Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Bacarıqlı müəllim,  zəhmətkeş alim

 

Məmmədlə uzun illərdir bir yerdə işləyirəm. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialının ikinci ilinin məzunlarındandır. Atası - şair, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hüseyn Razi ilə möhkəm dost olmuşam. O zamandan Məmmədi tanımışam. Dünyada müxtəlif sənət, peşə, vəzifə sahibləri var. Bu insanların hamısı üçün bir şey eynidir. Onların hamısı çalışmaq, işləmək, yaratmaq, qurmaq qabiliyyətinə malikdir. Elə insanları birləşdirən də məhz budur. Dünyada normal yaranmış elə bir insan yoxdur ki, işləməyə, əməyə meyilli olmasın.

Yunan dramaturqu Sofokl yazır: "Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur". Əsas məsələ bundan necə istifadə etməkdə, bu gücü nəyə sərf etməkdə, nəyə yönəltməkdədir. Öz gücünü düzgün qiymətləndirməyi bacaran və ondan düzgün istifadə edən insan həmişə uğur qazanır. Bunun üçün o gərək heç bir çətinlikdən qorxmasın, öz işini sevsin.

Alman filosofu Feyerbax yazırdı: "İnsanın əsl sifəti işdə özünü göstərir".

Rus yazıçısı A.Çexovun fikrincə, bizim hər birimizdə hədsiz miqdarda vint, çarx və klapan var ki, ilk və bir neçə görüşdə birimizin digər birimiz haqqında düzgün mühakimə yürütməsinə imkan vermir. İnsanı tanımaq, onun haqqında səhih mühakiməyə malik olmaq üçün: 1) onu sevməyi, özünü onun yerinə qoymağı bacarmalısan, 2) onun nələr haqqında düşündüyünü, həyəcanlarını, xoşbəxtliyinin sirlərini özündə gizlədən daxili aləmini öyrənməlisən, 3) gündəlik qayğıları, fəaliyyəti ilə dərindən maraqlanmalı, onları bilməyə çalışmalısan, 4) onun bütün xarakterini, xasiyyətini, maraqlarını açmaq üçün onunla qarşılıqlı və səmimi ünsiyyət yaratmalısan, 5) insanı daha dərindən tanımaq üçün onda olan keyfiyyətlərin, xasiyyətlərin heç olmasa bir neçəsi səndə olmalıdır.  

Bu baxımdan Məmməd elmi, oxumaq həvəsi, çalışqanlığı, insanlarla mehriban rəftarı ilə həmişə diqqətimi cəlb edib. Sonralar gənc olmasına baxmayaraq onunla dost olmuşam.

Yüksək insani keyfiyyətləri ilə yanaşı, gözəl alimdir. Tədqiqatları fəlsəfənin müxtəlif problemlərinə həsr edilib. Fəlsəfənin çoxsahəli problemləri ilə yanaşı, əsasən, şəxsiyyət məsələsinin tədqiqi ilə məşğuldur.

Fəlsəfə insan və dünyanı, dünyada isə insanı öyrənir. Vaxtilə ekzistensialist fəlsəfənin görkəmli nümayəndəsi Yaspers yazırdı: "Fəlsəfə elə üsuldur ki, insan onun vasitəsilə dünyanın və özünün varlığını dərk edir, bu şüurdan çıxış edərək ümumiyyətlə yaşayır. Ona görə də fəlsəfə insanın özü qədər qədimdir". Məmmədin tədqiqat obyekti olan şəxsiyyət problemi fəlsəfi fikrin bütün tarixi boyu mütəfəkkirlərin diqqət mərkəzində duran mövzulardandır. Bununla belə cəmiyyətimizin yaşadığı müasir dövrdə onun tədqiqinin aktuallığı birə on qat artır. Əvvəla ona görə ki, müasir insanşünaslıq elminin və fəlsəfi idrakın nailiyyətləri şəxsiyyəti daha dərindən öyrənməyə, onun əvvəllərdə o qədər də əhəmiyyət verilməyən yeni-yeni cəhətlərini aşkara çıxarmağa imkan verir. Digər tərəfdən totalitar rejimdən açıq, demokratik cəmiyyətə keçid mərhələsinin reallıqları şəxsiyyətin sosial statusunda, cəmiyyətin müxtəlif fəaliyyət sahələrindəki rolunda və yerinə yetirdiyi funksiyalarda çox ciddi irəliləyişlər yaradır ki, onları təhlil edib ümumiləşdirmək sosial fəlsəfənin qarşısında duran ən mühüm vəzifələrdəndir.

