Qəzənfər
Hüseynov riyaziyyat fənninin sirlərinə kiçik
yaşlarından yiyələnməyə həvəs göstərib. O,1997-ci ildə
Bakıda anadan olub. Birinci sinfə Bakının Qaradağ
rayonundakı 288 nömrəli tam orta məktəbə gedib. Dərs
əlaçısı olub. Riyaziyyat fənninə maraq da onda məhz
ibtidai sinifdə oxuyarkən yaranıb. Hətta 3-cü sinifdə
oxuyarkən riyaziyyat fənni üzrə rayon miqyasında
keçirilən məktəblərarası bilik yarışmasında diploma
sahib olub. İbtidai təhsilini bu məktəbdə başa vuran
Qəzənfər təhsilini paytaxtdakı 249 nömrəli tam orta
məktəbdə davam etdirib.
Burada da o, dərs əlaçısı olmaqla yanaşı, riyaziyyat
fənni üzrə keçirilən bilik yarışmalarında fəallıq
göstərərək birincilik qazanıb. Riyaziyyat fənninə olan
həvəs onu paytaxtda fəaliyyət göstərən fizika-riyaziyyat
və informatika təmayüllü liseyə gətirib. Hazırda o,
gələcəyin çoxlu sayda riyaziyyatçılarını yetişdirən
liseydə IX sinifdə təhsil alır. Qısa müddətdə burada da
Qəzənfərin istedad və bacarığı müəllimlərinin diqqətini
cəlb edib. Çalışqanlığı ilə seçilən Qəzənfər riyaziyyat
üzrə keçirilən olimpiadanın məktəb, rayon, şəhər və
respublika turunda iştirak edərək birinci yerin sahibi
olub. Bizimlə söhbətində riyaziyyat müəllimi Mehralı
Qarayev öz yetirməsinin gələcəkdə böyük riyaziyyatçı
olacağına əminliyini bildirdi.
S.SƏFƏROVA |