Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Məktəb uğurlarını artırır

 

Hər bir ölkənin, xalqın tərəqqisi onun təhsilinin səviyyəsi, məktəbinin necəliyi, müəllimin kimliyi ilə müəyyən edilir. Bu baxımdan ölkəmizin təhsil sisteminin inkişafında özünəməxsus rolu olan tədris müəssisələrindən biri şərəfli tarixə malik Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbidir.

Məlum olduğu kimi, hələ 1833-cü ildə Gəncədə təhsil müəssisəsi olub. Onun yaradıcılarından biri şeirləri ilə bütün Avropanı fəth edən Mirzə Şəfi Vazeh idi. Sözügedən məktəbin əsası da məhz onun tərəfindən qoyulmuşdur. Gəncənin Şah Abbas məscidində yerləşən mədrəsə-məktəbin ilk şagirdlərindən biri isə xalqımızın görkəmli dramaturqu Mirzə Fətəli Axundzadə olmuşdur. Tarixlərdə izi olan, arxada qoyduğu yüzilliklər ərzində gələcəyimizə inamla boylanan, Azərbaycan gəncliyinin təlim-tərbiyəsində danılmaz xidmətləri olmuş Gəncə şəhər 1 nömrəli tam orta məktəbi qərinələrin sınağından çıxaraq bu gün də müstəqil respublikamızın ən qabaqcıl təhsil ocağı kimi fəaliyyətini davam etdirməkdədir.

Məktəbin şanlı tarixinə nəzər saldıqda görürük ki, xalqımızın çox tanınmış elm, sənət, mədəniyyət adamları burada təhsil almışlar. Mikayıl Müşfiq, Mir Cəlal Paşayev, Əli Nəzmi, Əhməd Cəmil, Həmid Araslı və b. kimi görkəmli simalar bu məktəbdə dərs almış, Fikrət Əmirov, Qəmbər Hüseynli, Əli Quliyev, Mirəli Qaşqay, Novruz Gəncəli, İsrafil Məmmədov, Milli Qəhrəmanlar Pərviz Səmədov, Mədəd Quliyev və b. kimi şəxslər məktəbin şöhrətini nəinki Azərbaycana, eləcə də ölkəmizin hüdudlarından uzaqlara yaymışlar.

Bu gün milli təhsilimizin dünya standartları səviyyəsində qurulması istiqamətində başlanan prosesdə 1 nömrəli tam orta məktəbin də özünəməxsus yeri vardır. Ölkə başçısı hörmətli Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkə təhsilinə göstərdikləri diqqət və qayğı, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində aparılan işlər 1 nömrəli tam orta məktəbin müəllim kollektivinin də üzərinə mühüm vəzifələr qoymuşdur. Hazırda məktəbdə təhsil alan 1000-dən çox şagirdin təlim-tərbiyəsi ilə 127 nəfər ixtisaslı müəllim məşğul olur. 2011-ci ilin may ayında məktəbin direktoru təyin olunan Mətanət Qarayevanın və pedaqoji kollektivin səyi nəticəsində qısa müddətdə burada xeyli abadlıq işləri görülmüşdür.

Təhsil ocağında öz peşəsinin vurğunu olan, qabaqcıl iş təcrübəsinə malik müəllimlər fəaliyyət göstərir. İbtidai sinif müəllimi Naira Hüseynzadə, riyaziyyat müəllimi Həqiqət Quliyeva, ədəbiyyat müəllimləri Afət Xeyirxəbərova, Gülşən Musayeva, Qoşqar Əliyev, Aygün Həsənova, Şəhla Paşayeva, Nəzirə Abbasova və b. dərslərini günün tələbləri səviyyəsində qurur, təlim prosesində İKT-dən, fəal təlim metodlarından bacarıqla istifadə edirlər.

İki dördmərtəbəli tədris, bir yardımçı binadan ibarət olan tədris ocağında zəngin fənn kabinetləri, müasir tələblərə cavab verən kompüter otaqları, laboratoriyalar, kitabxana, muzey fəaliyyət göstərir.

Heydər Əliyev otağı məktəbin ən aparıcı kabinetlərindən sayılır. Burada vaxtaşırı maraqlı tədbirlər, "dəyirmi masa"lar keçirilir.

Ötən tədris ili kollektiv üçün xüsusilə uğurlu olmuşdur. Məktəbi bitirən 63 nəfər şagirddən 35-i respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuş, 3 nəfər 600-dən yuxarı bal toplamışdır. Bu da müəllim kollektivinin səmərəli fəaliyyətinin nəticəsi sayıla bilər. Pedaqoji kollektiv bu dərs ilində nailiyyətlərini daha da artırmaq fikrindədir.

Xumar XƏLİLOVA,
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov