Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

"Bizimlədir xoşbəxt gələcək"

 

Bu gün həyatımızın bəzəyi, arzu və ümidlərimizin əsas hədəfi olan uşaqların bayramıdır. Bu münasibətlə artıq neçə gündür ki, ölkənin hər yerində, o cümlədən təhsil ocaqlarında uşaqlara ünvanlanmış tədbirlər keçirilir, onlara sevincli anlar bəxş olunur. Mayın 30-da Bakıdakı 62 nömrəli məktəb-liseydə keçirilən bayram tədbirinin də əsas qəhrəmanı körpə fidanlar - bu il həmin təhsil ocağında birinci sinfə gedəcək uşaqlar idi. 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Bizimlədir xoşbəxt gələcək" adlı bayram tədbirində məktəbin müəllimləri, uşaqların valideynləri ilə bərabər xeyli qonaq - Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatları, rayonun rəhbər işçiləri, Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Türkiyə səfirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, rayonda yerləşən məktəblərin və paytaxtın bir sıra təhsil ocaqlarının direktorları iştirak edirdilər.

Tədbiri 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı açaraq zala toplaşanları salamlayıb 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik etdi. Bayramın tarixinə qısa ekskurs edən Mətanət müəllim onun əsasının 1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyasının Qadınlar Konfransında qoyulduğunu, o vaxtdan bəri iyunun 1-nin dünyanın hər yerində, o cümlədən Azərbaycanda Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edildiyini bildirdi. Direktor diqqətə çatdırdı ki, bu il məktəblərində ibtidai təhsil pilləsini dörd IV sinifdə təhsil almış 100-dək  şagird bitirib. Birinci siniflərə isə 150 uşaq qəbul olunub. 7 sinifdə təhsil alacaq həmin uşaqlarla məktəb-liseyin müəllimləri xüsusi hazırlıq keçiblər. Bayram tədbirində də onlar öz nömrələrini təqdim edəcəklər. M.Cabbarlı qonaqları təqdim etdikdən və dəvəti qəbul edib gəldikləri üçün onlara minnətdarlığını bildirdikdən sonra səhnə balaca fidanların ixtiyarına verildi.

Bayram tədbiri üçün 16 musiqi nömrəsindən ibarət maraqlı proqram hazırlanmışdı və uşaqlar onu məharətlə təqdim etdilər. Əvvəlcə səhnəyə 5-i qız və 5-i oğlan olmaqla 10 uşaq çıxıb bəstəkar Tofiq Quliyevin "Vals"ının sədaları altında rəqs etdi. Onları əllərində çətir "Çətirlər" rəqsini ifa edən qızlar əvəz etdilər. "Həftənin günləri" adlı növbəti nömrəni hər birinin sinəsində həftənin bir gününün ingiliscə adı yazılmış uşaqlar ingilis dilində təqdim etdilər. "Məhəllənin dəcəlləri" adlı kompozisiya da proqramın maraqlı nömrələrindən idi. Bu nömrəni ifa edən uşaqlar məhəllə dəcəllərini məharətlə yamsıladılar. Sonra görkəmli sənətkarımız Rəşid Behbudovun ifasında "Lalələr" mahnısı səsləndirildi. Al-qırmızı geyimli 6 qız mahnının ritminə uyğun rəqs etdi. Növbə balaca Dilarəyə çatdı. O, bədii gimnastika hərəkətlərini nümayiş etdirdi.

Beləcə qrup-qrup səhnəyə çıxan uşaqlar ingilis dilində "Barbi girl" rəqsini, ərəb rəqsini, "Kəpənək", "Arzu qızım", "Ağ çiçəyim" rəqslərini ifa etdilər, rus bölməsinin təqdimatı oldu.

Bayram proqramının ən maraqlı nömrələrindən biri isə, şübhəsiz, "Qarabağ səhnəsi" adlı kompozisiya oldu. Səhnədə gözəl Qarabağın cənnət bir guşəsi təsvir olunmuşdu.  Bu guşədə kimisi gül dərir, kimisi isə yuxa yayır, yun çırpır, qucağında uşaq yatızdırırdı. Erməni silahlılarının qəfil gəlişi ilə hər şey alt-üst oldu. Onlar avtomat silahlardan atəş açaraq öz xoşbəxt həyatlarını yaşayan adamları qətlə yetirdilər...

Uşaqların məharətlə ifa etdikləri bu kompozisiya, eləcə də digər nömrələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sonda səhnəyə çıxan əsgər geyimli uşaqlar "Əsgər marşı"nı ifa edib vətən torpaqlarını düşmənlərdən azad edəcəklərinə and içdilər.

Sonra söz qonaqlara verildi. Milli Məclisin deputatı, YAP Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu çıxış edərək 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə tədbir iştirakçılarını, xüsusən də uşaqları təbrik etdilər, uşaqların çıxışlarını yüksək qiymətləndirdilər. Hər bir çıxışın arxasında böyük zəhmətin durduğunu qeyd edib uşaqları hazırlayan müəllimlərə, valideynlərə, məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxışlarda bu kimi tədbirlərin uşaqların vətənpərvərlik tərbiyəsində, onlarda özünəinam hissinin yaranmasında böyük əhəmiyyəti olduğu vurğulandı.

Bayram tədbirində çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ölkəmizdə uşaqlara göstərilən qayğıdan, uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışdı, son illər ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondu və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə qayğısı ilə uşaqlarla bağlı çoxsaylı proqramların həyata keçirildiyini diqqətə çatdırdı. T.Budaqov Nizami rayonunda təhsil sahəsində əldə olunan  uğurlardan, xüsusən də ali məktəblərə qəbul üzrə rayonun ölkədə ən yüksək göstəricilərə nail olmasından söz açıb bu uğurların qazanılmasında məktəb kollektivlərinin zəhmətini yüksək qiymətləndirdi.

Sonda uşaqlara RİH adından hədiyyələr təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov