Dərs
ili sona çatır. Bu münasibətlə təhsil ocaqlarında
bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Belə
tədbirlərdən biri də mayın 21-də Bakıdakı 8 nömrəli tam
orta məktəbdə təşkil olunmuşdu. Həmin gün məktəbin rus
bölməsi üzrə I "B" sinfinin şagirdləri ilk dərs illərini
başa vurmalarını bayram şənliyi ilə qeyd edirdilər.
Uşaqların sevincini bölüşməyə valideynləri də
gəlmişdilər.
Tədbirin keçirildiyi akt zalı nağıllar aləmini
xatırladırdı. Şənliyin ssenarisi də buna uyğun, yəni rus
və Azərbaycan uşaq nağıllarının süjetləri əsasında
hazırlanmışdı.
Azərbaycanın Dövlət himninin ifasından sonra uşaq
nağıllarının personajlarına uyğun geyimlərdə iki-bir,
üç-bir səhnəyə çıxan birincilər şeirlər söylədilər,
mahnılar oxudular, rəqs etdilər. Sevimli nağıl
qəhrəmanlarının obrazlarını məharətlə canlandıran Məryam,
Ofeliya, Ramil, Ayxan, Anar, Tamam, Fidan, Zarina, Nail,
İnam, Aslan, Hüseyn, Arif, Fuad, Azad, Fəxri, Xədicə,
Orxan və başqalarının təqdim etdikləri səhnələşdirilmiş
tamaşalar şənlik iştirakçıları tərəfindən alqışlarla
qarşılandı.
Sinələrindən "Azərbaycan" sözünün hərfləri yazılmış
lövhələr asan şagirdlərin çıxışları da tədbirdə yaşanan
bayram ovqatını xeyli artırdı, müəllimlərində və
valideynlərində qürur hissi doğurdu. Şagirdlər anaya,
Vətənə, Azərbaycana həsr olunmuş şeirlər söyləyib,
mahnılar oxudular. Tədbir onların səhnədə dövrə vurub "Yallı"
getməsi ilə başa çatdı.
Bayram şənliyində birincilərin sinif müəllimi,
2009-2010-cu tədris ili üzrə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Jalə Zeynalova çıxış edərək birinci
sinfi başa vurmaları münasibəti ilə yetirmələrini təbrik
etdi, onların valideynlərinə gözaydınlığı verdi.
Uşaqların bir il ərzində məktəbdə çox şey öyrəndiklərini
qeyd edən J.Zeynalova onlara gələcək həyatlarında,
təhsillərində uğurlar arzuladı, doğma vətənimiz
Azərbaycanın layiqli oğul və qızları kimi böyümələrini
tövsiyə etdi. Sonra o, I sinfi bitirmələri münasibəti
ilə çəkdirdikləri xatirə şəkillərini şagirdlərə payladı.
Tədbirdə söz alan 8 nömrəli tam orta məktəbin direktoru
Aytən Baxşıyeva da birincilərə, onların valideynlərinə
öz təbriklərini, xoş arzularını çatdırdı. O, şagirdlərin
çıxışlarını, ümumilikdə bayram tədbirinin yüksək
səviyyədə keçirildiyini xüsusi qeyd edib, bu işdə böyük
zəhməti olmuş sinif müəllimi Jalə Zeynalovaya
minnətdarlığını bildirdi.
Sonda birincilər öz müəllimlərinə gül dəstəsi təqdim
edib onunla xatirə şəkilləri çəkdirdilər.
Yusif ƏLİYEV |