Dünya
yaranandan nəsillərin tərbiyəsi kimi vacib və şərəfli
missiya yerinə yetirən müəllimlər, onların dəyərli əməyi
haqqında çox sözlər deyilib. Amma müəllimə ən böyük
qiyməti bu günlər anadan olmasının 89-cu ildönümünü
böyük sayğı və ehtiramla qeyd etdiyimiz müasir
Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər
Əliyev verib. Bu böyük şəxsiyyət həyatını müəllimliyə
həsr edən insanları həqiqətən fədakar, xalqına,
millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən
insanlar kimi dəyərləndirib.
O, müəllimlərin ölkə, dövlət, cəmiyyət qarşısındakı
böyük məsuliyyətini çox yaxşı bildiyi üçün özünün zəngin
dövlətçilik, liderlik təcrübəsindən çıxış edərək biz
müəllimlərə gənc nəslin tərbiyəsi işində hər zaman mayak
olan dəyərli tövsiyələr vermiş, yollar göstərmişdir.
Həmin tövsiyə və göstərişlər bu gün gənc nəslin
tərbiyəsi işində böyük aktuallıq kəsb edir və yerinə
yetirilməsi hər bir müəllim üçün şərəf işidir.
Ulu öndərin biz müəllimlərə ünvanlanmış tövsiyələrindən
biri uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi ilə
bağlıdır. Ümummilli liderimiz biz tərbiyəçilərin
qarşısında bir vəzifə olaraq qoyurdu ki, uşaqlarımız
məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən
istifadə edərək milli zəmin üzərində, milli
adət-ənənələr ruhunda tərbiyə olunmalıdır.
Hər bir müəllim və tərbiyəçiyə çox yaxşı məlumdur ki,
vətənpərvərlik tərbiyəsinin ən təsirli vasitələrindən
biri böyüməkdə olan nəsillərin ölkənin tarixi, milli
mədəniyyəti, adət-ənənələri, qəhrəmanlıq salnaməsi ilə
yaxından tanış edilməsidir. Xalqımızın qədimliyini,
mədəniyyətini, dünya miqyasında böyük şöhrətə malik
olduğunu uşaqlara nə qədər dərindən çatdıra bilsək, bir
o qədər onlarda vətənpərvərlik hissini yüksəltmiş
olarıq.
Vətənpərvərlik tərbiyəsinin digər bir təsirli vasitəsi
də xalqımızın dahi şəxsiyyətlərinin həyat və fəaliyyəti
ilə məktəblilərin, bağça uşaqlarının tanış edilməsidir.
Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin həyat yolu,
çoxcəhətli fəaliyyəti, xalqının azadlığı yolunda
göstərdiyi qəhrəmanlıqlar, dövlətçiliyimizin
möhkəmləndirilməsindəki misilsiz xidmətləri, hər bir
insanın həsəd apara biləcəyi yüksək insani keyfiyyətləri
böyük tərbiyə məktəbidir.
Rəhbəri olduğum Bakının Xətai rayonundakı 240 nömrəli
körpələr evi-uşaq bağçasında uşaqların vətənpərvərlik
tərbiyəsində qeyd olunan hər iki vasitədən geniş
istifadə edirəm. İlk növbədə, uşaqlara vətənimizi
dərindən tanıtdırmaq istiqamətində bütün məşğələlərdə
məqsədyönlü işlər aparılır, tədbirlər keçirilir. Bu
yollarla uşaqlara çatdırırıq ki, Azərbaycan qədim
tarixə, yüksək mədəniyyətə malik ölkədir. Xalqımızın
tarixində neçə-neçə görkəmli şəxsiyyətlər olub. Uzaq
keçmişimizdən adları bizə gəlib çatmış Dədə Qorqud,
Cavanşır, Babək, Nizami, Nəsimi, Füzuli, Koroğlu və b.
kimi müdriklərimiz, sərkərdələrimiz, sənətkarlarımızla
haqlı olaraq fəxr edirik və etməliyik. Lakin yaradan
20-ci əsrdə xalqımıza elə böyük bir şəxsiyyət bəxş edib
ki, onun tariximizdə tayı-bərabəri yoxdur. Bu, müasir
dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri,
ötən əsrin son qərinəsindən başlayaraq 30 ildən çox bir
dövr ərzində ölkəmizi, xalqımızı tərəqqi yolu ilə
apararaq sürətli inkişafa çatdırmış, müstəqil
Azərbaycanımızın memarı və yaradıcısı Heydər Əliyevdir.
Bağçamızda uşaqların ulu öndərin şəxsiyyəti nümunəsində
tərbiyəsi, onun zəngin irsinin balacalara çatdırılması
üçün olduqca müxtəlif yollardan istifadə olunur. Ulu
öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar
bağçada silsilə tədbirlər hazırlayıb və həyata
keçirmişik. Hər bir tərbiyəçi öz qrup uşaqlarının yaş
xüsusiyyətlərini nəzərə alaraq gündəlik iş planlarında
Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mövzular
müəyyənləşdiriblər. Bu mövzulara uyğun olaraq həm
məşğələlərdə, həm də məşğələlərdənkənar fəaliyyət zamanı
ulu öndər haqqında uşaqlara geniş məlumat verirlər.
"Ümid çırağımız", "Heydər baba", "Uşaqların sevimlisi"
və s. mövzularda keçirilən məşğələlər uşaqlarda ulu
öndərə məhəbbət və hörmət hissi yaradır, onları böyük
siyasətçinin fəaliyyəti, uğrunda mübarizə apardığı
ideallarla yaxından tanış edir.
Uşaqları müntəzəm olaraq rayonumuzun ərazisindəki
"Heydər bağı"na aparır, dahi rəhbər haqqında onlarla
söhbətlər edirik. Bu böyük şəxsiyyət onların körpə
qəlblərində həmişəlik yaşayacaq. Çünki onlara bu xoşbəxt
həyatı bəxş edən o böyük insandır.
Kiçikyaşlı uşaqların vətənpərvərlik tərbiyəsində dövlət
rəmzlərinin də mühüm rolu vardır. Ulu öndər dövlət
atributlarımız haqqında çox qiymətli fikirlər
söyləmişdir. Biz yeri gəldikcə bu fikirləri uşaqların
diqqətinə çatdırır, əsas dövlət atributları olan bayraq,
gerb və himnin mənasını onlara izah edir, himnimizi ifa
etməyi öyrədirik.
Bütün bunlar təbii ki, hələ kiçik yaşlardan uşaqların
güclü vətənpərvərlik hissinə yiyələnməsinə, gələcəyin
fəal vətəndaşı kimi böyüməsinə, vətənin, torpağın
mübariz müdafiəçiləri kimi yetişməsinə müsbət təsir
göstərir.
Sədaqət RƏHİMOVA,
Bakının Xətai rayonundakı 240 nömrəli körpələr evi-uşaq
bağçasının müdiri |