Azərbaycan
Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının
fortepiano şöbəsinin IV sinfində təhsil alan 9 yaşlı
Züleyxa Abdullayeva Parisdə keçirilən Nikolay
Rubenşteyn adına XI Beynəlxalq piano musiqi
müsabiqəsində iştirak edərək qalib adını qazanıb. 25
ölkənin nümayəndələrinin iştirak etdiyi müsabiqədə
Azərbaycanı layiqincə təmsil edən Züleyxa
K.A.Debüssinin "N-1 Arabeska", P.İ.Çaykovskinin "Şirin
duyğular", İ.S. Baxın "İkisəsli invensiya"sını və
Çerninin "Etüd" əsərlərini məharətlə ifa edib.
Balaca müsahibim ilə söhbət zamanı məlum oldu ki, bu
istedadı və bacarığı ilə yaşıdlarından fərqlənən
Züleyxanın ilk uğuru deyil. O, ötən ilin iyununda
İtaliyada keçirilən XIV Beynəlxalq musiqi
müsabiqəsində də birincilik qazanaraq Pyetro Arcento
adına təqaüdə layiq görülüb. Dəfələrlə müxtəlif
tədbirlərdə, şənliklərdə bacarıqla çıxış edib.
Züleyxa asudə vaxtlarında bədii kitablar oxumağı çox
sevir O, doğma ana dilimizlə yanaşı, ingilis dilini də
mükəmməl öyrənməyə çalışır. Müəllimlərinin diqqətini
çəkən Züleyxa dərslərindən də "əla" qiymətlər alır.
Şirmayı barmaqları ilə pianonun dillərini şövqlə
dilləndirən bu balaca qız qazandığı bütün uğurlara görə
müəllimi Nigar Nəcəfovaya borclu olduğunu bildirdi.
Özünə güvənən, klassik musiqinin sirlərinə dərindən
yiyələnən Züleyxanın parlaq gələcəyinə böyük ümidlər
var.
Sifai SƏFƏROVA |