Sosial fəlsəfədə hökmranlıq etmiş marksist fəlsəfənin başqa problemlərdə olduğu kimi, şəxsiyyətin hərtərəfli öyrənilməsində yaratdığı çətinliklər indi aradan qaldırılmışdır ki, bu amil də sözügedən problemə yeni tərzdə yanaşmağı mümkün və zəruri edir. Bu baxımdan M.Rzayevin tədqiqatlarında yalnız elmi mötəbərlik və tolerantlıq prinsipinə əsaslanan metodologiya şəxsiyyətin müasir cəmiyətdə rolunun artmasını şərtləndirən obyektiv və subyektiv amillər kompleksini dərindən araşdırmağa və onun mexanizmini açmağa şərait yaradır. Müasir fəlsəfi, sosioloji və psixoloji ədəbiyyatda vahid şəxsiyyət konsepsiyasının olmaması bu yönümdə nəzəri araşdırmaların davam etdirilməsinə kəskin ehtiyac olduğunu sübut edir. Müasir  şəxsiyyətin kompleks sosial fəlsəfi təhlili həm də mühüm praktiki əhəmiyyətə malikdir. Hazırda ölkəmizdə açıq cəmiyyətin əsaslarının yaradılmasına yönələn vəzifələrin uğurlu həlli, hər bir şəxsiyyətin bu proseslərə fəal cəlb olunması və onun yaradıcılıq potensialından dolğun istifadə edilməsindən çox asılıdır.

Bütün bu məsələlər isə 29 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 208 saylı əmrinə əsasən Bakı Dövlət Universiteti nəzdində təşkil edilmiş fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyanın müdafiəsini keçirən Dissertasiya Şurasının iclasında Məmməd Hüseyn oğlu Rzayevin sosial fəlsəfə ixtisası üzrə "Keçid dövrü şəxsiyyətinin sosial-fəlsəfi təhlili" mövzusunda yazdığı dissertasiyanın müdafiəsi zamanı geniş müzakirə obyektinə çevrilmiş, Məmməd doktorluq dissertasiyası müdafiə etmişdi.

Bir haşiyə: Məmməd Hüseyn oğlu Rzayev 1952-ci ildə Naxçıvanda anadan olmuşdur. 1972-ci ildə Naxçıvan Dövlət Universitetini bitirmişdir. 1974-cü ildən Naxçıvan Dövlət Universitetində işləyir. 1984-cü ildən fəlsəfə elmləri namizədi, dosentdir. 1997-ci ildən Naxçıvan Dövlət Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışır. Bir fəlsəfə mütəxəssisi kimi respublikamızın filosofları arasında özünəməxsus yeri var. Yeni Azərbaycan Partiyasının üzvü kimi çoxsahəli ictimai-siyasi fəaliyyətlə məşğuldur. "Fəlsəfədə şəxsiyyət problemi", "Şəxsiyyətin fəlsəfəsi", "Müasir fəlsəfədə şəxsiyyət", "Şəxsiyyət və dəyərlər", "Şəxsiyyət və zaman", "Müasir şəxsiyyət: azadlıq və məsuliyyət", "Müasir şəxsiyyət", "Azadlıq və milli şüur", "Qərb ölkələrinin fəlsəfə tarixi", "Fəlsəfədə dəyər kateqoriyası" kitablarının, yüzlərlə elmi məqalənin müəllifidir. Moskva, İstanbul, Bişkək, Daşkənd, Tehran, Qars, Sakarya, Van şəhərlərində keçirilən beynəlxalq elmi simpoziumların iştirakçısıdır. Ümumiyyətlə, 20 kitabı, 200-dən artıq elmi məqaləsi çap olunub.  Üç övladı, üç nəvəsi vardır.

Yadımdadır, müdafiə zamanı Bakı Dövlət Universitetinin auditoriyasında özünəməxsus sərbəstlik və təmkinlə doktorluq dissertasiyasının məzmunu, məqsəd və vəzifələri, aktuallığı, elmi və praktik əhəmiyyəti barədə məlumat verən Məmməd müəllim uzun illər məşğul olduğu problemin əsas müddəalarını müdafiə şurasının üzvləri qarşısında şərh edir, özünün fikir və mülahizələrini konkret misallarla əsaslandırmağa çalışırdı. İddiaçıya şura üzvlərinin ünvanladıqları suallara onun dəqiq, düşünülmüş elmi və hərtərəfli cavabları adamın ürəyini qürur hissi ilə doldurur, müdafiədə iştirak edənlərdə belə bir qənaət hasil olurdu ki, Məmməd müəllim bu sınaqdan da böyük uğurla çıxacaqdır.

Məmməd müəllimin müdafiə etdiyi doktorluq dissertasiyası və onun avtoreferatına Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor V.H.Əliyev, Azərbaycan MEA-nın Fəlsəfə və Siyasi-Tədqiqatlar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru L.C.Mövsümova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor A.H.Naxçıvanlı, Qars Kafkaz Universiteti Kafkasya və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri, professor-doktor H.Necefoğlu və Türkiyənin Van Yüzüncü il Universitetindən professor-doktor Ali Fuad Doğudan rəylər gəlmişdi. Rəylər müsbət olmaqla yanaşı, həm də Məmməd müəllimin kamil bir şəxsiyyət olması, yüksək səviyyəli bir tədqiqat işini müdafiəyə təqdim etməsini təsdiqləyirdi.

Dissertasiya işinin rəsmi opponentləri - fəlsəfə elmləri doktorları, professor A.M.Şükürov, professor Ş.A.Qurbanlı və professor İ.B.Cəfərzadənin, aparıcı təşkilat - Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının rəylərində işin aktual bir problemə həsr edilməsi, onun şəxsiyyət probleminə dair mövcud sosial-fəlsəfi təsəvvürləri xeyli dərəcədə dəqiqləşdirməsi və dərinləşdirməsi qeyd olunur və göstərilirdi ki, bu iş birinci növbədə, fərd, fərdiyyət və şəxsiyyət anlayışlarının qarşılıqlı münasibətinin müasir dövrün reallıqlarını nəzərə almaqla mənalandırmasına, keçid dövr şəxsiyyətinin yeni tarixi tip kimi seçilib götürülməsi və kompleks təhlil edilməsinə aiddir. Sözügedən elmi nəticələr insanı və şəxsiyyəti öyrənən konkret elmlər: sosiologiya, psixologiya, sosial psixologiya, politologiya, kulturologiya üçün də metodoloji əhəmiyyət kəsb edir.

Dissertasiyanın müzakirəsində çıxış edən fəlsəfə elmləri doktorları - professor İzzət Rüstəmov, professor Əbülhəsən Abbasov, professor Zeynəddin Hacıyev, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, professor Marif Əkbərov işi müsbət qiymətləndirdilər. Azərbaycan MEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun çıxışı xüsusilə diqqətimi cəlb etdi: "Həmişə dissertasiya, xüsusilə doktorluq dissertasiyaları müzakirə olunanda insanda bir gözləmə məqamı olur. Düşünürsən ki, görəsən mən bu dissertasiyadan nə götürəcəyəm. Müəllif bu ada layiqdirmi? Hansı yeniliklər var? Bu zaman nəticə müsbət olduqda insan sevinir və qürurlanır. Mən bu gün həqiqətən məmnunluq hissi keçirirəm. Bugünkü dissertasiya şurasının iclasında doktorantın və müzakirə olunan dissertasiyanın üstün cəhətləri çoxdur. Əvvəla belə bir mövzunu götürüb tədqiq etmək böyük cəsarət tələb edir. İddiaçı  özündə belə bir cəsarət tapa bilib. Mövzu problem səviyyəsində qoyulub və bu səviyyədə də araşdırılıb. Müəllif mövcud olan tədqiqatları sadəcə gözdən keçirməyib, həcm naminə cümlələr yığmaq fikri olmayıb, problemləri dövrə uyğun işləyib, əvvəldən axıra qədər öz təhlillərində çalışıb ki, elmi metodologiyaya riayət etsin. Əsər orijinal yazılıb. Məmməd Rzayev öz tədqiqatında həqiqətən çox müdrik mövqe tutub, bu həm də fəlsəfi konsepsiyanın mötədilliyindən irəli gəlir.

Mən onu, eləcə də fəlsəfə elminin nümayəndələrini təbrik edirəm ki, layiqli bir elmlər doktoru qazanır. Bu həm də işin elmi məsləhətçisi, fəlsəfə elmləri doktoru, professor Həmid İmanovun böyük uğurudur".

Roma yazıçısı Apuley deyirdi ki, insana onun harada doğulması, hansı xasiyyətdə olması, hansı torpaqdan olmasına görə yox, həyatını hansı prinsiplər əsasında qurduğuna əsaslanıb qiymət vermək lazımdır.

Bu mənada Məmməd müəllim vətəninə sədaqətli, torpağını sevən, öz doğma   universitetinin  inkişafı yolunda əlindən gələni edən bir şəxsiyyətdir.

Məmməd müəllim ata yurdunun gərəkli davamçısı olan ləyaqətli övlad, yaxşı valideyn, Azərbaycan ziyalılığının mühüm keyfiyyətlərini özündə cəmləşdirən, millətini, xalqını dərin məhəbbətlə sevən əsl vətəndaşdır. Şəxsiyyətdən yazan, onun ən müsbət keyfiyyətlərini özündə cəmləşdirən və tələbələrini də nümunəvi şəxsiyyət kimi yetişdirməyə çalışan Məmməd müəllim uca şəxsiyyət, ləyaqətli pedaqoqdur.

