Ulu
öndər, ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd
etdiyimiz bir ayda daha bir təhsil ilinə yekun vurmağa
hazırlaşırıq. Biz müəllimlər cəmiyyətimizə, ölkəmizə
dəyərli vətəndaşlar hazırlayırıq ki, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsinə,
uğurlarının artmasına nail olaq. "Təhsil millətin
gələcəyidir!" - deyən ulu öndərimiz Heydər Əliyev daim
ölkə təhsilinə xüsusi diqqət ayırmışdır. Ümummilli
liderimizin layiqli davamçısı, ölkə başçımız İlham
Əliyev və onun xanımı Mehriban Əliyeva bu gün
Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı ilə
yanaşırlar. Ölkəmizdə təhsil daim təkmilləşdirilir.
Hər bir təhsil ocağının müəyyən uğurlar qazanmasında
həmin müəssisəni idarə edən rəhbərliyin rolu böyük olur.
Bakının Yasamal rayonunda yerləşən 21 nömrəli tam orta
məktəb məhz belə təhsil ocaqlarındadır. Tarixçi-araşdırmaçı,
"Babək və Hürrəmilik", "Hanı dediyim bəy ərənlər", "Dastan
ədəbiyyatımıza kənar təsirlər", "Dörd anonim mənbə" və
s. kitabların müəllifi, müxtəlif təhsil ocaqlarımızda
həm pedaqoq, həm də rəhbər kadr kimi müəyyən uğurlara
imza atan Ceyhun Bayramlı 2011-ci ilin oktyabr ayından
bu məktəbə direktor təyin edilmişdir. Həmin vaxtdan 21
nömrəli tam orta məktəbin təhsil həyatında böyük
canlanma baş verib. Dərs dinləmələr, yeni metodlarla
keçilən "açıq dərs"lər daim müəllimləri təkmilləşdirməyə
həvəsləndirib. Ceyhun müəllimin rəhbərliyi altında
məktəbdə silsilə tədbirlər keçirilir və bu aktiv təhsil
həyatı pedaqoji heyətin, şagird kollektivinin və
valideynlərin böyük marağına səbəb olur.
Məktəbdə cari tədris ilində keçirilmiş maraqlı
tədbirlərdən biri - aprelin 4-də keçirilən bilik yarışı
haqqında xüsusilə danışmaq istərdim. Keyfiyyətli bilik
nümayiş etdirən şagirdlərimiz Ceyhun müəllim tərəfindən
dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Bu tədbirdə
8, 9 və 10-cu siniflər arasında öz humanitar biliklərini
nümayiş etdirən şagirdlər bir daha əmin oldular ki,
təhsil proqramları ilə yanaşı, dünyagörüşünü
təkmilləşdirməklə keyfiyyətli bilik qazanmaq mümkündür.
Məktəbimizin direktoru Ceyhun Bayramlı öz çıxışında
yarışmanın devizini "Bilik qalib gəlsin!" kimi elan etdi.
Uğurlu tədbirlərimizdən daha biri ingilis dili fənni
üzrə metodbirləşmənin "Öyrənək və öyrədək" başlığı
altında keçirilən iclası oldu. Şagirdlərimizə
keyfiyyətli bilik aşılamağın yolları ilə bağlı təcrübə
mübadiləsi aparmaq üçün müəllimlərimiz "dəyirmi masa"
arxasında toplaşdı. Direktor Ceyhun Bayramlının
rəhbərliyi altında keçirilən bu toplantı treninq
funksiyasını daşıdı. Belə ki, məktəbin direktoru "İngiliscəni
necə öyrənməli və öyrətməli" başlığı altında məruzə
xarakterli çıxış etdi. Çıxışda ingilis dilinin
öyrənilməsi prosesində şagirdin əsasən müqayisəli-dilçilik
metoduna üstünlük verməsinin daha məqsədəuyğunluğu
vurğulandı. Slayd vasitəsilə nümayiş etdirilən metodiki
material ətrafında çıxışdan sonra faydalı fikir
mübadiləsi aparıldı. Qeyd olundu ki, ölkəmizin Qərbə
doğru inteqrasiyası ingilis dilinin əhatəli
mənimsənilməsinə səbəb olur. Təhsil ocaqlarında da bu
missiyanı ingilis dilindən şifahi nitqi, bu dildə mövcud
olan dialektlərin fərqlərini aşkarlamaq, öyrənməklə
inkişaf etdirmək tövsiyə olundu. Belə öyrədici
treninqlərin gələcəkdə də davam etdirilməsi
metodbirləşmə üzvləri tərəfindən irəli sürüldü.
Nəhayət, daha bir möhtəşəm tədbiri böyük ruh yüksəkliyi
ilə başa vurduq. Hər il ölkəmizdə ulu öndərimiz Heydər
Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilir.
Yasamal rayonunda mayın 2-də keçirilən bu möhtəşəm
bayrama bizim kollektiv də böyük ruh yüksəkliyi ilə
hazırlaşmışdı. Rəhbərliyin təşəbbüsü ilə bu bayramla
əlaqədar tədbirlər planı hazırlandı. Milli ornamentlər
əsasında canlı güllərdən ibarət stendlər hazırlandı.
Şagirdlərin muncuqlarla işlədiyi əl işləri və s.
maketlər sərgidə tamaşaçılar tərəfindən böyük marağa
səbəb oldu.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
ölkəmizdə hər il məktəblər təmir olunaraq müasir tədris
ocaqlarına çevrilir. Hazırda məktəbimizin ərazisində də
geniş miqyaslı təmir-tikinti işləri gedir. Ümid edirik
ki, məktəbin yeni rəhbərliyinin başçılığı ilə pedaqoji
kollektivimiz yeni dərs ilinə yeni təhsil kompleksində
qədəm qoyacaqdır. Həyatını təhsil sistemimizə sərf edən
şərəfli, sədaqətli, fədakar Azərbaycan müəllimlərinə 21
nömrəli tam orta məktəbin kollektivi adından uğurlar
diləyirik.
Gülnarə
SÜLEYMANOVA,
21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi |