Təhsil Nazirliyinin Elm şöbəsindən verilən məlumata
görə, bu il mayın 8-dən 11-dək Türkiyənin İstanbul
şəhərində MEF - Beynəlxalq Tədqiqat Layihələri
yarışması keçirilib. Yarışmada 30-u dünyanın 23
ölkəsindən, 65-i isə Türkiyə məktəblərindən olmaqla
ümumilikdə 95 layihə komandalar tərəfindən təqdim edilib.
Ölkəmizi beynəlxalq yarışmada Bakı Dövlət
Universitetinin "Gənc istedadlar" liseyinin fizika
müəllimi Niyazi Həsənov, XI "R"sinif şagirdi Aygül
Həsənli və AMEA Radiasiya Problemləri İnstitutunun
şöbə müdiri Mətanət Mehrabovadan ibarət nümayəndə heyəti
"Pb1-xMnx Te(Se,S)
nanotəbəqələrinin alınması və onların spintronokada
istifadəsi perspektivlərinin öyrənilməsi" adlı layihə
ilə təmsil ediblər. Təqdim edilən layihə münsiflər
heyəti tərəfindən ən orijinal layihə kimi fərqləndirilib
və kuboka layiq görülüb.
XI "R" sinif şagirdi Aygül Həsənlinin işi mənimsəmək və
təqdim etmək bacarığı, habelə müəllimlərin hazırlıq və
təşkilati işləri yüksək qiymətləndirilərək onların hər
birinə kubok və sertifikatlar verilib.
Türkiyənin Təhsil Nazirliyinin nümayəndələrinin, dövlət
qurumlarının rəhbərlərinin, institut direktorlarının,
digər vəzifəli şəxslərin və qonaqların iştirak
etdikləri toplantıda Aygül Həsənli 6 dəqiqəlik çıxış
edib. MEF-in baş müdiri professor İbrahim Arikan və baş
meneceri Dr. Ayfen Ermağan tərəfindən A.Həsənliyə
xüsusi mükafat təqdim edilib.
Yusif ƏLİYEV |