Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Qərib ölkədən dost haqqında ürək sözləri

 

Hörmətli redaksiya, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqovu çoxdan tanıyıram. Bir həmkar və dost kimi  birgə fəaliyyət göstərir, müntəzəm olaraq əlaqə saxlayır, beynəlxalq tədbirlərdə iştirak edirik. Bu münasibətlərin qarşısında bircə onu bilirəm ki, İsmayıl müəllim məndən cavandır. Etiraf edim ki, İsmayıl müəllimin nə ad gününü, nə də doğum ilini bilirdim. Bu yaxınlarda İslandiyanın Reykyavik şəhərində Transavropa Elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (TERENA) Baş Assambleyasının toplantısında iştirak etmək üçün ezamiyyətə getmişəm. Adətim üzrə elektron poçtumu yoxlayarkən Facebookdan bir məlumat aldım: "24 may 2012-ci ildə İsmayıl Sadıqovun 50 yaşı tamam olur". Əvvəl inanmadım. Bir qədər sonra yaddaşımı səfərbər edib, İsmayıl müəllimlə etdiyim söhbətlərdən xatirimdə qalan məlumatların əsasında onun doğrudan da 50 yaşının tamam olmasına özümü birtəhər inandıra bildim. Düşündüm ki, İsmayıl müəllim kimi şəxsiyyəti, peşəkarlığı, istiqanlılığı, prinsipiallığı, əməksevərliyi, ünsiyyətcilliyi və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan haqqında bildiklərimi və mülahizələrimi ictimaiyyətlə bölüşdürməyə dəyər. Bu münasibətlə Sizdən qərib bir ölkədə qələmə aldığım ürək sözlərimin "Azərbaycan müəllimi" qəzetində dərc olunması üçün imkan yaratmağınızı xahiş edirəm.  

İsmayıl müəllimin çoxşaxəli fəaliyyəti qibtə doğurur. Bir tərəfdən Təhsil Nazirliyinin təhsilin informasiyalaşdırılması işlərinə məsul olan şöbənin fəaliyyətini uğurla təşkil edir, digər tərəfdən elmi araşdırmalar aparır, çoxlu kitab və dərsliklər yazır, beynəlxalq tədbirlərdə və ölkənin ictimai həyatında fəal iştirak edir.

İ.Sadıqov BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirəndən bu günə kimi proqramçı peşəsinə sadiq qalmışdır. Bu illər ərzində onun hazırladığı bir sıra intellektual tutumlu proqram məhsulları hazırda ölkəmizin təhsil, nəqliyyat və rabitə sahələrində uğurla istifadə olunur.

İsmayıl müəllim informatika sahəsində çoxlu sayda kitabların, o cümlədən dərsliklərin müəllifidir. O, eyni zamanda informatika üzrə uşaq ensiklopediyasının hazırlanmasında böyük zəhmət çəkmişdir.

İ.Sadıqov digər həmkarları ilə birlikdə respublikanın orta və ali təhsil müəssisələrinin tələbə və şagirdləri arasında informatika üzrə olimpiadaların keçirilməsinin əsas təşəbbüskarlarından və təşkilatçılarından biri kimi gərgin əmək sərf edir. Bu yarışların qaliblərindən ibarət komanda hər il beynəlxalq informatika olimpiadalarında ölkəmizi təmsil edir. Bu ardıcıl və gərgin əməyin nəticəsidir ki, 2011-ci ildə Azərbaycan nümayəndəsi Tailandda keçirilən olimpiadada bürünc medal qazanmışdır. Bütün bunlarla yanaşı, İsmayıl müəllim beynəlxalq informatika olimpiadalarında müxtəlif illərdə iştirak etmiş Azərbaycan komandalarının tarixi salnaməsini, həmin olimpiadaların təşkili qaydaları və qiymətləndirmə prosedurlarını, həmçinin müxtəlif müsabiqələrdə rast gəlinən xarakterik məsələlər və onların həllinə dair metodiki tövsiyələri özündə əks etdirən bir sanballı kitabı da bu yaxınlarda ölkə ictimaiyyətinə təqdim etmişdir.

İsmayıl müəllimin informatika sahəsində milli terminologiyanın formalaşması və inkişafında xüsusi xidmətləri vardır. O, dünya səviyyəsində çox yüksək templə inkişaf edən informasiya texnologiyalarına dair yeni terminlərin dilimizə daxil edilməsi məsələlərinə yüksək məsuliyyətlə yanaşır, fasiləsiz olaraq elmi araşdırmalar aparır, açıq müzakirələr təşkil edir, başqa xalqların təcrübəsini öyrənir və nəticədə, sözlərin  ən optimalını sintez edərək milli leksikonumuzu zənginləşdirir. O, eyni zamanda türkdilli xalqların informatika, kompüter elmləri sahəsində ortaq terminlərinin yaradılması istiqamətində də yaxından iştirak edir. Bununla əlaqədar keçirilən beynəlxalq toplantılarda çox mühüm əhəmiyyət kəsb edən konseptual xarakterli məruzələr edir.

İ.Sadıqov AMEA İnformasiya Texnologiyaları İnstitutunun qarşısında duran elmi problemlərin həllində də yaxından iştirak edir. İsmayıl müəllim tərəfindən ölkəmizdə ilk dəfə orta məktəb dərsliklərinin həm ayrıca, həm də kompleks olaraq müxtəlif meyarlar üzrə avtomatik qiymətləndirilməsi, onların keyfiyyətinin dinamiki olaraq yaxşılaşdırılması və idarə olunması üçün riyazi-statistik üsullara, intellektual informasiya texnologiyalarına əsaslanan yanaşmalar və kompüter modelləri işlənmişdir. Bu problemlərin həlli ilə bağlı İsmayıl müəllim institutun seminarlarında, həmçinin beynəlxalq və respublika səviyyəli toplantılarda məruzələrlə çıxış etmiş, elmi jurnallarda məqalələr dərc etdirmişdir. O, həmçinin təhsilin informasiyalaşdırılmasının elmi-praktiki problemlərinin araşdırılması istiqamətində institut tərəfindən aparılan işlərdə yaxından iştirak edir, orta məktəb müəllimləri üçün informasiya texnologiyalarının son nailiyyətlərinə həsr olunmuş innovativ seminarlar təşkil edir. İsmayıl müəllim respublikanın regionlarında, ucqar məktəblərdə İKT üzrə müxtəlif layihələrin həyata keçirilməsində, kursların təşkil olunmasında, əhalinin maarifləndirilməsi və informasiya cəmiyyəti ideyalarının populyarlaşdırılması istiqamətində yorulmaz fəaliyyət göstərir, xüsusən, kütləvi informasiya vasitələrində çıxışlar edir.

İsmayıl müəllim həddindən artıq təvazökar və prinsipial bir həmkardır. O, həmişə ictimai marağı şəxsi maraqdan üstün tutub, bəzi hallarda, hətta onu qurban da veribdir.

İ.Sadıqov ömrünün ən müdrik çağına qədəm qoyur. Qarşıda onu neçə-neçə şərəfli və məsuliyyətli işlər gözləyir. Hələ İsmayıl müəllimin özünün şəxsi arzularını demirəm. Dəyərli insan, həmkarımız və dostumuz olan İsmayıl müəllimi 50 illiyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, gələcəkdə daha da səmərəli əmək fəaliyyəti və böyük müvəffəqiyyətlər arzulayıram. 

Rasim ƏLİQULİYEV,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov