Naxçıvan Özəl Universitetində xalq şairi Məmməd Araza
həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri
giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə
prorektoru İbrahim Kazımbəyli açaraq bildirmişdir ki,
M.Araz ilk şeirlərindən başlamış bu günə qədər fəlsəfi
və estetik baxımdan poeziyamızın gözəl nümunələrini
yaradan təravətli, bənzərsiz, novator və mütəfəkkir
şairdir. Onun şeirləri forma əlvanlığı, deyim üslubu
baxımından yeniliyə və obrazlığa malikdir. Bütün
zamanlar üçün aktual olan həyat və ölüm, insan və dünya
kimi çətin və ümumbəşəri problemin yüksək səviyyəli
bədii həllini vermək şairdən böyük hünər və gərgin
yaradıcılıq axtarışları tələb edir. M.Araz da bu çətin
və şərəfli vəzifənin uğurlu həllini verməklə,
poeziyamızın qızıl fonduna yeni bir töhfə bəxş etmişdir.
O da vurğulanmışdır ki, Məmməd Arazın şeirlərini
oxuduqca Azərbaycanın əzəmətli, vüqarlı dağları,
elimizi-obamızı barlı, bəhərli edən nəcib əmək adamları
gözümüz önündə canlanır. Şair bu insanları vəsf edərkən
söz fırçası ilə cazibəli, ecazkar lövhələr yaradır.
Sənətkar ən kiçik şeirlərində belə adamı düşündürür,
əqli təfəkkürün gücünə müraciət etməyə sövq etdirir. O,
xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz
məsuliyyətini dərk edən əsl xalq şairi idi.
Sonra universitetin müəllimlərindən Seyfəddin Eyvazov,
Mədət Səfərov, yazıçı, tənqidçi Əbülfəz Əzimli, gənc
şair Elxan Yurdoğlu çıxışlarında şairin
yaradıcılığındakı məziyyətlərdən söz açmışlar.
Bildirilmişdir ki, şairin xalqa bağlılığı, milli
kolorit, rəvan dili və ahəngdarlıqla səciyyələnən
poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin
qələmindən çıxan hər bir poeziya nümunəsi
özünəməxsusluğu, bədii məziyyətləri ilə seçilir.
Sonda şairin övladı, publisist İradə Tuncay və
yazıçı-jurnalist Aqil Abbas çıxış edərək təşkil edilmiş
ədəbi-bədii gecə üçün universitet rəhbərliyinə
minnətdarlıqlarını bildirmiş, belə tədbirlərin tələbələr
üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı |