Moldova
Respublikasının sabiq prezidenti Petru Luçinski Bakı
Dövlət Universitetində tələbələrlə görüşüb. Görüşdə
çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov ali
qonağı Azərbaycanın ilk ali təhsil ocağında salamlayaraq
universitetin tarixi, son nailiyyətləri haqqında məlumat
verib. Azərbaycan-Moldova əlaqələrindən danışan rektor
ümummilli lider Heydər Əliyevin iki ölkə arasındakı
münasibətlərin inkişafında və möhkəmləndirilməsində
Petru Luçinskinin rolunu yüksək qiymətləndirdiyini
bildirib.
Tələbələr qarşısında çıxış edən Petru Luçinski Sovet
İttifaqının dağılması, bu proseslərdə Azərbaycan və
Moldovanın yeri, müstəqilliyini əldə edən bu iki
ölkədəki mövcud vəziyyət mövzusunda məruzə edib. Natiq
qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını illərlə
aparılan ardıcıl və məqsədyönlü siyasətdə görür.
Azərbaycan-Moldova arasındakı dostluq əlaqələrinin
tarixindən danışan sabiq prezident ümummilli lider
Heydər Əliyev ilə çox isti münasibətlərinin olduğunu
qeyd edib.
1997-ci ildən Bakı Dövlət Universitetinin fəxri doktoru
olan Petru Luçinski tələbələrin çoxsaylı suallarına
cavab verib. Görüşdə Moldovanın Azərbaycandakı səfiri
İqor Bodiu və Moldova Azərbaycanlıları Konqresinin
prezidenti Vüqar Novruzov iştirak ediblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |