Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa
şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak
etmişdir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, son illərdə Azərbaycan mədəniyyəti
dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün
paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə
olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş
imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra
tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən
Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir.
Bildirildi ki, 2010-2011-ci tədris ilində məktəbin 6
şagirdi ali və orta ixtisas musiqi məktəblərinə qəbul
olunmuşdur. Onlardan ikisi hazırda Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsində, dördü isə
Naxçıvan Musiqi Kollecində təhsil alır.
Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı
ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52
sinif otağı və 8 yardımçı otaq vardır. Məktəbin
kitabxana fondu da zəngindir. Burada 1600 tədris vəsaiti
və musiqi ədəbiyyatı toplanmışdır. Musiqi məktəbində 285
şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç
şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər
şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas - tar,
kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet,
balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir
inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20
pianino və bir royal vardır.
Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını
dinlədi.
Dövlətimizin başçısı Uşaq Musiqi Məktəbinə fortepiano
hədiyyə etdi.
Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti
ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc |