"SOS" Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Bakıdakı
257 nömrəli tam orta məktəbdə konfrans keçirib.
Konfransı təhsil ocağının direktoru Qarat Qaratov və
assosiasiyanın təhsil üzrə milli məsləhətçisi Nərgiz
Hacıyeva aparmışlar. Müzakirə və geniş diskussiya
şəraitində keçən tədbirdə inklüziv təhsil üzrə
mütəxəssislər - Azərbaycana Birgə Yardım İctimai
Birliyinin təmsilçisi Gülnarə Pənahova və "Dünyaya
baxış" beynəlxalq təşkilatının nümayəndəsi Murad
Məmmədov çıxış edərək Azərbaycanda inklüziv təhsilin
vəziyyəti barədə ətraflı məlumat veriblər. Eyni zamanda
bu sahənin inkişafında maarifləndirmə işinin mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzinin inklüziv təhsil üzrə
mütəxəssisi Lamiyə Şərəfxanova "İnklüziv cəmiyyət:
təhsildə sosial inklüziya və sosial ədalət" mövzusunda
çıxış etdi. Sonra pedaqoji kollektiv və valideynləri
maraqlandıran suallar mütəxəssislər tərəfindən
cavablandırıldı.
Qeyd edək ki, 1999-cu ildən ölkəmizdə fəaliyyət
göstərən "SOS" Uşaq Kəndləri Azərbaycan
Assosiasiyasının məqsəd və məramı ailə qayğısından
məhrum olan uşaqlar üçün ailə modelini, ailə mühitini
yaratmaq olub. Təşkilat 2011-ci ildən məktəbdə "Təhsilə
dəstək" layihəsinin icrasına başlayıb. Məktəbdə təhsil
alan uşaqların rifahının yüksəlməsi məqsədilə təhsil
ocağının 2 sinif otağı "Təhsilə dəstək" layihəsi
çərçivəsində əsaslı təmir olunaraq bütün texniki
avadanlıqlarla təchiz edilməklə 150 uşağın istifadəsinə
verilib. Layihə çərçivəsində Azərbaycan dili, ingilis
dili, riyaziyyat və informatika dərsləri məktəbin
müəllimləri tərəfindən aparılır. Qeyri-hökumət
təşkilatlarında fəaliyyət göstərən mütəxəssislər
mütəmadi olaraq müəllimlərə həyat bacarıqları haqqında
təlimlər keçir, psixoloji konsultasiyalar verirlər.
Onlarla "İnteraktiv təlim metodologiyası", "Uşaqların
mühafizəsi","Risk qrupunda olan uşaqlarla işdə psixoloji
aspektlər" və "Sosial inklüziya" adlı bacarıqların
artırılması və gücləndirilməsi təlimləri keçirilir.
Sifai SƏFƏROVA |