Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihənin (TSİİL) "Pedaqoji kadrların
ixtisasartırma təhsilinin müasirləşdirilməsi" 2-ci
komponentinin icra planına uyğun olaraq, 2012-2013-cü
tədris ilində respublikanın ümumtəhsil məktəblərinin V
siniflərində dərs deyəcək müəllimlərin yeni fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik
hazırlığını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-2013-cü tədris ilində Naxçıvan MR-in,
respublikanın şəhər və rayonlarının dövlət ümumtəhsil
məktəblərinin V siniflərində dərs deyəcək müəllimlər
üçün fənn kurikulumlarının tətbiqi üzrə 2012-ci il
iyun-sentyabr aylarında 60 saatlıq (10 günlük) təlim
kursları təşkil edilsin.
2. Təlim kurslarının proqramı təsdiq edilsin (əlavə
olunur).
3. Nəzərə alınsın ki:
3.1. Naxçıvan MR-də təlim kursları Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşlarının
keçirdiyi "Öyrədənlərin öyrədəni" kurslarında iştirak
edərək təlimçi sertifikatı almış yerli mütəxəssislər
tərəfindən aparılır.
3.2. Respublikanın şəhər və rayonlarında təlim kursları
TSİİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində
uyğun iqtisadi regionlar üzrə bu təlimləri keçirmək
hüququ qazanmış təşkilatlar tərəfindən aparılır (siyahı
əlavə olunur).
3.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan
ümumi təhsil müəssisələrinin 2012-2013-cü tədris ilində
V siniflərdə dərs deyəcək fənn müəllimləri həmin
müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün
məktəblərinin müəllimləri isə məskunlaşdıqları şəhər və
rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.
3.4. Təlim kursunu uğurla başa vurmuş müəllimlərə Təhsil
Nazirliyi tərəfindən müəyyən edilmiş vahid formada
sertifikat verilir.
3.5. Ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan və V
siniflərdə dərs deyəcək müəllimlər üçün 2012-ci ilin
sentyabr ayı ərzində təlim kursları təşkil edilə bilər.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
4.1. 2012-2013-cü tədris ilində təlim kurslarına cəlb
olunacaq fənn müəllimlərinin siyahısını
dəqiqləşdirsinlər, V siniflərdə daha səriştəli və yüksək
peşəkarlıq səviyyəsinə malik fənn müəllimlərinin
işləməsini təmin etsinlər.
4.2. Təhsil Nazirliyinə müntəzəm olaraq məlumatların
verilməsini təmin etmək məqsədi ilə təlim kurslarının
təşkili üzrə təhsil şöbəsinin (idarəsinin)
əlaqələndiricisini və kurs keçirilən məktəblərə təhkim
olunan məsul şəxsləri müəyyənləşdirsinlər.
4.3. Təhsil şöbəsinin (idarəsinin) əlaqələndiricisinin,
kurs keçirilən məktəblərə təhkim olunan əməkdaşlarının,
hər bir fənn üzrə təlim kurslarına cəlb edilən
müəllimlərin siyahısını əmrlə təsdiq etsinlər və əmrin
surətini Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim
etsinlər.
4.4. Fənlər üzrə təlim kurslarını həyata keçirən
təşkilatla birlikdə 2012-ci ilin iyun-sentyabr aylarında
keçiriləcək kursların cədvəlini tərtib etsinlər,
məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş
məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim
otağının zəruri texniki vasitələrlə (kompüter (noutbuk),
proyektor) təchiz olunmasını təmin etsinlər.
4.5. Təlim kursları keçirilən məktəblərə təhkim olunan
əməkdaşların səlahiyyətlərini müəyyənləşdirsinlər və
təlim məşğələlərinin keçirilməsi, yekunda müəllimlərə
sertifikatların verilməsi prosesində təlimçilərin işinə
müdaxilənin yolverilməz olduğunu onların nəzərinə
çatdırsınlar.
4.6. Təlim kurslarının yekunu barədə sertifikat almış
müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş hesabatı
2012-ci il sentyabrın 15-dək Təhsil Nazirliyinə təqdim
etsinlər.
5. Məcburi köçkün rayonlarının təhsil şöbələri (E.Şükürova,
Z.İbrahimov, M.Bağırov, A.Həşimova, M.Vəliyev,
V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov,
T.Əliyev) ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər
üzrə 2012-2013-cü tədris ilində V siniflərdə dərs
deyəcək müəllimlərin təlim kurslarında müntəzəm
iştirakına ciddi nəzarət etsinlər.
6. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) Naxçıvan
MR-in ümumtəhsil məktəblərində 2012-2013-cü tədris
ilində V siniflərdə işləyəcək müəllimlər üçün yeni fənn
kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili
və keçirilməsində təhsil şöbələrinə və yerli təlimçilərə
əməli köməklik göstərmək üçün Kurikulum Mərkəzinin
əməkdaşlarının Naxçıvan MR-ə ezam olunmasını təmin etsin.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici
qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili,
keçirilməsi və yekunlaşdırılmasında təhsil orqanlarına
və təlimləri keçirən təşkilatlara əməli köməklik
göstərilməsi üzrə müvafiq tədbirlərin yerinə
yetirilməsini təmin etsinlər.
8. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva)
təlim kurslarının monitorinqinin həyata keçirilməsi üçün
əməkdaşların rayon və şəhərlərə ezam olunmasını və
monitorinqin nəticələrinə dair arayışın müzakirəyə
təqdim olunmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını,
həmçinin təlim kurslarının nəticələrinin kütləvi
informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavələri ilə birlikdə
çoxaldılıb təhsil orqanlarına göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət Strateji təhlil, planlaşdırma
və kadrların idarə olunması şöbəsinin müdiri F.Qədirova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 may 2012-ci il |