Mayın
31-də ölkəmizin bütün ümumtəhsil məktəblərində
2011-2012-ci tədris ilinin başa çatdığını bildirən son
zəng çalındı. Bu münasibətlə tədris ocaqlarında
məzunların həmişə xoş xatirə kimi anacaqları ənənəvi "Son
zəng" tədbirləri keçirildi. Doğma, əziz müəllimləri
müstəqil həyata qədəm qoyan məzunlara son məsləhət və
tövsiyələrini verdilər, gələcək fəaliyyətlərində,
təhsillərində onlara uğurlar arzuladılar. On minlərlə X
sinif şagirdi onlardan estafeti qəbul etdi. İllərlə
yaranmış gözəl ənənəyə uyğun olaraq I sinfi bitirən
şagirdlər məzunlara gül dəstələri təqdim edib onlardan
hədiyyələr aldılar.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2011-2012-ci
tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin
buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653
nəfər təşkil edib.
Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini
başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər
olduğu halda, bu il 786 nəfər olacaq.
2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi
təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə
33977 şagirdin bitirəcəyi gözlənilir.
2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin
sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris
ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris
ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454
şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Son zəng həm də ali məktəblərdə tədris ilinin sona
çatdığını xəbər verir.
Hazırda Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil
müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652
nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar
təşkil edir.
Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son
kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların
da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır.
Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi
üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər
olmaqla, cəmi 19615 tələbə təhsil alır.
Ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin
məzunlarını qarşıda son sınaq -buraxılış imtahanları
gözləyir. Bütün məzunları təbrik edir, onlara
bitirdikləri təhsil ocaqlarında son sınaqdan da şərəflə
çıxmalarını arzulayır, müstəqil həyatlarında uğurlar
diləyirik.
Yusif ƏLİYEV |