Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik yubileyi yaxınlaşdıqca bu
qocaman təhsil ocağının fakültə və kafedraları arasında
sanki elan olunmamış bir yarış başlanıb. Bu da təbiidir.
Axı onların hər birinin yaranma tarixi, keçdiyi yollarda
üzləşdiyi çətinliklər, başlıcası isə əldə etdikləri
nailiyyətlər çoxdur. 6 fakültə, 30-dan çox kafedra, 40-a
yaxın ixtisasın bu unikal təhsil ocağının "tavanı"
altında bərqərar olması üçün on illər gərək oldu.
Çoxsaylı professor-müəllim heyətinə sahib olmaq, kadr
yerdəyişmələri və nəhayət, tədris metodikasında, tələbə
seçimində, fənlərin müəyyənləşdirilməsi istiqamətində
aparılan gərgin axtarışlar öz bəhrəsini verməliydi.
Xüsusilə yeni kafedra və ixtisasların açılmasında ADMİU-nun
rektoru, professor Timuçin Əfəndiyevin gərgin və
səmərəli əməyi bu işdə öz sözünü dedi. Universitetin
nəzdində 10 il əvvəl musiqi sənəti fakültəsinin
yaradılması da məhz onun gərgin zəhmətinin bəhrəsi idi.
Odur ki, "Səda" Tədris Teatrında bu fakültənin
yaranmasının 10 illiyi münasibəti ilə düzənlənən yubiley
tədbirində çıxış edənlər ilk əvvəl görkəmli alim,
əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevə
öz minnətdarlıqlarını bildirirdilər. İlk söz deyən 10
yaşlı fakültənin yeni təyin olunmuş dekanı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada
Hüseynova oldu. O, özünə qədər illərlə fakültəyə
ləyaqətlə rəhbərlik etmiş xalq artisti Vamiq
Məmmədəliyevə təbriklərini yetirdi. Sonra fakültənin
tarixi, bu gün burada çalışan məşhur sənət xadimləri
haqqında müfəssəl məlumat verən Ellada Hüseynova sözü
qonaqlara və musiqiyə verdi. Bakı Musiqi Akademiyasının
elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə ADMİU-da
musiqi sənəti fakültəsinin yaradılmasının zəruri bir
addım olmasını qeyd etdi.
Tədbirin qəhrəmanı musiqi sənəti fakültəsi, onun müəllim
və tələbələri idi. İnstrumental ifaçılıq kafedrasının
müdiri, dosent Gülağa Zeynalovun rəhbərliyi və
dirijorluğu ilə bir-birindən gözəl çıxışlarla yadda
qalan xalq çalğı alətləri orkestrinin və onun ayrı-ayrı
üzvlərinin ifaları əsl peşəkarlıqdan xəbər verirdi.
Öz yubiley tədbirini ADMİU-nun qarşıdan gələn 90
illiyinə həsr edən musiqi sənəti fakültəsi, onun
professor-müəllim, tələbə kontingenti bir daha sübut
etdilər ki, onlar qocaman Şərqin musiqi tarixi
səhifələrinə parlaq notlar yazmış Azərbaycan musiqi
mədəniyyətinin layiqli yetirmələridir.
İntiqam MEHDİZADƏ,
ADMİU-nun mətbuat katibi |