Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Təhsil tariximiz: yeni bilgilər

Fevziyyə Tansel Prof. Dr. Dilşad Talıbxan haqqında

 

Ömər ÖZCAN,

Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin müşaviri 

Bundan az öncə "Azərbaycan müəllimi" qəzetində Azərbaycan kökənli Prof. Dr. Dilşad Talıbxan Elbrus (1916-1979) haqqında geniş yazım getmişdi. Orada başlıca məqsədim Azərbaycan oxucusunda Dilşad xanımın ömür yolu və alimlik fəaliyyəti haqqında təsəvvür yaratmaq, onu öz xalqına ilk dəfə tanıtmaqdı. Bakıdan aldığım bilgilərə görə, həmin yazı maraqla qarşılanıb.

İndi isə "Azərbaycan müəllimi"nin oxucularına Dilşad xanımın ölümüylə bağlı yazılmış, ancaq təkcə onun özüylə deyil, genəlliklə Azərbaycan istiqlalıyla və özəlliklə məşhur istiqlal şairi, ulu Məhəmmədəmin Rəsulzadənin (1884-1955) ömür-gün yoldaşı Ümbülbanunun və görkəmli siyasi xadim Məhəmmədəli Rəsulzadənin (1882-1982) bacısı, görkəmli yazıçı Seyid Hüseynin (1887-1938) həyat yoldaşı Ümmügülsüm xanım Əbdüləziz qızı (1900-1944) ilə, onun yaradıcılığı ilə bağlı dəyərli bir məqaləni də göndərirəm. Onun müəllifi Türkiyədə yetərincə tanınan filoloq alim və Dilşad xanımın çox yaxın rəfiqəsi Fevziyyə Abdullah Tanseldir (1912-1988). Azərbaycanda, təbii ki, onu da tanımırlar, buna görə də haqqında bir qədər bilgi verməyə ehtiyac duydum.

Muş şəhərində 1912-də doğulan Fevziyyə xanım Tansel Əlazığ qazısı olan atası Abdullah Xülusi əfəndinin 1921-də vəfatından sonra 9 yaşında ikən bacılarıyla birlikdə İstanbula gəlib. İstanbul Qız Liseyini bitirib. Ali təhsilini  İstanbul Universiteti ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə 1935-ci ildə tamamlayıb. Universitet və Yüksək Müəllim Məktəbi (Ali Pedaqoji Məktəb) müəllimliyi edib. Universitetdə  müəllimi olan, adı Azərbaycanda da hörmətlə çəkilən Mehmet Fuad Köprülü (1890-1966) ilə vəfatınadək təmasını kəsməyib, elmi işlərində onun ən yaxın yardımçılarından biri olub.

Bir il Konya Qız Müəllim Məktəbində müəllimlik etdikdən sonra Ankara Kişi Liseyində 1964-ə qədər çalışıb. Osmanlı dönəmində qurulan bu lisey cümhuriyyətin ilk dönəmlərində ən yaxşı məktəblərdən biri olub. Ankara Kişi Liseyində Tanselin şagirdi olan və keçmişdə millət vəkili, nazir və bir müddət CHP Genəl Başqanı olan jurnalist Altan Öymən "Bir dönəm, bir çocuq"  adlı xatirələrində ondan əruz da daxil çox şey öyrəndiyini, əski şeirə bağlı olduğunu, divan ədəbiyyatını, "Sərvəti-fünun" ədəbiyyatını çox yaxşı bildiyini göstərir.

F.Tansel 1964-də Ankara Universiteti ilahiyyat fakültəsinə klassik dini türkcə mətnlər dərsi müəllimliyinə təyin edilib və təqaüdə çıxdığı 1973-ə qədər  orada müəllim işləyib.  

