Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birlikdə
müəllim hazırlığı kursları vasitəsilə inklüziv təhsil
komponentinin davamlılığının təmin edilməsi
layihəsinin yekunlarına həsr olunmuş "Müəllim
hazırlığında inklüziv təhsilin problemləri və
perspektivləri" mövzusunda konfrans keçirdi.Tədbirdə
Təhsil Nazirliyinin, MTTYM-in, Böyük Britaniyanın
Aberdeen Universitetinin nümayəndələri və digər qonaqlar
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə ADPU-nun prorektoru, professor
Malik Cəbrayılov açaraq qonaqları təqdim etdi və
konfrans haqqında qısa məlumat verdi.
ADPU-nun pedaqogika və psixologiya fakültəsinin dekanı,
dosent Şəhla Əliyeva layihə ilə bağlı məruzə etdi.
Bildirdi ki, layihənin əsas məqsədi ADPU-nun bakalavr
pilləsi üçün hazırlanan kurs vasitəsilə milli
məktəbəqədər təhsil sistemində inklüziv təhsil
komponentinin inkişaf etdirilməsi və təcrübədə sınaqdan
keçirilməsindən ibarətdir.
Azərbaycan dövləti tərəfindən müəllim hazırlığı və
müəllimlərin davamlı inkişafı siyasəti istiqamətində
aparılan islahatlara dəstək olaraq Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi Azərbaycan Respublikası Təhsil
Nazirliyi və ADPU ilə birlikdə 2010-2012-ci tədris
illərində "Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan
uşaqlar: müəllim hazırlığı sistemində inklüziv təhsilin
inkişafı" adlı sınaq layihəsini həyata keçirmişdir. Bu
layihə çərçivəsində mühazirə və seminar məşğələləri
pedaqogika və psixologiya fakültəsinin məktəbəqədər
təlim və tərbiyə, korreksiyaedici təlim, təhsildə
sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan
tələbələrə keçirilmişdir.
MTTYM və ADPU arasında imzalanan razılaşma memorandumuna
əsasən "Müəllim hazırlığı sistemi üçün inklüziv təhsil"
kursunun hazırlanması məqsədi ilə işçi qrupu
yaradılmışdır. İşçi qrupuna daxil olan mütəxəssislər
əsasən ADPU-nun pedaqogika və psixologiya fakültəsinin
müvafiq ixtisasları üzrə dərs deyən müəllimlər və
MTTYM-in beynəlxalq dərəcəli mütəxəssislərindən
ibarətdir.
Şəhla Əliyeva layihə çərçivəsində həyata keçirilmiş
işləri də tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Şərafət
Şirinli, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin
icraçı direktoru Ülviyyə Mikayılova, Böyük Britaniyanın
Aberdeen Universitetinin professoru, layihənin
beynəlxalq eksperti Jane Mott və başqaları da çıxış
etdilər.
Şakir CƏFƏROV |