Respublikamızda təhsil islahatlarının geniş vüsət aldığı
bir zamanda təhsil işçiləri davamlı şəkildə öz
peşəkarlıqlarını yüksəltmək zərurəti qarşısında
qalırlar. Bunun üçün də Təhsil Nazirliyi tərəfindən
davamlı olaraq təkmilləşdirmə kursları təşkil olunur.
Hazırda respublikamızın əksər bölgələrində Təhsil
Nazirliyinin xətti ilə bir çox layihələr həyata
keçirilir. Bu layihələrdən biri də "Müəllimlərin
peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi"
treninqlərinin davamlı olaraq keçirilməsidir.
Həmin treninqlər 40-a yaxın bölgəni əhatə edir.
Treninqlərin icraçısı "Mədəd-Azərbaycan" Məhdud
Məsuliyyətli Cəmiyyətidir. Treninqlərin aparıcıları
təşkilat tərəfindən bölgələr üzrə seçilmiş
təlimçilərdir.
Mən "Mədəd-Azərbaycan" təşkilatının təlimçisi kimi
İmişli rayonunda builki layihəyə əsasən 550 nəfər
müəllimi əhatə edən təlimləri aparıram. 2012-2013-cü
tədris ilində daha 550 nəfərin layihəyə qoşulması
nəzərdə tutulub. Yeri gəlmişkən qeyd edim ki, analoji
təlimləri bundan əvvəl Sabirabad və Saatlı
rayonlarında da aparmışam. Onu deyə bilərəm ki, bu
təlimlərin müəllimlərə göstərdiyi müsbət təsir, sözün
əsl mənasında, çox güclüdür. Onlar bu təlimlərin
davamlı olmasını istəyirlər. Təsəvvür edin ki, vaxtilə
ali məktəbi bitirmiş müəllimlər uzun illər təhsil
sahəsində olan yeniliklərlə televiziya və ya mətbuat
vasitəsi ilə məlumatlanırdılarsa, artıq treninqlərə
qatılan iştirakçılar 48 saatlıq bir paketlə bu işin
sürətli və səmərəli nəticəsini görürlər. Burada məqsəd
müəllimləri şəxsiyyətyönümlü təhsil və interaktiv təlim
metodları, informasiya texnologiyalarından səmərəli
istifadə ilə tanış etməkdir. Müəllimlər birlikdə
işləmək, ünsiyyət qurmaq, əməkdaşlıq etmək
bacarıqlarının inkişaf etdirilməsinin zəruri olduğunu bu
təlimlərdə başa düşürlər.
İmişli bölgəsində 550 nəfəri əhatə edən təlimlərin
birinci mərhələsi artıq yekunlaşıb. Layihənin davamı
2012-ci ilin sentyabr ayından nəzərdə tutulmuşdur. Bir
təlimçi kimi bölgə müəllimlərinin və bütövlükdə təhsil
ictimaiyyətinin layihənin reallaşmasına münasibətini
qənaətbəxş hesab edirəm.
Biz pedaqoji işçilərin təlim prosesində qarşımıza
qoyulan əsas vəzifə xalqın azadlıq amalına, demokratiya
prinsiplərinə uyğun milli mənəvi, ümumbəşəri dəyərləri
mənimsəyən, onları qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik və yenilikləri qiymətləndirməyi
bacaran şəxsiyyət formalaşdırmaqdır.
Bu taleyüklü məsələdə əməyi olan hər kəsə
"Mədəd-Azərbaycan" MMC adından minnətdarlıq edir və bu
işdə daha yaxından və daha yaradıcılıqla iştirak
etməsini arzulayırıq.
Sevinc MƏHƏRRƏMOVA,
"Mədəd-Azərbaycan" MMC-nin təlimçisi |