"Türk Ocağı"nın qapanmasından sonra onun yerinə qurulan "Xalq evləri"nin baş mərkəz orqanı olaraq uzun illər yayımlanan "Ülkü" dərgisi 1936-1941-ci illər arasında Mehmet Fuad Köprülünün redaktorluğu altında çıxıb. Tansel noyabr 1936 - iyun 1941 tarixləri arasında dərginin sahibi və məsul yazı işləri müdirliyini edib. Köprülüdən aldığı dərs sayəsində onun çalışma və incələmə metodunu yaxşı qavrayıb, həyatı boyunca onun elmi anlayışının təqibçisi olub, tələbkar və qılı qırx yaran bir araşdırmaçı olaraq tanınıb. Bu özəlliyindən dolayı nəşrə hazırladığı əsərlərə böyük əmək və diqqət sərf edib. Demokrat Partiyasının qurucuları arasında bulunan müəllimi Köprülü həmin partiyanın idarəçiləriylə ixtilafa düşərək xarici işlər naziri vəzifəsindən istefa verdikdən sonra F.Tansel 1950-ci illərin sonlarında ona "Osman dövlətinin quruluşu", "İslam mədəniyyəti tarixi", "Türk ədəbiyyatında ilk mütəsəvviflər" kimi önəmli əsərlərini nəşrə hazırlamaqda yardımçı olub. Özü də müstəqil olaraq Türk Tarix Qurumunun orqanı "Belleten"də, "Kubbealtı Akademi Mecmuası"nda məqalələr, "İslam Ansiklopedisi"ndə müxtəlif materiallar dərc etdirib. "Ziya Gökalp Külliyyatı", "Mehmet Akif", "Xüsusi məktublarına görə Namiq Kamal və Əbdülhaq Hamid", "İstiqlal hərbində mücahid qadınlarımız", "Namiq Kamalın xüsusi məktubları", "Mehmet Əmin Yurdaqulun şeirləri", "Yaxşı və doğru yazma üsulları", "Türk-İslam ədəbiyyatı", "Klassik dini mətnlər" onun nəşr edilmiş əsərlərindən bəziləridir. F.Tansel, soyad qanunu çıxdığı zaman bacıları ilə birlikdə "Erinç" soyadını alıb, ancaq bir müddət sonra "Tansel"ə dəyişdirıb. Bu soyadla Dr. Fəthi Təvətoğlu tərəfindən Samsunda çıxarılan aylıq türkçü "Kopuz" dərgisinin avqust 1943 tarixli 4-cü sayında "Mehmetciyə" başlıqlı bir şeiri dərc edilib. Yazı həyatına öncə şair kimi başlayıb.

Ankarada 1988-də vəfat edən Fevziyyə Abdullah Tanseldən qalan əsərlər arasında gündəlikləri də var. Onlar İstanbulda 2011-də "Ay dolanır, günlər keçər" adıyla nəşr edilib. F.Tansel çox sevdiyi rəfiqəsi Dilşad Elbrus Talıbxanın ölümünü gündəliyində bu sətirlərlə qeyd edib: "Bu gün böyük bacımdan məktub aldım. Mənim sevgili azəri arkadaşım Dilşadcığımın Cərrahpaşa tibb fakültəsində 12 apreldə öldüğünü yazır; çox-çox üzüldüm. Məni anlayan, mənim anladığım bir dostumu da itirdim".

Həyatı boyunca heç ailə qurmadığı üçün soyunu davam etdirəcək varisi  qalmayan F.Tansel sağlığında Ankara və İstanbuldakı iki ayrı mülkünü, bütün kitablarını, məcmuələrini, araşdırma qeydlərini və basılmış əsərlərinin mülkiyyətini, kitabxanasını vəfatından sonra yaşadılması və işlədilməsi, bankdakı bir miqdar pulunu xeyir işlərə sərf etmək şərtiylə İstanbuldakı Türk Petrol Vəqfinə hibə edib (bağışlayıb).

Prof. Dr. Dilşad Talıbxan  Elbrusun vəfatından sonra haqqında "Azərbaycan" kültür dərgisində gözəl bir yazı nəşr edən Fevziyyə Tansel yaxın dostunu Azərbaycan  xalq ədəbiyyatını, folklorunu, teatr əsərlərini, opera və operettalarını çox yaxşı bilən, gözəl piano çalan, şirin səsiylə Azərbaycan şərqi və türkülərini, segah və bayatılarını üsuluna uyğun olaraq qayət xoş tərənnüm edən, dindar və etiqadı tam kamil bir insan olaraq bütün yönləriylə tanıdıb.

Vətənindən uzaqda milli duyğularını itirmədən böyüyən, elm adamı olaraq seçkin bir yer qazanan sevgili rəfiqəsi haqqındakı həmin yazısıyla həm onu, həm də özünü ölümsüzlər sırasına qatan  Fevziyyə Abdullah Tanseli və Dilşad Elbrusu bu münasibətlə rəhmətlə anırıq. 

Fevziyyə Abdullah TANSEL 

Prof. Dr. Dilşad Elbrus (1916-11 aprel 1979) 

Yalnız Azərbaycan deyil, Türkiyəmiz də 11 aprel 1979-dan bu yana qiymətli bir varlığını, Ege Universiteti fizika professoru Dilşad Elbrusu itirib.

Azərbaycanın tanınmış, siyasi hayatında mühüm yeri olan ailələrindən Talıbxanlara mənsub Dilşad Elbrusla İstanbul Qız Liseyindəki şagirdlik illərində tanışmışdıq. Sinfinin ən çalışqan şagirdlərindən idi.  Türkiyəyə Cümhuriyyətin elanından sonra anası və böyük bacıları ilə Bakıdan qaçıb gəlmişdilər; bizə  hər zaman necə qaçdıqlarına dair acı xatirələrini anladırdı. Bu acı xatirələr hənuz çocuq yaşdakı bizlərin qəlbində də dərin izlər buraxır, şirin və çox gözəl, yanıqlı səsiylə söylədiyi Azərbaycan şərqi və türkülərini dinlərkən, ustaca oynadığı Qafqaz rəqslərini seyr edərkən gözlərimiz yaşarırdı. 

Dilşadla on iki  yaşlarında başlayan arxadaşlığımız onun həyatının son illərinə qədər  sürüb getdi. 1931-32 ilində İstanbul Qız Liseyindəki təhsilimiz sona yetincə o, fənn fakültəsinin fizika bölümünə, mən isə Türk dili və ədəbiyyatına davam edirdik. O illərdə fənn və  ədəbiyyat  fakültələri günümüzdəki İstanbul Universiteti fənn və ədəbiyyat fakültələrinin yerindəki Zeynəb xanım qonağında idi; eyni binada olduğumuzdan yenə sıx-sıx tapışıb görüşə bilirdik. Universiteti bitirdikdən sonra peşə həyatlarımızı bir-birimizdən uzaq yerlərdə sürdürdük; köklü arxadaşlığımız məktublaşma yoluyla davam etdi. Son illərində ildə bir-iki dəfə İzmirdən Ankaraya gəlir, bəzən məndə üç-beş gün qaldığı olur, Ankaradakı dostlarını birər-birər arayıb tapır, həsrətini sovudub sevinc içində İzmirə, vəzifəsi başına dönürdü. 1977-də təqaüdə çıxınca İstanbulda Bağdad caddəsində kirələdiyi bir mənzildə yerləşmişdi. Rahatlığa qovuşa bilmədi; çiləli illərın da təsiriylə, tutulduğu müxtəlif xəstəliklər onu qabağına qatıb sürükləyirdi. Cərrahpaşa tibb fakültəsində yatma zorunda qaldı. Mədəaltı vəzin xərçəngindən qurtulmasına imkan qalmadığını bilirdik. Xəstə ikən də məktublaşdıq. Bunları ev ünvanına yazırdım. Böyük bacısı rəhmətlik Sürəyya xanımın oğlu Can Odoğlu bəy bunları xəstəxanaya aparıb Dilşada çatdırırdı. Son məktubumun içində onu xəstəxanada zərf-kağız təmini zəhmətindən qurtarmaq düşüncəsiylə bir məktub kağızı ilə üzərində ünvanım yazılı pullu bir zərf də qoymuşdum. Buna ölümündən bir ay öncə yazdığı cavabını, onun xəstəliyinin son aylarını anlatdığı, Azərbaycan həsrətini canlandırdığı üçün olduğu kimi nəşr edirik:

"Fənəryolu, 11 mart 1979.

Fevzim, canım bacım! Can-can bacım mənim.

Candan yanğını içli ifadənlə mənə çatdıran yanvar məktubuna çox təşəkkür edirəm. Tez cavap yaza bilməməyimi lütfən etinasızlıq sanma!

26 fevral günü xəstəxanadan çıxdım və məktubunu eyni gün evimə gedincə aldım. Oxuduqca qəhərləndim. Candan yanğın, on bir-on iki yaşımdan bəri Azərbaycandakı həsrətini çəkdiklərim, həm Azərbaycanım və oradakılara həsrətimin acısıyla yarım əsrdən artıq sızlayan qəlbimi sənin candan bacı yanğın elə gözəl oxşadı ki, məktubunu oxuduqca qəlbimdəki sızıltının yüngülləşdiyini, hətta keçdiyini hiss etdim. Yalnız Şaziyə ablamızın rahatsızlığına çox üzüldüm. İnşaallah, indi yaxşıdır. Azanlar oxunduqca hər dua edişimdə ablamıza da Rəbbimin sağlamlıq ehsan eləməsini niyaz edirəm.

Canım Fevzim! Xəstəxanadan çıxdığım gün paltarlı çəkim otuz doqquz kilo idi, yəni gombullar kraliçası... Zəiflikdən gözlərim görmür və qulaqlarım yaxşı eşitmir və fevralın son günləriylə martın başlanğıcınadək, bu günə qədər yazı yaza bilmədim. Bu gün də yaxşı yaza bilmirəm. İfadəm pozuqdur. LamiəTyə qonşudan telefon etdim və sənə yazıb durumumu anlatmasını rica etdim.

Mənim xəstəxana problemim hələ bilməcədir. Mədəmdə əcaib, əllə yaxşıca hiss edilən bir sərtlik var. İndi həkim bir ay evimdə yaxşı qida alıb kökəlməmi, sonra təkrar həzm cihazımın incələnməsi üzrə xəstəxanaya yatmamı söylədi; yəni 6 və ya 10 aprel günü həkim məni təkrar müayinə edəcək və kafi dərəcədə güç toplamış olsam Daxiliyyəyə yatıracaq...

Bu günlük bu qədərlə yetinək. Canım bacım, sənin məktubunu açıb ünvanlı, pullu zərfi içində, yazmam üçün kağızı görüncə elə təsirləndim ki, göz yaşımı tuta bilmədim. Sağ ol, var ol, mənim canım bacım! Səni həsrət dolu sevgimlə qucaqlayaraq çox-çox öpürəm.

Xeyir-duaları və içdən sevgilərlə Dilşad bacın!".

Dilşad Elbrus, məktubunda yazdığı kimi, 10 apreldə həkimin tövsiyəsini yerinə yetirərək müayinə üçün, yaxınlarından öyrəndiyimə görə, çox bitkin halda Cərrahpaşa tibb fakültəsi xəstəxanasına gedib, üç-dörd gün sonra orada həyata gözlərini yumub. 12 apreldə Karacaəhməd məzarlığında 1974-də vəfat edən və lap çox sevib bağlandığı dayısı Hüseyn Camal Yanar bəyin yanına gömülüb. Tanrı rəhmət eləsin, nur içində yatsın!

[Bütün yurddaşlarının, dostlarının dərin sevgi ve sayğısını qazanan H.Camal Yanar doxsan yaşlarında vəfat etmişdir. 1919-da Bakı Türk Ocağındakı Müsavat Partiyasının konfrans salonundakı nitqləriylə ad qazanmış, sonraları bu partiyanın Bakı Komitəsinə sədr müavinliyinə də seçilmiş, 1908-də İran inqilab hərəkatına qatılmış, 27 apreldə rus istilasına qədər Azərbaycan Parlamenti idarəsində də vəzifəli idi. Farscanı, ərəbcəni yaxşı bilən H.C.Yanar bəyin çox gözəl, hiss və fikir baxımından dərin və incə şeirləri də vardır. Dilşad Elbrus, bunları yayımlamağı düşünməkdəydi. Bu möhtərəm Azəri dayını, yay tətillərində Dilşad onun Erenköyündəki evində qaldığından, mən də tanımaq şərəfinə çatdım. Mənə yazdığı məktublarında yer-yer gözəlcə şeirləri bulunmaqdadır. (Həyatı, şəxsiyyəti haqqında daha çox bilgi üçün bax: Ə.Vahab Yurdsevər. Hüseyn Camal Yanar. - "Azərbaycan" Türk Kültür Dərgisi, il 23, sayı 10, aprel-iyun 1974, s. 71 və b.)].

Dilşad Elbrus ilə peşə baxımından bir-biriylə əlaqəsi olmayan ayrı-ayrı sahələr üzərində çalışırdıq; mən onunla fizika sahəsində danışa biləcək halda deyildim, fəqət o, mənimlə yalnız bir-iki dəfə bu elm sahəsindən danışdı. İzmirdən Ankaraya gəlib məndə qonaq qaldığı günlərdən birində məndən bir kağız,  qələm istədi. O günlərdə ortanın solu təbiri ortaya atılmış, hatta yayğınlaşmağa başlamışdı. Verdiyim kağızı boyuna ikiyə qatladı; qat yerindən, yəni tam ortasından yuxarıdan aşağıya bir cizgi çəkdi. Yanıma gəlib sərt bir səslə: "Bax, bu cizgini görürsənmi, bu, ortadır. Bunun bir sağ, bir sol yanı vardır. Ortanın solu deyə bir şey olmaz!" - deyərək ürəyini boşaltdığını xatırlayıram. Bir dəfə də Paskal və b.  fizika elm adamlarının ad qazanmış olanlarının həyat və əsərlərini içinə alan, onları tanıtmaq düşüncəsiylə hər kəsin anlaya biləcəyi səviyyədə iki-üç formalıq kiçik kitablar yayımlamağı düşündüyünü, bunlardan bir qisminin basıldığını, geri qalanının təshihlərinə əli dəymədiyini, Ege Universitetindəki otağında qaldığını, vaxt tapınca ixtisas kitablarıyla birlikdə bunları da alıb İstanbula gətirəcəyini anlatmışdı. Yay tətillərini İstanbulda təkbaşına yaşayan H.Camal Yanarın Ərənköyündə kirələdiyi evində keçirən Dilşad Elbrusun böyük bacısı Sürəyya xanım İstanbul Universiteti Türk dili və ədəbiyyat bölümündən məzundu. Şair dayı və ədəbiyyat müəllimi bacısının təsiriylə mənim sahəmdə həmən hər məsələ haqqında danışa bilirdik. Əzbərdən farsca beytlər, divan və sonrakı dövrlər ədəbiyyatımıza aid şeirlər oxuyurdu. Farscadan başqa rusca, almanca və ingiliscəni də oxuyub anlayır, danışa bilirdi. Məndə qonaq qaldığı sıralarda ədəbiyyat, din və təsəvvüf sahəsində bəzi kitablar satın aldığını, bunları vaxt tapınca zövqlə oxuyacağını söylədiyini də xatırlayıram.