Deyl Karnelqı yazır ki, "Yer üzündə başqa bir insan yoxdur ki, sənin kimi olsun". Yəni dünyadakı insanların hər biri özünəməxsus xarakterə, dünyagörüşünə malikdir. Təsadüfi olaraq deyilmir ki, hərənin öz aləmi var.

Məmməd müəllimin də aləmində düzlük, dürüstlük, xeyirxahlıq, zəhmətə qatlaşmaq əsas fəaliyyət amilləridir.

Bir dəfə Bakı Dövlət Universitetində fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovla rastlaşdım.  Məmmədi soruşdu. Dedi ki, Məmməd artıq kamil filosof kimi formalaşıb. Onun əsərlərində şəxsiyyət probleminin qoyuluşu özünəməxsus təhlil xüsusiyyətlərinə malikdir. Məmmədin Naxçıvanda apardığı tədqiqatlar bizi çox sevindirir. Hiss olunur ki, Naxçıvan Muxtar Respublikasında elmə və təhsilə yüksək dövlət qayğısı var.

Söhbətə qoşulan həmyerlimiz, fəlsəfə elmləri doktoru, professor Fərrux Ramazanov isə dedi ki, mən Məmmədi çoxdan tanıyıram. İşgüzarlığına və zəhmətkeşliyinə bələdəm. Onunla söhbətdə nitqi və söhbətləri hər şeyi deyir. O layiqli filosofdur.

Hər bir insan həyatda özünə müəyyən mövqe tutana, həqiqəti dərk edənə, aydın bir fikrə, qənaətə gəlincəyə qədər müxtəlif problemlərlə üzləşir. Körpəlik, uşaqlıq, gənclik, cavanlıq, yetkinlik, qocalıq dövrləri keçirir. Bunlar insanın həyat yolunun pillələridir. Bu pillələrlə insan qalxır, yüksəlir, kişiləşir. Bu pillələr insanın qabiliyyətini, daxili aləmini, əxlaq və mənəviyyatını nümayiş etdirir. Özünün kimliyini dərk edə bilən insan yaşa dolduqca qəlbi ilə, ürəyi ilə hərəkət edir, gerçəkliyə, faktlara, dəlillərə əsaslanaraq mühiti daha düzgün anlamağa, dərk etməyə çalışır.

İnsan üçün həyatdan, təcrübədən, sınaqdan böyük, təsirli, səmərəli, xeyirli məktəb ola bilməz. Məhz uzun illərin təcrübəsi onu əsl müəllim kimi formalaşdırıb. Hamı onun auditoriyada necə həvəslə mühazirə oxuduğunun şahididir. Məmməd gözəl müəllim, əsl pedaqoqdur. Onun müəllimliyində tələbkarlıqla qayğı üzvi bağlılıq təşkil edir. Dərsdə çox ciddi, tələbkar görünən Məmməd müəllim tələbələri ilə dostluq etməyi bacarır. Onlara dəyərli məsləhətlər verir, elm və həyat yollarında onların əsl qayğıkeşi, yolgöstərəni olur.  Təsadüfi deyil ki, ölkə başçısı onu "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı ilə təltif edib.

Bu günlərdə Məmmədlə görüşəndə yenicə çapdan çıxmış kitabını mənə bağışladı. Kitab "Müasir şəxsiyyət haqqında düşüncələr" adlanırdı. Bu məni çox sevindirdi. Məmməd müəllimin ikinci uğuru haqqında eşitdiyim xəbər mənim sevincimi daha da artırdı. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə M.H.Rzayevə professor elmi adı verilmişdir.

Görkəmli yazıçı V.Hüqo yazır: "Gələcək iki tip insana məxsusdur: fikir adamına və əmək adamına". Mahiyyətcə bunlar eyni şeydir, düşünmək elə özü işləmək deməkdir. Əmək insanın həyatıdır, həyatın dönməz qanunudur, insanın özünün özünə verdiyi qiymətidir. İnsanın hər bir nailiyyəti, uğuru yalnız əməklə, zəhmətlə bağlıdır.

Bu günlərdə Məmməd  müəllimin 60 yaşı tamam olub. O gözəl arzularla yaşayır. Əminəm ki, biz həmişə onun yeni-yeni tədqiqat əsərləri ilə tanış olacaq, onun gur səsini auditoriyalardan eşidəcəyik. Mən öz alim dostuma gələcək işlərində böyük uğurlar arzulayır, onu elmin ən uca zirvələrində görmək istəyirəm!

60  yaşın mübarək, əziz dostum! 

Yavuz AXUNDLU,
Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru, Prezident təqaüdçüsü

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov