Əyyubova
Mələkxanım Yadigar qızı 5 noyabr 1962-ci ildə Şamaxı
şəhərində doğulub. Sabunçu rayonundakı 155 nömrəli orta
məktəbi bitirib. İndiki Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin məzunudur. "İrs" folklor
ansamblının, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin solisti olub. ADMİU-nun muğam sənəti üzrə
professorudur. 1998-ci ildən əməkdar artist, 2000-ci
ildən xalq artistidir. Heydər Əliyev Fondunun
mükafatçısıdır. "Muğam sənəti" üzrə bir neçə metodik
vəsaitin müəllifidir. Ailəlidir, 4 övladı, 1 nəvəsi var.
Müsahibim söhbətimizə bu sözlərlə özü körpü saldı.
- Mən qədim Şamaxı şəhərində məşhur el sənətkarı, aşıq
Məzahirin ailəsində dünyaya göz açmışam. Məndən əvvəl
iki bacım, iki qardaşım, məndən sonra da iki qardaşım
doğulub.
İlk laylam sazla, musiqiylə çalınıb. Amma mən doğulduğum
ailədə böyüməmişəm. Ata nənəm mənə öz adını verib.
Bakıda Dəmiryol xəstəxanasında həkim işləyən bibim
Hökümənin övladı olmadığına görə 4-5 yaşım olanda
nənəmin məsləhəti ilə məni bibimə övladlığa veriblər.
Ona görə də sənədlərimdə öz atamın adı əvəzinə, bibimin
ərinin adı "Mələkxanım Yadigar qızı" yazılıb.
- Məktəb illərində musiqi ilə məşğul olmusunuz?
- Əlbəttə. Musiqi məktəbinin beşillik qarmon sinfini
bitirmişəm. İndi də ailə məclislərində qarmonumu
dilləndirirəm.
- Tələbəlik illəriniz barədə.
- Sabunçuda yaşayırdıq. Oradakı 155 nömrəli orta məktəbi
bitirib Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil
oldum. O vaxt rektorumuz Aslan Aslanov idi. Aslan
müəllim özü həm də gözəl şair idi. Korifey sənətkarımız
Rəşid Behbudovun oxuduğu məşhur "Lalələr" mahnısının da
müəllifi Aslan Aslanovdu.
İnstituta daxil olan ili "İrs" folklor ansamblına üzv
oldum. İlk tamaşaçı məhəbbətini mən bu ansamblda
oxuyanda qazandım. "İrs" sənət taleyimdə məni ucalıqlara
qaldıran bir tramplin oldu. Ekrana çıxırdım, xarici
ölkələrə qastrola gedirdim.
O illərdə çox mötəbər bir təşkilat idi "Vətən" cəmiyyəti.
Sədri də dəyərli ziyalımız Elçin Əfəndiyev idi. İlk
qastrol səfərim "İrs" ansamblı ilə İtaliyaya oldu. Bu
səfərimiz "Vətən" cəmiyyətinin xətti ilə həyata keçdi. O
vaxt icazə vermirdilər ki, tələbə dərsdən yayınsın,
işləsin. Müstəsna hal kimi mənə bu barədə bir irad
tutmurdular. Milli paltar geyinib efirə çıxırdım, qədim
xalq mahnıları oxuyurdum. Məsələn: "Cığey, cığey", "Almağa
gəlin". Rəhbərimiz Rəşid Nəsiboğlu unudulmaqda olan
folklor mahnılarını toplayır, qədim geyimlərimizi, qədim
musiqi alətlərimizi "İrs"ə gətirib onlara yeni həyat
verirdi.
- Sizin səsiniz demək olar ki, bütün janrlarda eyni
ustalıqla işləyir.
- Bəlkə də bu Allah vergisidi. Səs, ümumiyyətlə, bizim
ailədə, hətta deyərdim ki, nəsildə qannan, gennən gələn
bir şeydi... Atam aşıq Məzahir, qardaşım Əlyaqub bizim
tərəflərin tanınmış oxuyanı olublar. Əlyaqubun balaları
Ramal, Vüsal, Valeh, Məleykə bacımın oğlu Mirkamil,
maşallah,səhnədə bu gün xalq tərəfindən dinlənilir,
sevilirlər. Əlbəttə, bir böyük kimi mən də onlardan
qayğımı, dəstəyimi əsirgəməmişəm. Çalışmışam
püxtələşsinlər, yarımçıq olmasınlar.
- Sizin səhnə görünüşünüz heç dəyişilmədi, həmişə milli,
həm də milli olduğu qədər də müasir, sizə yaraşan
geyimlərdə çıxırsınız səhnəyə...
- "İrs"də oxuyanda mənə "balaca, göygöz qız" deyirdilər.
Gənc idim, zərif görünüşüm vardı. Milli geyimlər mənə
çox yaraşırdı. Artıq 32 ildir ki, səhnədəyəm. Hərdən
zarafatla deyirlər ki, maşallah, cavan qalmısan... Mən
həmişə özümə, danışığıma, geyimimə, görünüşümə ciddi
nəzarət etmişəm.
- Sizə çoxuşaqlı ana demək olar da...
- Əlbəttə. Mənim dörd övladım var. Böyük qızım ailəlidir,
artıq nəvəm də var. Oğlum Cəfər xarici ölkədə oxuyub
gəlib, indi də Azərbaycan Dövlət İqtisad Universitetində
təhsil alır, ikinci qızım on biri bitirib, bu il
Rəssamlıq Akademiyasına daxil olmaq arzusundadır.
Sonbeşiyimiz Nicatın 8 yaşı var.
- Ailə həyatı heç vaxt oxumağınıza mane olmayıb ki?
- Əsla. Bu yolda yoldaşım Xosrov həmişə mənə dayaq olub.
Anam da (yəni bibim) çox dadıma yetib, uşaqlarıma
nənəlik edib, onları böyüdüb. Bir də ki, evdə həmişə
köməkçim olub. Qastrollara gedəndə də evdən arxayın
ediblər məni.
- Muğamlarımız sizin ifanızda özünəməxsus səslənir.
- Mənim ustadım Qulu Əsgərov olub. Eyni zamanda
dəsgahları, muğamları uzun illərdir ki, həm də Canəli
Əkbərovdan öyrənirəm. Bu gün də bir çətinliyim olanda
Canəli müəllimlə məsləhətləşirəm.
Qulu Əsgərov ustad sənətkardı. Özü bütün mahnılarının
hamısını mənə öyrədər, həmişə də deyərdi ki, sən
gələcəkdə çox böyük, çox gözəl sənətkar olacaqsan.
- Gözəl ifada ilk şərt nədir?
- Ritm. Ritmi zəif olan sənətçinin nə boyda səsi olsa
da, o səsi tamaşaçıya təqdim edə bilməyəcək. Mən
oxuduğum bütün dəsgahların rəngini dəfdə özüm çalıram.
Müğənni gərək oxuduğu dəsgahın rəngini bilsin, bu, özü
bir ustalıqdır. İfaçıda çox yüksək diksiya olmalıdır,
sözlər düzgün tələffüz olunmalı, misralar təmiz
oxunmalıdır. Üstəlik də səhnə mədəniyyəti, səhnə
görünüşü, professionallıq ifaçının səsinin müşayiətçisi
olmalıdır. Tamaşaçını elə cəlb eləmək lazımdır ki, hətta
xəstə olsan belə, o, bunu hiss etməsin.
Keçən ilin sonlarında mən muğam konserti verdim. O
ərəfədə xəstələnmişdim. O lentə baxan heç vaxt hiss
etməz ki, o səhnədəki mən xəstəyəm. O konsertdən sonra
düz 2 ay səsim batdı. Hətta danışmaq səsim də. Amma o
konsertdə "Rast" kimi muğamı hətta ikinci dəfə oxudum.
Bilirsiniz də, yeddi əsas muğamımız var. Bu muğamların
hamısını oxuya bilmək üçün əsas nə lazımdır? Səs,
diksiya, ritmika, şaqraq zəngulə, yanğı, səs diapazonu...
Yaradanıma şükür edirəm ki, verdiyi səsim bütün
muğamlara yatır, hansı muğamı oxusam, elə bilirəm, mənim
səsimə biçilib. "Bayatı-Şiraz"ı çox sevirəm. Oxumağı da,
dinləməyi də. "Bayatı-Şiraz"ı muğamlarımızın gəlini
adlandırırlar.
- Sənətkar və xalq...
- Sənətkar gərək sənətinə dəxli olmayan cılız şeyləri
səhnə ilə, xalqla bölüşməsin. Xalqa musiqi, səs lazımdı...
Sənətçi səhnəyə çıxıb ağlayıb-sıtqamamalıdı. Hamının
dərdi də var, problemi də, həyatdı da... Hər şey ola
bilir. Xalq bizə əlçatmaz kimi baxır, xalq bizə qulaq
asır ki, zövq alsın, xalq bizə qiymət verir, hörmət
bəsləyir. Sənətçi özünü xalqın gözündən salmamalı,
sənətini el gözündə adiləşdirməməlidir...
- Əməkdar artist, sonra xalq artisti və tanınmış
pedaqoq. Çətin deyil ki...
- 1998-ci ildə əməkdar artist, 2000-ci ildə də xalq
artisti adına layiq görüldüm. Heydər Əliyev Fondunun
mükafatçısıyam. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin muğam üzrə professoruyam.
1998-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Əvvəlcə
Uşaq Gimnaziyasında dərs deyirdim. Mərhum
sənətkarlarımız Şövkət Ələkbərova da, Tükəzban
İsmayılova da orada dərs deyiblər. Ancaq mənim
yaşıdlarımdan müəllimlik edən ilk qadın mən oldum.
Bəziləri məni o vaxt qınayırdılar ki, nəyinə lazım dərs
demək, özünü əziyyətə salırsan? Deyirdim, bizi
öyrədiblər, biz də öyrətməliyik. Bir də ki, ömrümün
axırına kimi səhnədə olmayacam ki... mən də bir tələbə
yetirməliyəm, ya yox?
Mən dosent olandan sonra bir vaxt məni qınayanlar üz
tutdular pedaqoji fəaliyyətə...
Müəllim gərək nəyinsə xatirinə dərs deməsin, əsl müəllim
bildiyi yaxşı nə varsa tələbəsinə öyrətməlidir.
- Muğamları, dəsgahları sevdirməyin bir sirri varmı?
- Dəsgah oxuyanda vacibdi ki, sanballı bir söz oxuyasan.
Mən qəzəl seçərkən Füzuliyə, Seyid Əzimə, Sabirə, Vaqifə,
Əliağa Vahidə müraciət edir, elə qəzəllər seçirəm ki,
həm sadə olsun, həm işlənməmiş olsun, həm də xalq
dinləsin. Əsas odur ki, xalq bəyənsin.
Son illər respublikamızda muğamın inkişafına çox böyük
dövlət qayğısı göstərilir. İndiki cavan nəslə o qalır ki,
özləri öz üzərində çalışsın. Dövlət istedadı olana hər
şərait yaradır. Mən özüm "Muğam sənətinin inkişafına
dövlət qayğısı" adlanan bir neçə metodik vəsaitin
müəllifiyəm.
- Qastrol səfərləriniz çox olub?
- Amerika, Avstriya, Avstraliya, İtaliya, Türkiyə,
Almaniya, Hollandiya, Belçika, İngiltərə, İçves, Cənubi
Koreya, İran, İraq, Rusiyanın bir çox şəhərləri...
həmişə də ölkədən çıxmamış Bakı üçün darıxıram,
qəribsəyirəm. Vətənim üçün, ailəm üçün...
- Ən yaxın dostunuz?
- Təbii ki, ən yaxınım ailəm, həyat yoldaşımdı. Özü
polis olsa da, həyat yoldaşım Xosrov mənim sənətdə uğur
qazanmağımda ən böyük dəstəyim olub. Ən yaxın rəfiqəm
isə jurnalist-pedaqoq Rəbiyyə Zərdabidi - Həsən bəy
Zərdabinin nəticələrindəndi...
- Sizdən ilk müsahibəmi 17 il əvvəl Gəncədə
götürmüşdüm. Bu, ikinci oldu. Arzu edirəm, bir 17 il
sonra da üçüncü müsahibənizi hazırlayım.
- Amin. Mən "Azərbaycan müəllimi"nin kollektivinə və
oxucularına da uğurlar, sakit səma arzu edirəm.
Qulağınız həmişə gözəl musiqilər eşitsin.
Müsahibəni yazdı: Ellada UMUDLU |