Dilşad Elbrus yenə məndə qonaq qaldığı günlərdən birində məndən kağız və qələm istəmiş, "sənə gözəl bir şeir yazacağam" demişdi. Mən susub gözlədim; o yazdı, yazdı. Mənə iki tərəfi də yazılmış kağızı verdi. Onun bu kağıza yazdıqlarını da olduğu kimi nəşr etməyi, Azərbaycan ədəbiyyatına aid bir məsələni aydınlatdığı və mənə bilmədiyim bir şeyi öyrətdiği üçün faydalı sayıram:

"Öz bacım kimi sevdiyim Fevziyyə bacıma kiçik bir xatirə.

Dilşad Talıbxan Elbrus.

Ankara, 4 avqust, 1977. 

28 may 1918-də qurulan Azərbaycan Cümhuriyyətimiz 27 aprel 1920-də bolşeviklər tərəfindən işğal edildiyi gün iqtidar partiyamız Müsavat Partiyasının lideri mərhum Məhəmmədəmin Rəsulzadə bəyin əmisi qızı Ümmügülsüm xanım bu şeiri yazıb. Bu şeir heç bir yerdə nəşr edilməyib, fəqət mənim hafizəmə həkk edilıb. Şeiri arxa səhifəyə yazıram.  

Bayrağım enərkən 

Sən bayrağım! O yüksək şanlarınla enərkən

Mavi göyə bir duman gəldiyini sezdim mən.

Qoynundakı ağ nurlu ay-yıldızın sönərkən

Üzərimə doğacaq günəşlərdən bezdim mən.

 

Al-yaşıllı bağında çicəklərin solarkən

Ürəyimdə pək acı bir inilti yüksəldi.

Hıçqırıqlar içində bayılırkən, düşərkən

Məni tutup qaldıran xain, murdar bir əldi.

 

Yazıq, səni, bayrağım, endirdilər, öyləmi?

Səni yıxıb devirən o zəhərli rüzgar;

O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,

Yanar ocağımı da söndürdülər, öyləmi?

 

Bir röyamı oldu o gördüklərim həpisi?

Bağlandımı üzümə Türk elinin qapısı?

 

Ümmügülsüm Rəsulzadə".

Dilşad Elbrusun öz deyişiylə xatirə olaraq yazdıqları burada sona yetmişdi. Şeiri oxudum. Bunun bir yerdə nəşr edildiyini xatırladığımı, fəqət o sırada bunu araşdırıb tapa bilməyəcəyimi söylədim. Dilşad Elbrus bu şeiri böyük bacısı Sürəyya xanımın seçib yazdığı şeirləri içinə alan albomunda görüb əzbərlədiyini də anlatmışdı. Bir müddət sonra bu şeirin "İstiqlal uğrunda" şeirlər məcmuəsində bulunduğunu gördüm; ilk səhifəsində bir də ithaf vardı. Bu kitabı mənə İstanbul Qız Liseyində oxuduğumuz sırada, 1930-da Dilşadın hədiyyə etdiyi anlaşılırdı; o da, mən də şeirin bu kitabda olduğunu xatırlaya bilməmişdik, fəqət onun hafizəsinin qüvvəti qarşısında heyrətə düşmüş olduğumu da söyləməliyəm. Onun, hafizəsinə dayanaraq yazdığı misraları adıkeçən əsərdəki nəşriylə qarşılaşdırınca aralarında heç bir fərq olmadığını gördüm; yalnız çap şəklində üç misra əksikdi; bunlar yuxarıdakı mətnə "İstiqlal uğrunda" adlı əsərdən faydalanaraq qoşduğum ikinci dördlüyün son iki, üçüncü dördlüyün ikinci misralarıdır. Dilşad Elbrusun uşaqlığından bəri hafizəsində saxladığı bu şeiri yazıb mənə verməsiylə yeni bir şey də öyrənmiş oldum -"Bayrağım enərkən" adlı şeir "İstiqlal uğrunda" adlı kitabda Ümmügülsüm adıyla deyil, "...xanım" təxəllüsüylə yayınlanıb. İllərdən bəri hansı gizli adların kimə aid olduğunu müəyyənləşdirməyə çalışdığım, "...xanım"ın kim olduğu da müəyyənləşdirə bilmədiyim belə adlar arasında olduğu üçün onun verdiyi bilgi dolayısıyla bu imzanın kimə aid olduğu aydınlığa qovuşdu. Beləcə, eyni əsərdəki [Milli Azərbaycan Nəşriyyatından. Sayı 7, İstanbul,1928, Orxaniyyə mətbəəsi, s. 24, 134. Bu əsərdəki Gülsərən, ***, Qartal, Azəri təxəllüs və gizli imzalarının isə (s. 35, 92, 156, 158) kimə aid olduğunu hələ bilmirik; bunları yaşlı Azərbaycanlı dostlarımız arasında bilənlərin ola bilcəyini sanmaqdayıq] yenə "...xanım" imzalı "Hicran" adlı şeirin də Ümmügülsüm xanım tərəfindən yazıldığı anlaşılmış olur. 

Hicran 

Bir solgun çiçəyəm, bir sarı yapraq,

Candan şikayətkar, canandan iraq;

Çıxdım ki, yollardan alayım soraq,

"Xəbər verən yoxdur, sorma" dedilər.

 

Ayrılınca Hilal qaşlı yarımdan,

Mən yaslara batdım, geymədim əlvan,

Düşünüb o Yıldız gözləri hər an

Ağlarkən, "kəndini yorma" dedilər.

 

Könül, şəkvəsini kimə söyləsin?

Qəlbimin dərdini kimlər dinləsin?

Səni sevən sənsiz ömrü neyləsin?

Ardınca qoşarkən "varma" dedilər.

 

Mənim göylərimdən Günəş çəkildi,

Parlaq həyatıma zülmət töküldü,

Vərəmli qəlbimə oxlar dikildi,

"Qoy axsın qanları, sarma" dedilər.

 

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri şəfəq qoğmayacaqmı?

Sordum, "umudunu qırma" dedilər!.. 

Ümmügülsüm xanımın "Hicran"ı mövzu baxımından bir öncəki şeirinin eyni, fikirlərin işlənişi yönündən fərqlidir - "Bayrağım enərkən"də Azərbaycanın 27 aprel 1920-də bolşeviklərcə işğalı üzündən istiqlalın simvolu bayrağının endirilməsindən duyulan üzüntü, ona həsrət acısı doğrudan-doğruya anladılıb. "Hicran"da isə Hilal qaşlı, Yıldız baxışlı, həsrətinə dayanılması ürəklər yaxan onsuz günlərin qapqaranlıq keçdiyi hissini yaradan sevgili ilə Azərbaycan bayrağı simvolik olaraq alınıb, dolayısıyla istiqlalını itirən yurdun hər yanını saran əsirlik həyatının sızıltıları duyurulub.

Candan və əziz arxadaşım Dilşad Elbrus üçün yazdıqlarım burada sona çatır və düşünürəm: bu dünyada tez-gec hər kəsin, hər şeyin qədərini çərçivələyən, sınırları içərisinə alan maddi və mənəvi doğuş-ölüm, başlanğıc-bitiş, aydınlıq-qaranlıqdan ibarət olduğunu düşünərək Dilşadın yaxınlarına, Azərbaycanlı dostlarımıza təsəlli vermək istəyir, özü üçün də Allahın rəhmətini niyaz edirəm.

Ankara, 22 iyun 1979.
("Azərbaycan" dərgisi, sayı 230,
aprel-may-iyun 1979, ss. 35-40).

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov