Bakıda
məskunlaşmış Şuşa rayonunun Malıbəyli kənd 1 nömrəli tam
orta məktəbinin 1 "a" sinif şagirdləri "Əlifba" bayramı
keçiriblər.
Bu çal-çağırlı tədbirdə məktəbin müəllimləri,
birincilərin valideynləri, Şuşa Rayon Təhsil Şöbəsinin
əməkdaşı iştirak edib.
Bayram tədbiri Dövlət himninin xoş sədaları ilə başlayıb.
Məktəbin direktoru Günəş Hüseynova, rayon təhsil
şöbəsinin əməkdaşı Zülfiyyə Həsənova 1"a" sinfinin
şagirdlərini bu sevimli bayramları münasibəti ilə təbrik
edib, onlara gələcək təhsillərində uğurlar diləyiblər.
Bu tədbir həm də 1 "a" sinif şagirdlərinin sevimli
müəllimləri Naciyə Kərimovanın hesabatı idi. O,
birincilərin bir dərs gününün videoçarxını iştirakçılar
üçün nümayiş etdirib.
Sonra şagirdlər müxtəlif bədii kompozisiya, səhnəcik,
mahnı və rəqslərlə öz məharətlərini nümayiş etdiriblər.
Eyni zamanda birincilərin ifasında ana dilimizlə yanaşı
ingilis dilində də doğma Azərbaycanı, əziz müəllimlərini
tərənnüm edən şeirlər səslənib. Həmin gün A.Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrının aktyorları da
birinciləri təbrik etməyə gəliblər. Onlar uşaqların ən
sevimli nağıllarından biri olan "Cik-cik xanımın nağılı"
tamaşasını nümayiş etdiriblər.
Tədbirin sonunda 1 "a" sinfinin şagirdlərinin hər birinə
"Mənim ilk müəllimim" adlı şəkil albomu təqdim edilib.
Mənsurə MƏMMƏDOVA,
Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin
təşkilatçısı |