığı Hacettəpə Universitetinin bal
rəqsləri qrupunun solisti, Amerika futbol komandasının
üzvü olmuş, həmin komanda 2009-cu ildə Türkiyə
Respublikasının birincisi olmuşdur.
Orxan Nadirov 2010-cu ildə TRT AVAZ telekanalında
Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında "Ana,
mən Türkiyədəyəm" mövzusunda bir həftə ərzində
keçirilən videosüjet müsabiqəsinin qalibi olmuş və
noutbuk ilə mükafatlandırılmışdır.
2012-ci ildə həmin mövzuda ilk müsabiqənin qalibi olmuş
16 nəfər iştirakçı arasında ikinci müsabiqə təşkil
edilmiş və həmin yarışmaya Orxan da dəvət olunmuşdur.
Cari ildə "Ana, mən Türkiyədəyəm" mövzusunda videosüjet
müsabiqəsinin şərtlərində müəyyən dəyişikliklər
edilmişdir. Belə ki, Fransadan Monqolustana kimi geniş
bir ərazini əhatə edən və 10 həftə ərzində keçirilən
müsabiqə 10 mərhələdən ibarət olmuşdur.
Yarışmanın ilk mərhələsindən birinciliyi ələ alan Orxan
bu mövqeyini bütün müsabiqə boyu qoruyub saxlamış,
nəticədə digər iştirakçılardan gözəçarpacaq dərəcədə
fərqlənərək qalib olmuşdur.
10 həftə ərzində Azərbaycanın adət-ənənələri, folklor
nümunələri, qədim idman və xalq oyunları, zəngin
mədəniyyəti, dadlı mətbəxi və s. haqqında hazırlanmış və
maraqlı süjet xətti üzrə qurularaq lentə alınmış
videogörüntülər bu proqramla dünyanın, demək olar ki,
dörd qitəsinə yayımlanmış, milyonlarla insanın seyr
etdiyi həmin görüntülərin Azərbaycanın təbliğində böyük
rolu olmuşdur.
Orxan Nadirov müsabiqənin qalibi kimi 4 nəfər ailə üzvü
ilə birlikdə Türkiyəyə bir həftəlik səyahətlə
mükafatlandırılmışdır.
Bu günlərdə TRT AVAZ telekanalında "Gün aydın"
verilişinə dəvət olunan Orxan "kanalın ən çox reytinq
qazanmış proqramı"nın qalibi kimi təqdim olunmuşdur.
Qeyd edək ki, Orxan Nadirov təhsil almaqla yanaşı, artıq
bir neçə ildir ki, İslam Ölkələri Konfransının
Ankaradakı ofisində çalışır. Rəhbərlik bir sıra
əhəmiyyətli tədbirlərin təşkili ilə bağlı məsələlərin
həllini artıq bir diplomatik işçi kimi formalaşan Orxana
həvalə edir. O, İslam Ölkələri Konfransı təşkilatına
daxil olan ölkələrdə təhsil, incəsənət, iqtisadiyyat,
səhiyyə, kənd təsərrüfatı və digər sahələrin inkişafı
istiqamətində səylərin birləşdirilməsinə dair müxtəlif
beynəlxalq layihələri həyata keçirən qurumda da hər
zaman doğulub böyüdüyü doğma vətəninin mənafeyini
unutmur, ölkəsinin reallaşdırılan heç bir layihədən
kənarda qalmamasına çalışır.
Hicran ƏKBƏROVA |