Mayın
19-da Şabran rayonunda Məmmədağa Nəzirov adına şəhər 4
nömrəli tam orta məktəbin 90 illik yubileyi qeyd olundu.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov, rayonun təhsil ictimaiyyəti, məktəbin
məzunları və digər şəxslər iştirak edirdilər. Öncə
tədbir iştirakçıları rayon mərkəzində ulu öndər Heydər
Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək
önünə gül dəstələri qoydular. Məktəbin həyətində
şagirdlərin əl işlərindən ibarət sərgiyə, müxtəlif
illərdə məktəbin təhsil sahəsində qazandığı uğurları əks
etdirən stendlərə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Füzuli
Hüseynov qonaqları salamlayaraq tədris ocağının
tarixindən söz açdı. Bildirdi ki, bir əsrə yaxın tarixi
olan Məmmədağa Nəzirov adına şəhər 4 nömrəli tam orta
məktəbin təməli 1922-ci ildə qoyulub. Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra məktəblərdə dünyəvi
dərslər Azərbaycan dilində tədris olunmağa başlamış və
kəndlərdə ibtidai məktəblər şəbəkəsi yaradılmışdır. Məhz
bu dövrdə keçmiş Dəvəçibazarda ilk dünyəvi dördillik
məktəbin - indiki Məmmədağa Nəzirov adına şəhər 4
nömrəli tam orta məktəbin əsası qoyulmuşdur. 1930-cu
ildə məktəb Dəvəçibazar Şuralığında ilk orta məktəb kimi
fəaliyyət göstərmişdir. Təhsil ocağı 1955-ci ilə kimi o
vaxtkı Dəvəçi rayonunda fəaliyyət göstərən yeganə məktəb
olub. Sonralar məktəbin strukturu dəyişdirilib,
yenilənib və zamanın tələblərinə uyğun şəkildə
genişlənmişdir. Belə ki, 2009-cu ildə məktəb üçün 520
şagird yerlik 27 sinif otağından ibarət əlavə tədris
korpusu tikilib istifadəyə verilmişdir.
Məktəbdə 421 şagirdin təlim-tərbiyəsi ilə 59 müəllim
məşğul olur. Son 20 ildə təhsil ocağının ən yüksək
nəticəsi 2009-cu ildə qeydə alınıb. Həmin il məktəbin 35
məzunundan 14-ü ali məktəblərə qəbul olunub. Məktəbin
şagirdləri regionda və paytaxtda təşkil olunan müsabiqə
və olimpiadalarda yüksək nailiyyətlər qazanıblar.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Roman Yusifov,
şəhidlər Allahyar Xəlilov və Ceyhun Vasifov Şabran şəhər
4 nömrəli tam orta məktəbin məzunları olublar.
Füzuli Hüseynov tədbirin təşkil olunmasında zəhməti
keçmiş hər bir şəxsə və iştirakçılara dərin
minnətdarlığını bildirdi.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov
tədbirdə çıxış edərək tədris ocağının 90 iilik yubileyi
münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik
etdi. N.Novruzov son illər respublikamızda aparılan
təhsil islahatlarından söz açaraq ümummilli lider Heydər
Əliyevin hələ keçən əsrin 60-cı illərinin sonundan
başlayaraq təhsilə verdiyi töhfələr haqqında danışdı.
Bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev
təhsilə böyük diqqət və qayğı göstərir. Hazırda
respublikamızda şagirdlərin təhsil almaları üçün dövlət
tərəfindən hər bir şəraitin yaradıldığını bildirən
N.Novruzov son illər rayonda yeni məktəb binalarının
tikilib istifadəyə verildiyini və bir neçə məktəbin
əsaslı təmir olunduğunu vurğuladı. Müəllim əməyini,
müəllim fədakarlığını yüksək qiymətləndirən başçı hər
bir şəxsin bu peşəyə böyük hörmət və rəğbət bəslədiyini
və uzun illər keçsə də müəllimin hafizələrdən
silinmədiyini nəzərə çatdırdı.
Tarixi ənənələrə malik olan M.Nəzirov adına şəhər 4
nömrəli tam orta məktəbin şabranlıların qəlbində xüsusi
yeri olduğu və belə məktəblərin tarixin bir hissəsi kimi
qorunub saxlanılmasının vacibliyi qeyd edildi.
Tədbirdə çıxış edən məzunlardan yazıçı-publisist Saleh
Tahirov, professor Mübariz Əmirov, tibb elmləri doktoru
Ariz Xəlilov və başqaları məktəblə bağlı kövrək
xatirələrini bölüşdülər.
Sonda şagirdlərin ifasında şeirlər, mahnılar
səsləndirildi.
Niyazi RƏHİMOV |