Təbiidir ki, Azərbaycan bir Avropa ölkəsi olaraq təkcə
Şərqlə bağlı olmayıb, həm də Qərb dünyası ilə yaxından
təmasda olmaq, yeni vüsət və inkişaf yolu seçmək
əzmindədir. Elə buna görə də Qərb mədəniyyəti ilə
paralel surətdə Şərq müdriklik məktəbinin, görkəmli
Azərbaycan şair və ədiblərinin ədəbi-bədii irsinin
öyrənilməsi az əhəmiyyət kəsb etmir. Daha doğrusu,
Avropa mədəni tarixinin öyrənilməsi bütün xalqların, o
cümlədən Azərbaycan milli ədəbiyyatının daha geniş
intişar tapmasında mühüm rola malikdir. Bu baxımdan ali
məktəblərdə yeni dərslik, dərs vəsaitlərinin
yaradılmasına zəruri ehtiyac duyulur.
İddia
etmək olmaz ki, müəllif öz kitabında dərslik
prinsiplərinə tam riayət etmiş, xronoloji ardıcıllığı
qoruyub saxlamışdır. Hər halda müəllifə belə haqq
qazandırmaq olar ki, kitab dərs vəsaiti kimi nəzərdə
tutulmuşdur. Əksər ədəbi oçerk və portretlər müəllifin
daha çox mühazirələri əsasında yazılmışdır. Bu da imkan
vermişdir ki, o, ədəbi hadisə və mövzulara sərbəst
yanaşsın, hər şeyi ehkam kimi qəbul etməsin. Bəlkə də
buna görədir ki, kitabda müəllifin fərdi yanaşma metodu
özünü daha artıq göstərir. Bunu biz zəruri, qanunauyğun
hal kimi qəbul edirik. Bəri başdan deyək ki, müəllif
özündən əvvəlki tədqiqatçı-alimlərə böyük sayğı
göstərmiş, istər rus, istərsə də Azərbaycan mənbələrinə
ehtiramla yanaşaraq onların dərslik və dərs vəsaitlərinə
istinad etmiş, yaradıcı bəhrələnmişdir. Ə.Sultanlının,
Ə.Ağayevin, C.Nağıyevin, T.Novruzovun, N.Paşayevanın,
M.Qocayevin, Q.Quliyevin, Q.Kazımovun, V.Hacıyevin,
A.Əliyevin kitablarına, məqalə və fikirlərinə
qədirşünaslıqla yanaşmışdır.
Azərbaycanda dünya ədəbiyyatının kamil bilicilərindən
olan mərhum professor Əli Sultanlıdan sonra yunan-Roma,
orta əsr dünya şair və yazıçıları barədə çox dərsliklər,
dərs vəsaitləri və ayrı-ayrı monoqrafik kitablar nəşr
olunmuşdur. Bu proses indi də davam etdirilir. Professor
Ə.Xəlilovun hazırladığı "Dünya ədəbiyyatı" dərs vəsaiti
isə bir çox özünəməxsusluğu ilə seçilir. Bu kitaba Antik
yunan ədəbiyyatı və fəlsəfəsi haqqında xeyli təzə
materiallar daxil edilmişdir. Xüsusən Homerin
yaradıcılığı ilə bağlı geniş elmi-ədəbi məlumatlar və
yeni təhlil, təsvir üsulları diqqəti cəlb edir. "İliada"
və "Odisseya" dastanları ilə bağlı fikir və mülahizələr
orijinallığı ilə fərqlənir. Dastanların rus və
Azərbaycan dilindəki tərcümələrinə xeyli yer verilməsi
əsas məziyyətlərdən biridir.
Homerin lirikası barədə yığcam məlumatla təsəvvür
yaratması da tələbələr üçün yeni sayıla bilər. Burada
şairin iki epiqramasının Azərbaycan dilinə tərcümə
etməsi də kitab müəllifinin yeni bir əlavəsidir.
Roma ədəbiyyatında hüquq, fəlsəfə və natiqlik sənətində
müstəsna yer tutan Siseronun yaradıcılığına həsr olunmuş
səhifələr onun həyat və şəxsiyyəti barədə geniş təsəvvür
yaradır. Antik dövrün böyük şəxsiyyətlərinə - Sokrata,
Platona, Aristotelə, Konfutsiyə, Zərdüştə və b. həsr
edilmiş qısa icmalar ali məktəb tələbələri üçün əlahiddə
təsəvvür yaradır ki, bu da çox vacibdir.
İlk intibah dövründən danışarkən müəllif haqlı olaraq
Dantenin, Petrarkanın və Bokkacionun dünya
ədəbiyyatındakı yerini aydınlaşdırmağa cəhd etmişdir.
Dante ilə bağlı səhifələr, zənnimizcə, xüsusi maraq
doğuracaq. Çünki italyan şairinin təkcə Qərb dünyasına
etdiyi müsbət təsiri göstərməklə yanaşı, Ə.Xəlilov onun
Şərq dünyasına, habelə Azərbaycan ədəbiyyatına xeyirxah
təsirindən də danışmışdır. Ə.Hüseynzadə, H.Cavid,
M.Müşfiqlə bağlı deyilən fikir və mülahizələr maraq
doğurur. Cavidin və bir çox Azərbaycan şairlərinin
italyansayağı sonet yazmaları və bunlardan nümunələr
verilməsi kitabın məziyyətlərini şübhəsiz ki, artırır.
Dante və Şərq mövzusuna toxunulması da müsbət haldır.
Petrarka dilimizə çox az tərcümə olunmuş intibah
şairidir. Lakin müəllifin bu barədə də yeni mülahizələri
diqqət çəkəndir. Burada deyilən fikirlər, paralel
müqayisələr, Azərbaycan ədəbiyyatında sonetin bir janr
kimi təşəkkül tapması ilə bağlı ədəbi iddialar oxucuda
geniş təsəvvür yaradır.
Orta əsrlər ədəbiyyatına ayrılmış qısa xülasələr də
xüsusi önəm daşıyır. Bir daha qeyd edək ki, Dante,
Petrarka, Höte barədəki ədəbi oçerk və portretlər
tamamilə yeni, müasirlik mövqeyindən yazılmışdır.
Burada indiyə qədər oxucuların bilmədiyi çox mətləblər
elmi şəkildə əsaslandırılmışdır. Kitabda müəllifin "Qərb-Şərq
divanı"ndan etdiyi bədii tərcümələr də diqqəti cəlb
edəndir.
Dərs vəsaitində Qərb ədəbi fikrinin parlaq şəxsiyyətləri
müasir elmi-nəzəri müstəvidə araşdırılır, kitab
müəllifinin şəxsi mövqeyi kontekstində təhlil və təsbit
olunur.
Görkəmli alman şair-mütəfəkkiri Hötenin yaradıcılığı ilə
bağlı səhifələr tamamilə yeni baxış bucağından
yazılmışdır. Şairin Şərqlə, fars-tacik və türk poeziyası
ilə möhkəm bağlılığı kitabda müfəssəl təhlilini
tapmışdır. Firdovsi, Nizami, Hafiz, Xəyyam, Sədi, Nəvai,
Rumi, Cami barədəki fikirlər müəllifin diqqətindən
yayınmamış, alman şairinin hər birinə münasibəti konkret
misallarla açıqlanmışdır. Şərq şairlərinə həsr olunmuş
şeirlərin kitab müəllifinin özü tərəfindən dilimizə
tərcümə olunması əlahiddə bir keyfiyyətdir.
Mən bir həmkar kimi sevinməyə bilmərəm ki, kafedramızın
professoru mümkün qədər yeni, tədqiqat xarakterli bir
dərs vəsaiti ortaya çıxara bilmişdir. Çox istərdik ki,
vəd etdiyi kimi, kitabın digər hissələri də nəşr edilsin.
Bu yolda müəllifə uğurlar diləyirik.
Cəlil NAĞIYEV,
BDU-nun dünya ədəbiyyatı kafedrasının müdiri, professor |